Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İki nəfərin ölümünə səbəb olan tələbənin atası ifadə verdi: “7500 ödəyə bilərəm”

İki nəfərin ölümünə səbəb olan tələbənin atası ifadə verdi: “7500 ödəyə bilərəm”

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 19 yaşlı Arif Rəhimovun məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən gəncin atası Qalib Rəhimov söz istəyib. O deyib ki, oğlunun cəza alıb-almamasından asılı olmayaraq zərərçəkmiş tərəflərə maddi kömək etməyə hazırdır.

“Ölənlərin hər birinə Allahdan rəhmət diləyirəm. Belə olmasını heç kim istəməzdi. Qəsdlə törədilən hadisə deyil. Mən bu gün deyirəm ki, zərərçəkmiş tərəflərin ailə üzvlərinə 7500 manat ödəməyə hazıram. Yəni, imkanım buna çatır. Oğlum cəza alsa da bunu etməyə hazıram”- deyə Q.Rəhimov qeyd edib.

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Anket məlumatlarında 1998-ci il təvəllüdlü Arif Rəhimovun subay, orta təhsilli olduğu və heç bir yerdə işləmədiyi qeyd edilir.

Qəza törədən zaman Arif Rəhimov birinci kurs tələbəsi imiş. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alırmış.

Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub.

İdarəetməni itirərək avtomobili Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpıb.

Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən, həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı Arif Rəhimov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məlumata görə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən qəza törədib.

Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …