Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / İcra başçısının müavini, nazirlik rəsmisi, prokuror müavini – Bakıdakı sensasion cinayətin təfərrüatı

İcra başçısının müavini, nazirlik rəsmisi, prokuror müavini – Bakıdakı sensasion cinayətin təfərrüatı

Vaxtilə baş prokurorun müavini vəzifəsində işləmiş Məmmədvəli Cəfərov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesində şahid qismində Anar Cəfərov ifadə verib.

O, zərərçəkmiş Rəşad Yusifovun dostudur və hazırda başqa bir cinayət işinə görə həbsdədir.

Anar Cəfərov ifadəsində təqsirləndirilən vəkil Məmmədvəli Cəfərova 10 min manat verilməsinə şahidlik etdiyini deyib. Məlum olub ki, həmin pul da özünə məxsus olub və dostu Rəşada borc verib.

“Mən pulu şəxsən özüm Məmmədvəli Cəfərova vermişəm. Rəşadla birlikdə “Drujba” kinoteatrının yanına getdik. Maşını mən sürürdüm. Pulu orada olanda mən verdim. Rəşadın atasının işinə kömək edəcəkdi. Rəşad pulu məndən borc almışdı. Sonra da iş düzəlmədi. Pul qaytarılsaydı, Rəşad da mənim pulumu verərdi”- deyə şahid bildirib.

Məhkəmədə digər şahid Ceyhun İsmayılov da ifadə verib. O da Rəşad Yusifovun dostudur. Ceyhun İsmayılov da dostu Rəşada 10 min manat borc verib.

Ceyhun İsmayılov ifadəsinin əvvəlində bildirib ki, hüquqşqnasdır və zərərçəkən Rəşad Yusifovla uzun müddətdir dost kimi münasibətləri var.

Şahid İsmayılov deyib ki, dostu Rəşada bu işin alınmayacağı ilə bağlı xəbərdarlıq edib. Lakin dostu onu dinləməyib.

İş alınmayandan sonra isə Məmmədvəli Cəfərovla görüşdüyünü deyən İsmayılov bunları qeyd edib:

“Rəşad dedi ki, artıq problemlər yaranıb və pulu ala bilmir. Mən də Məmmədvəli bəylər görüşdüm. Məmmədvəli Cəfərov dedi ki, Möhübbət adlı tanışı ilə siqaret satışına başlamaq istəyib, amma pul batıb. Dedi ki, Möhübbət ona bildirib ki, siqaret monopoliyasında olan qohumu var və onlar da bu işi görə bilər. Pulu ora qoysalar da iş batıb. Sonra da pulun bir hissəsini ödəməyə başladı. Mən Məmmədvəli müəllimə dəfələrlə pulu qaytarması üçün müraciət etdim. Dedim ki, iş məhkəməyə qədər gedib çıxsa, heç də yaxşı olmayacaq”.

Suallara cavab verən Ceyhun İsmayılov deyib ki, bu iş üçün dostuna kömək məqsədi ilə pul verib:

“Mən dost kimi 10 min manat vermişəm. Amma bilirdim ki, onun atasının bəraət alması mümkün deyildi. Çünki Azərbaycanda heç kimə rüşvətə görə bəraət verilmir. Amma mənim dostumun atasının azadlığa çıxması məsələsi var idi. Mən dostuma yox deyə bilməzdim. Düşündüm ki, o fikirləşər ki, mən kömək etmək istəmirəm. Münasibəti korlamaqdansa, pulu verməyi üstün tutdum. Rəşad pulun hamısını dostlarından almayıb. Əsas hissə banklardan kredit götürülüb. Sorğu verərək bunu aydınlaşdırmaq olar.

Verilən pulun qarşılığında Rəşadın atası Ali Məhkəmədən azadlığa buraxılmalı idi. Amma buraxılmadı. Rəşad 100 min kredit götürmüşdü. İndi də onları ödəyə bilmir”.

Ismayılov məhkəmənin suallarına cavabında Məmmədvəli Cəfərovla görüşünün təfərrüatlarına danışıb:

“Məmmədvəli dedi ki, yaxın günlərdə neft şirkətlərindən birindən yaxşı pul alacaq. Həmin şirkətin hüquq işlərini görəcəyini deyirdi. Pulu alıb borcu qaytaracaqdı. Amma o da alınmadı”.

Ceyhun İsmayılov ifadə verərkən özü barəsində açılan cinayət işinə bəraət aldığını deyib. Bildirib ki, onun da cinayət işi üzrə məhkəmə iclası burada- Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Onun barəsində açılmış cinayət işində zərəçəkmiş şəxs kimi “MTN əməliyyatı” zamanı həbs edilən və həbsxanada intihar edən MTN polkovniki İlqar Əliyevin yeznəsi imiş.

Məmmədvəli Cəfərov isə bildirib ki, zərərçəkən Rəşad Yusifovun dedikləri yalandır.

Zərəçəkən ona pulu həmin vaxt həbsdə olan atası Rəhman Yusifovun azadlığa çıxması üçün Ali Məhkəməyə vermək məqsədilə verilməyib.

Onun sözlərinə görə, R.Yusifov puly onun tanışı, Dövlət Gömrük Komitəsinin zabiti olmuş Möhübbət Əhmədova birgə siqaret biznesi adıyla verib.

Zərərçəkən R.Yusifov isə deyir ki, siqaret məsələsi ümumiyyətlə, olmayıb: “Özü bir müddət sonra dedi ki, iş Ali Məhkəmə vasitəsilə düzəlmədi, ona görə pulun bir hissəsini Möhübbət Əhmədova verib. Çünki onun atasının Prezident Aparatında tanışı var, atamın əfv yoluyla azadlığa çıxmasına kömək edəcək. Hətta mən özüm bir dəfə onları Prezident Aparatına apardım, düşüb binaya girdilər”.

Təqsirləndirilən vəkil deyib ki, bu məsələlərdə Bakı şəhər prokurorluğunun polisə nəzarət şöbəsində işləyən Namiq Məmmədovun da rolu olub.

Özü ifadə verəndə bu məsələlərə aydınlıq gətirəcək.

Daha sonra zərərçəkmişin atası, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, ondan sonra isə 2012-ci ildə həbs olunana qədər Qaradağ rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləmiş Rəhman Yusifov ifadə verib: “İstər dövlətin qanunlarıyla, istərsə də kişi qanunlarıyla Məmmədvəli bu pulu qaytarmalıdır. Mənim işimlə bağlı apellyasiya məhkəməsi qərar verəndən sonra 10 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüm. Orada olduğum zaman 3 dəfə bu adam mənim yanıma gəlib. Ona dedim ki, mən zəif adam deyiləm, amma həll edə bilmədim. Mənə dedi ki, narahat olma, düzələcək. Mən bilirdim ki, Azərbaycanda vəkillərə inam yoxdur. Bizə bu adamı bir vəzifəli şəxs var, o, məsləhət görmüşdü. İndi o adamın adını çəkmək istəmirəm, çünki onun bu fırıldağa dəxli yoxdur. Məmmədvəli Cəfərov bizə demişdi ki, Ali Məhkəmənin sədrini, cinayət kollegiyasının sədrini tanıyır. İkinci dəfə yanıma gələndə dedi ki, pul çatıb, həll olunacaq. İki dəfə Ali Məhkəmədə mənim işimlə bağlı ərizəni götürdü ki, proses uzansın. Bir ilə yaxın davam edəndən sonra dedi ki, Ali Məhkəmə vasitəsilə düzəlmir. Təklif elədi ki, Əfv Komissiyası vasitəsilə eləyək. Razılaşdıq. Dedi ki, Komissiyaya təcili ərizə yazmaq lazımdır. Yoldaşım yazdı. Dekabrda əfv sərəncamı imzalandı, bu da yalan çıxdı. Hər dəfə bir bəhanə gətirirdi. Mən eşitmişdim ki, vəkillər arasında “julik” çoxdur. Mənim atam 45 il prokurorluqda işləyib. İnanmazdım ki, baş prokurorun müavini işləmiş bir adam belə bir iş tutsun”

İttihamda göstərilir ki, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov dələduzluq edib.

O, Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Cəfərov Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağı vəd edib. Bu vədlə ondan 150 min manat pul alıb.

Qeyd edək ki, M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bildirək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı vəkil bürosunda vəkil kimi çalışır.Musavat.com

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …