Ana səhifə / Kriminal / “İclaslar keçirilmirdi, lakin Cahangir Hacıyev protokolları imzalayırdı”

“İclaslar keçirilmirdi, lakin Cahangir Hacıyev protokolları imzalayırdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində Gündüz Məmmədov ifadə verib. O, ifadəsində 2008-2011-ci illər ərzində Beynəlxalq Bankın Kartlar departamentinin rəhbəri, Kredit komitəsinin üzvü olub.

G.Məmmədov qeyd edib ki, hazırda Beynəlxalq Bankın Abşeron filialının müdir müavini vəzifəsində çalışır: “Kredit komitəsində layihələrə verilən kreditlərə qol çəkmişəm. Bankın Kredit komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram, həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən, 100 min manatlıq kreditlər idi. Kredit komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Layihələrə daha çox kreditlərin verilməsinə isə Bankın Müşahidə Şurası nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədlərini banka təqdim edirdu və girov qoyurdu. Kredit komitəsi də onları araşdırıb sonra qərar verirdi”.

Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. Bildirilib ki, G.Məmmədov 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atıb.

G.Məmmədov məhkəmədə söyləyib ki, Kredit komitəsində qərarlar iclas zamanı deyil, iclasdan sonra elan olunub.

Daha sonra şahid qismində Beynəlxalq Bankın digər əməkdaşı Aydın Səlimov dindirilib.

O deyib ki, Bankın Aktivlər və passivlər departamentinin üzvü olub, veksellərin əməliyatları zamanı sənədlərə imza atmayıb: “Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur”.

Məhkəmədə şahid qismində ifadə verən Həsən Həsənzadə söyləyib ki, Beynəlxalq Bankın Aktivlər və passivlər departamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və passivlər departamenti formal qurum olaraq işləyib: “Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, Bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş verirdi ki, Xəzinədar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim”.

Prosesdə şahid qismində Şakir Musayev də dindirilib. O, “İntertekstil” şirkətinin sabiq rəhbəri olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.

Ş.Musayev deyib ki, D.Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalaq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: “Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri banka göndərsin sənədlərə imza atsınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kredit götürülüb, həmin kreditlər də artıq ödənilib”.

Şahid söyləyib ki, layihənin rəhbəri D.Xəlilov olub, bütün göstərişləri də sabiq deputatdan alıb.

Prosesdə fasilə elan olunub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …