Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Kriminal / “İki balamın canı, düz deyirəm”- oxuduğu yazılardan sarsıntı keçirən qadın dindirildi

“İki balamın canı, düz deyirəm”- oxuduğu yazılardan sarsıntı keçirən qadın dindirildi

Baş redaktor növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Arzuxanım Məmmədova ifadə verib.

Zərərçəkmiş qadın “Bastainfo.com” saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub, təşviş, həyəcan keçirdiyini deyib.

Sualları cavablandıran A.Məmmədova qeyd edib ki, axşam bulvarda gəzəndə yazıları oxuyub və əsəbiləşib. İndi də əsəbi olduğunu deyən zərərçəkmiş bəzi məqamları xatırlamamsını da bununla əlaqələndirib.

“Mən bunlarla davaya gəlmişəm. Elə sözümü deməyə yer axtarırdım. Camaatın balalarını çıxarırlar ki, gəlin gedək, mitinq eləyək, nümayiş eləyək. Mən bura müsavatçılara sözümü deməyə gəlmişəm. Prokurorluğa getdim, deyim ki, yorulmuşam artıq belə şeylərdən. Qapıda oğlana dedim, o da müstəntiq Elçin müəllimlə görüşdürdü”- deyə zərərçəkmiş qeyd edib.

Prokurorluqda bir dəfə ifadə verdiyini deyən A.Məmmədova məhkəməni inandırmaq üçün iki övladının canına da and içib: “İki balamın canı, bir dəfə ifadə vermişəm. Onu da təsdiqləyirəm. Mən yalan danışmıram. Yazılardan həyəcanlandım, əsəbləşdim. Mənim iki övladım var. İstəmirəm ki, onlar da belə yazılar oxusun”.

Amma məlum olub ki, Məmmədova prokurorluqda bir neçə dəfə ifadə verib və cinayət işi materiallarında da bu qeyd edilir.

Məmmədova suallara cavabımda bildirib ki, sosial şəbəkələrdə aktiv istifadə edir və haqlı olan, haqlı olmayan statuslara, fikirlərə münasibət bildirir.

Zərərçəkmiş Məmmədova prokurorluqda təzyiqlərə məruz qalmadığını deyib.

Məhkəmə prosesi davam etdirilir.

Bu iş üzrə daha iki qadın da eyni hal üzrə zərərçəkkiş kimi tanınıblar. Hər üç qadın Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayırlar.

Onlar şikayətçi olublar ki, onun rəhbərlik etdiyi saytda gedən məqalələr onlarda narahatlıq yaradıb.

İttihamda yazılır ki, M.Hacılı rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış “Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb”, 6 iyulda isə “Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb” başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı “Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə” bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.

Elan olunmuş ittihamla Mustafa Hacılı özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəməyib.

M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Şantajçı qrupun məhkəməsi başlayır -“Antaliya” Mehman və şəriki Baxşəli hakim qarşısında

Fahişəliyə cəlb etmədə təqsirləndirilən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə ibtidai …