Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “İDEAL”dan yayılan qeyri-ideal qoxu

“İDEAL”dan yayılan qeyri-ideal qoxu

Media nümayəndələri də “İdeal”da saxta ətir satıldığından şikayətləndi
Bu günlərdə “Yeni Müsavat” qəzetində ““İdeal” da saxta ətirlər” sərlövhəli yazının dərc olunması geniş müzakirələrə səbəb oldu. Redaksiyaya daxil olan şikayətlər əsasında hazırlanan yazıda “İdeal” parfüm mağazalarında satılan ətirlərin qoxusunun qalmadığı və qiymətlərin kifayət qədər baha olduğu qeyd edilmişdi.

Dərc olunan yazının ardınca “İdeal”ın hüquqşünası İsa İsmayılov redaksiyamızla əlaqə saxlayaraq şikayətlərin əsassız olduğunu və bununla bağlı olaraq şirkətin tezliklə mətbuat konfransı keçirəcəyini bildirdi.

Oktyabrın 12-də qeyd edilən mətbuat konfransı baş tutdu. Konfransda “İdeal”şirkətinin rəhbər işçiləri, media nümayəndələri, bu sektora aid araşdırmalar edən blogerlər iştirak edirdi. Tədbirdə mağazada təqdim edilən, saxta olduğu iddia olunan ətir məhsullarının xarici brendlərdən təqdim edilən serftikatları iştirakçılara təqdim olundu.

Konfransı giriş sözü ilə şirkətin baş direktoru İlqar İsmayılov açdı. O, “İdeal”ın yaranma tarixi, onun inkişaf dövrü, hazırki fəaliyyəti və gələcək planları barədə qısaca məlumat verdi. Daha sonra kommersiya direktoru, marketinq direktor, marketinq kommunikasiyaları departamentinin rəhbəri və hüquqşünas jusnalistlərin və blogerlərin suallarını cavablandırdı.

“İdeal” şirkətinin müştərisi olan bir neçə media nümayəndələri də son zamanlar aldıqları ətirlərin saxta olması ilə bağlı şikayətləndilər. Bununla bağlı sosial şəbəklərdə xeyli müzakirələr aparıldığını, baha satılan ətirlər barədə çoxlu sayda şərhlər olduğu bildirildi.
O cümlədən media nümayəndələrindən biri şirkətin rəhbər əməkdaşlarına müraciətində qeyd etdi ki, “İdeal” mağazasından aldığı son ətirin keyfiyyəti onu qane etməyib:
“Mən də “İdeal”ın müştərisiyəm. Bundan öncə aldığım ətirin qoxusu qalırdı. Lakin sonuncu dəfə həmin məhsulun eynisini alarkən müşahidə etdim ki, ətir keyfiyyətsizdir”.

Buna cavab olaraq şirkətin baş direktoru İlqar İsmayılov deyib ki, hər bir müştəri aldığı məhsulun uyğunluq sertifikasına diqqət etməlidir:
“Hansısa ətirin saxtalığını müəyyən edən qurumlar və ekspertiza var. Şirkətin məhsullarının saxta olmadığını yalnız onlar sübut edə bilər. Bütün ətirlərimizə Gigiyena və Epidemiologiya Mərkəzinin uyğunluq serftikatı verilib”.

Şirkət direktoru ətirlərin qətiyyən saxta olmadığını iddia etdi:
“Bəzən iddia edirlər ki, xarici ölkələrdə satılan brend məhsulların eynisi bizim şirkətin məhsullarından fərqlənir. Bu hal qətiyyən ola bilməz”.

“Hansı faktla sübut edə bilərsiz ki, satılan ətir saxta deyil?” sualına şirkət rəhbəri bundan əvvəlki verdiyi cavabları təkrarladı.

Konfrans zamanı “İdeal” sektoruna araşdırmalar edən blogerin sualını cavablandıran İlqar İsmayılov “Yeni Müsavat” qəzetində ““İdeal” da saxta ətirlər” sərlövhəli yazısını da müzakirə edib. Şirkət rəhbəri istehza ilə yazının müəllifini “qarpızdan yazan” jurnalist adlandırıb:
“Həmin jurnalist barəsində kişik araşdırma apardım. Məlum oldu ki, xanım jurnalist bundan öncə qarpızdan, daha sonra isə “İdeal”ın ətirlərinin saxta olduğu barədə qərəzli yazı yazıb. Qarpızdan yazan jurnalist ətirin saxta olduğunu necə müəyyən edə bilər?!”

Onun bu sözlərinə etiraz edən qəzetimizin əməkdaşı öz iradını bildirdi:
“Jurnalist hər mövzuda yaza bilər. Vəzifəsindən aslı olmayaraq heç kim jurnalist yaradıcılığına müdaxilə edə bilməz. Şirkət rəhbəri kimi media nümayəndəsi haqqında səsləndirdiyiniz fikir qeyri-etikdir. Gördüyünüz kimi, tədbirdə şirkətin müştərisi olan çoxlu sayda jurnalistlər də satılan ətirlərin saxta olduğundan şikayətlənir”.

Onu da əlavə edək ki, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı
“Yeni Müsavat”a açıqlama verərək bildrimişdi ki, “İdeal” şirkətinin ətir məhsulları ilə bağlı quruma çox saylı şikayətlər daxil olub:

““İdeal”ın xaricdən gəlmiş nümayəndələri dəfələrlə bizim ofisimizdə olublar. Lakin biz çox təəssüflər olsun ki, istehlakçı hüququnu qorumağa müvəffəq ola bilməmişik. Ətirin istehsal və yararlılıq müddəti şüşənin üzərinə yapışdırılan kağızda həkk olunmalıdır. Əgər bu hansısa haloqram və başa düşülməyən pullar şəklindədirsə, alıcılar belə ətirləri almaqdan imtina etsinlər. İdealda bu problemlər yaşanır. Hətta bizim ofisə gələn xarici rəsmi nümayəndələr də istehlakçı hüquqlarına biganə qalıblar və qanundakı boşluq səbəbindən parfümeriya biznesi sürətlə inkişaf edir. Qeyd etdiyim kimi dövlət orqanı da buna seyrçi mövqeyində qalır. Bunun da səbəbi odur ki, hər bir biznesin arxasında dövlət məmuru durur”.

Xalidə Gəray

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın