Ana səhifə / Kriminal / HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.

“Qaynarinfo”nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilib.

Məhkəmədə məlum olub ki, general xidmət katibliyinin rəisi vasitəsilə 2016-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinə 52 nəfəri zabit və gizir kimi rüşvət almaqla işə götürüb. Təqsirləndirilən şəxs müəyyən etdiyi qaydada nəzarətçi vəzifəsinə hər bir şəxsdən 7-12 min manat, zabit vəzifəsinə isə 15-20 min manat qarşılığında işə götürülüb. Ümumilikdə işə götürülən vətəndaşlardan təxminən 630-640 min manat pul alınıb. Katibliyin rəisi aldığı pulları T.Həsənovun xidməti otağında ona verib.

General ilkin ifadəsində danışmasa da, sonradan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini – 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib.

Amma Tofiq Həsənov məhkəmədə ziddiyyətli ifadə verməsi ilə bağlı elan olunmuş ifadəsinə münasibət bildirərək Seymur Talıbov tərəfindən ona tapşırıq verilmədiyini və ona pul göndərmədiyini, o cümlədən şəxsən pul vermədiyini bildirib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilib.

Tofiq Həsənov məhkəmənin qərarı ilə 10 il həbs cəzası alsa da, ona əlavə cəza olaraq Prezidentin 29 noyabr 2017-ci il tarixli, 3421 nömrəli sərəncamı ilə verilmiş “ədliyyə general-mayoru” ali xüsusi rütbəsindən, 1 iyul 2011-ci il tarixli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medalından məhrum edilib.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …