Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Hikmət Həsənov, Mais Bərxudarov bura gəlməli, üzləşdirilməlidir” – “Tərtər işi”

“Hikmət Həsənov, Mais Bərxudarov bura gəlməli, üzləşdirilməlidir” – “Tərtər işi”

“Tərtər işi” üzrə istintaq yenilənəndən sonra o dövrdə hərbçilərə qarşı pis rəftar, işgəncə verməkdə ittiham olunaraq həbs edilənlərin məhkəməsi başlayıb.
Onlardan dördü martın 14-də hakim qarşısına çıxarılıb. Bunlar hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovdur. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir.
Təqsirləndirilən şəxslər və onların vəkilləri bu məhkəmə prosesinin qapalı keçirilməsini istəyirlər. Bu barədə martın 14-də məhkəmədə vəsatət qaldırıblar.
“Çünki bu işdə hərbi hissələrdən, onların nömrələrindən, yerləşdikləri ərazilərdən bəhs olunacaq. Bu isə hərbi sirdir”, – təqsirləndirilən polkovnik Ələsgərovun vəkili Samir İsayev məhkəmənin qapalı keçirilməsi haqda vəsatətini belə əsaslandırıb.
O, həm də müvəkkilinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılmasını istəyib. Məlum olub ki, Ələsgərov eyni əməllərə görə bundan öncə məhkum edilib, amma o zaman ona cərimə cəzası təyin olunub. Vəkili deyir ki, onda da Ələsgərov həbs olunmamışdı, amma məhkəmədən yayınmırdı. Onun sözlərinə görə, bu dəfə məhkəmədən yayınmayacaq, konkret yaşayış yeri var və s.
Digər vəkillər də məhkəmənin qapalı keçirilməsi və müvəkkillərinin ev dustaqlığına buraxılması məsələsində bənzər fikirlər səsləndiriblər.
Amma zərərçəkənlər buna sərt şəkildə etiraz ediblər. Onlar əksinə, təqsirləndirilən şəxslərə verilən ittihamların ağırlaşdırılmasını tələb ediblər. İstintaqın hərtərəfli, obyektiv aparılmadığını, onlara qarşı törədilmiş cinayətlərdə əli olan bir sıra yüksək vəzifəli şəxslərin kənarda saxlandığını vurğulayan zərərçəkmişlər onların da məsuliyyətə cəlb olunmasını tələb ediblər.
“Bu cinayətin əsl təşkilatçılarının müəyyənləşdirilməsi üçün üzləşdirilmələr aparılmayıb. Generallar Hikmət Həsənov, Mais Bərxudarovun telefon anten dairələrilə bağlı məlumatlar əldə olunmalıdır, müəyyənləşdirilməlidir ki, həmin vaxt onlar harada olub? Bunların yanında oturası adamlar var. Əmrləri kimlərin verdiyi zəruridir. Hikmət Həsənov, Mais Bərxudarov bura gəlməli, üzləşdirilməlidir”, – zərərçəkmiş Emil Orucov belə deyib.
Başqa bir zərərçəkən Niyaməddin İbadov da soruşur ki, niyə korpus komandirləri, onlara işgəncə vermiş xüsusi təyinatlılar bu gün məhkəmə qarşısında deyil?
“Bütün ölkənin gözü bu işin üstündədir, niyə qapalı keçirilməlidir?”, – zərərçəkənlərin hamısı məhkəmənin açıq keçirilməsini tələb edib.
Prokuror da məhkəmə prosesinin açıq keçirilməsini təklif edib. Dövlət ittihamçısının sözlərinə görə, cinayət işinin materiallarında hərbi sirr sayıla bilən məsələlər yoxdur:
“Bu iş illərdir ki, mətbuatda müzakirə olunur, artıq xüsusi sirr qalmayıb. İş materiallarında hərbi hissələrlə bağlı da xüsusi sirr sayılacaq məlumatlarlar göstərilməyib. Qapalı keçirilməsinə ehtiyac görmürəm”.
Təqsirləndirilən şəxslərdən əlavə, məsuliyyətdən kənarda qalan yüksək vəzifəlilərin də cəzalandırılmasına gəlincə, prokuror vurğulayıb ki, “Tərtər işi” üzrə istintaq davam edir. Əgər bu məhkəmə prosesinin gedişində kimlərinsə məsuliyyətə cəlb olunması baxımından əhəmiyyət daşıyan məsələlər üzə çıxsa, onların barəsində araşdırma aparılması üçün prokurorluğa göndəriləcək.
Hakimlər də bu məhkəmə prosesinin açıq keçirilməsinə qərar verib. Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması haqda vəsatətlər də rədd olunub. Generallar Hikmət Həsənov, Mais Bərxudarov və digər vəzifəli şəxslərin bu məhkəməyə cəlb olunması, üzləşmə keçirilməsi və s. haqda zərərçəkmişlərin vəsatəti isə baxılmamış saxlanılıb.
Bu iş üzrə dindirmələr martın 28-də keçiriləcək məhkəmə iclasından başlayacaq. Adları çəkilən 4 nəfər təqsirləndirilən şəxsin işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında hadisələr zamanı həyatını itirmiş şəxslərin hüquqi varisləri də var.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin (CM) 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlər orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Dörd nəfərdən Rüstəm Ələsgərova isə bu maddələrlə yanaşı, həm də CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə 9 nəfərin işi məhkəməyə göndərilib. Onların arasında general-mayor Bəkir Orucov da var. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfər yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Digərlərinin işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir. Azadlıq Radiosu

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …