Şənbə , Fevral 27 2021
Ana səhifə / Kriminal / İbrahim Xələfzadə həbs edildi

İbrahim Xələfzadə həbs edildi

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, belə tədbirlərdən biri kimi Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın həmin məhkəmədən daxil olmuş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla qeyd edilən vəzifədə işləyərkən İbrahim Xələfzadənin məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

12 fevral 2021-ci il tarixdə Xələfzadə İbrahim Etibar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını… – Cinayət

Ağstafa rayonunda arvadını və onunla yataqda olan ferma sahibini güllələməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Misir …