Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “İdarə rəisi hədə-qorxu gəldi, özümlə apardığım sirkəni otağında içdim” – Açıqlama

“İdarə rəisi hədə-qorxu gəldi, özümlə apardığım sirkəni otağında içdim” – Açıqlama

Vətəndaş Seymur Azadov Göyçay rayonunun Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun onu təhdid etdiyini iddia edir. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya müraciət edən S.Azadov bildirib ki, küçələrindən keçən arx suyunun artması səbəbi ilə qazıntı işlərinin görülməsi üçün Suvarma Sistemləri İdarəsinə rəsmi müraciət edib. Şikayətçinin sözlərinə görə, onun şikayətinə əhəmiyyət verilməyib, Ş.Əhmədov tərəfindən təhqirlər edilib: “Şakir Əhmədova müraciət etmişdim ki, küçəmizdən keçən arx dolaraq yola çıxır oranı qazmaq lazımdır. Mənə dedi ki, texnikalarımız xarabdır, düzələndə qazarıq. Halbuki dövlət tərəfindən 9 ədəd “Hyundai” markalı, dəyəri 200 min manatlıq texnikaları arx qazmaq əvəzinə, şəxsi həyətlərdə və torpaq-çınqıl yığmaqla məşğul olarkən çəkib ifşa etdim. Bundan sonra dövlət tərəfindən mənə çıxarışı olan yerimi sökdürəcəyi ilə hədələyərək məktub göndərdi. Mən də həmin məktuba etiraz olaraq bu ilin avqust ayının 4-ü Ş. Əhmədovun yanına getdim, yenə də mənə hədə-qorxu gəldiyinə görə özümlə apardığım üzüm sirkəsini Şakirin otağında içərək özümə qəsd etmək istədim. Məni tez-tələsik xəstəxanaya yerləşdirdilər. Hazırda özümə gəlmişəm, amma Şakirin mənə qarşı olan münasibəti dəyişməyib. Hər gün mənə kənd camaatı ilə təhdid və söyüşlər göndərir. Məni məhkəməyə verib. Obyektlərimə dövlət tərəfindən rəsmi çıxarış verilib. Buna baxmayaraq deyir ki, sənin obyektlərini sökdürəcəm”. 

Fotoda: Şakir Əhmədov

Məsələ ilə bağlı adı hallanan rəis Şakir Əhmədovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya bildirdi ki, Seymur Azadovla heç bir şəxsi ədavəti yoxdur. “Seymur özü qanunsuz olaraq mühafizə zolağında maşın sexi inşa edib. Ötən ilin iyunun 14-də bizim əleyhimizə müxtəlif saytlarda korrupsioner olduğumuzla bağlı saxta məqalə yerləşdirtdirib. Heç bizdən bir şey soruşmadan yalan məlumatlar yayıblar. Çəkiliş edib, guya ki, biz öz mənafeyimiz üçün nəsə edirik, halbuki rayon kitabxanasının yanına torpaq tökmək lazım idi, biz də ora torpaq aparırdıq. Həmin vaxtdan biz onu verdik məhkəməyə. Tək məndən yox, çox səlahiyyətli şəxsdən şikayətçidir. Ondan soruşanda ki, niyə belə edirsən? Deyir ki, mənim qazanc yolum da budur. Çıxarış deyir, gətirsin görüm o çıxarışı nədir o elə ? Saxtadır. 

Mən onu təhdid və ya təhqir etmirəm, böhtan atır. O, özü məni təhdid edib. Düzdür, məhkəməyə vermişəm. Sırf saxta, yalan məlumatlar yaydığı üçün vermişəm məhkəməyə. Oktyabrın 20-də ikinci məhkəmə iclası keçiriləcək. Əgər kiminsə nəsə şübhəsi varsa, gəlsin Göyçaya, sözügedən əraziyə baxsın”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …