Şənbə , May 25 2024
Ana səhifə / Kriminal / “Heç vaxt Suriyaya getməmişəm, Türkiyədə tikintilərdə fəhləlik edirdim…”

“Heç vaxt Suriyaya getməmişəm, Türkiyədə tikintilərdə fəhləlik edirdim…”

Suriyadakı döyüşlərə görə cəzalandırılan Şəki sakini təqsirsiz olduğunu deyir

Şəki sakini Bəylər Balabəyli Suriyadakı silahlı qruplaşmalara qoşulub, onlarla birgə fəaliyyətdə ittiham olunur. Elə bu ittihamla da bir ilə yaxındır ki, həbsdədir. Məhkəmə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Amma özü də, yaxınları da onun ümumiyyətlə, Suriyaya getmədiyini deyir.

“Təxminən 20-25 gün saxlayandan sonra Azərbaycana təhvil veriblər”

Onlar bildirir ki, Bəylər Balabəyli 2017-ci ildən Rusiyanın Çelyabinsk şəhərində dayısının yanında işləməyə gedib. 6 ildən çox heç bir problem yaşamadan orada işləyib. 2023-cü ilin iyulunda isə saxlanılıb və Azərbaycanda hüquq-mühafizə orqanlarının onu axtarışa verdiyi deyilib:

“Təxminən 20-25 gün saxlayandan sonra Azərbaycana təhvil veriblər. Bakıya gətirilən kimi də birbaşa DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti) aparıblar”.

Cinayət işinin materiallarında iddia olunur ki, Bəylər Balabəyli 2013-cü ilin sentyabrından 2014-cü ilin aprelinə qədər Suriyada olub. Orada “Cəbhət ən-Nusra” qruplaşmasının tabeliyində, azərbaycanlılardan ibarət birliyin tərkibində olub. Bu birliyə də orada “Abu Muhamməd” ləqəbilə tanınan azərbaycanlı Aqil Hacıyevin rəhbərlik etdiyi bildirilir.

İttihama görə, Bəylər Balabəyli 2013-cü ildə Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə gedib. Onu Türkiyədən də qanunsuz yolla Suriyaya keçiriblər. Orada olduğu müddətdə hərbi təlimlərə qatılıb, “Cəbhət ən-Nusra”nın nəzarətində olan ərazilərdə postları mühafizə eləyib.

“Dedilər ki, Azərbaycan məni axtarışa verib”

32 yaşlı Bəylər Balabəyli isə deyir ki, yalandır, heç vaxt Suriyaya getməyib. O, təsdiqləyir ki, dini inancı var, 14 yaşından ibadət edir, namaz qılır. Onun sözlərinə görə, hələ 20 yaşı olanda Türkiyəyə işləməyə gedib, orada tikintidə fəhləlik edib. Həmin şirkətin briqadiri 2013-cü ilin yayında yenidən onu işləməyə çağırıb. Bu üzdən 2013-cü ilin avqustunda yenidən Türkiyəyə gedib. Ucuz başa gəlsin deyə, təyyarə ilə yox, Balakəndəki sərhəd-buraxılış məntəqəsindən keçib Gürcüstana, oradan da Türkiyəyə gedib. 2014-cü ilin aprelində isə Azərbaycana qayıdıb. Yenə də Gürcüstan yoluyla gəlib, amma bu dəfə ölkəyə Qazaxdakı sərhəd-buraxılış məntəqəsindən daxil olub.

“Mən Türkiyədə tikintilərdə fəhləlik edirdim. Heç vaxt Suriyada olmamışam. Heç bir qanunsuz silahlı birləşmədə iştirak eləməmişəm. Pnevmaniya xəstəliyinə tutulmuşdum. 2016-cı ildə müalicə üçün İrana getmişdim. Avqsutun 12-də gedib, sentyabrın 12-də qayıtmışam. Arada Gürcüstana gedib-qayıtmışam. Məsələn, avtomobilimə ehtiyat hissələri almaq üçün. 2017-ci ilin fevralında da dayımın yanına – Rusiyanın Çelyabinsk şəhərinə işləməyə getmişəm. 2023-cü il iyulun 20-də məni Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları saxladı. Dedilər ki, Azərbaycan məni axtarışa verib. Avqustun 14-də də Bakıya göndərdilər”, – Bəylər Balabəylinin sözləridir.

Rəsmi sənədlərdə isə iddia olunur ki, Bəylər Balabəyli miqrasiya-qeydiyyat qaydalarını pozduğuna görə ötən il iyulun 20-də saxlanılıb və cərimələnərək, deportasiya edilib. Avqustun 14-də Bakıya qayıdanda isə hava limanında saxlanılaraq, DTX əməkdaşlarına təhvil verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 218 (cinayətkar birliyin tərkibində iştirak) və 279-cu (qanunsuz silahlı birləşmələrin tərkibində iştirak) maddələrilə təqsirli bilib. İddia olunur ki, Bəylər Balabəylini Suriyada görən şahidlər var. Məhkəmənin əsas arqumentlərindən biri də budur ki, 2013-cü ilin avqustunda Bəylər Balabəyli ölkədən çıxan vaxtda eyni sərhəd-buraxılış məntəqəsindən Suriyaya gedən bir neçə başqa azərbaycanlı da keçib.

Həmçinin oxuyun

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən …