Ana səhifə / Kriminal / “Hakim Mövlam Şıxəliyevlə “müəllim” deyir” – ETİRAZ

“Hakim Mövlam Şıxəliyevlə “müəllim” deyir” – ETİRAZ

Bakı Hərbi Məhkəməsində Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası kecirilib. Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş
Yasin Məmmədov və şöbə rəisinin müavini postununtutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev mütəşəkkil cinayatkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxş tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar .

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən zərər çəkən 32 Azərbaycan Respublikasının vətəndaşı qatılıb. Hakim Elbəy Allahverdiyev hazırlıq iclasında jurnalistlərin iştirakına qətiyyətlə icazə verməyib. Sözdə açıq elan edilən məhkəmə islası faktiki olaraq qapalı – gizli şəkildə keçirilib. Bir neçə saat davam
edən hazırlıq iclasında zərərçəkənlər hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevə və onun dəstə üzvlərinə xüsusi simpatiya ilə yanaşdıqlarını sezdiklərini deyiblər.

Hakimlə Mövlam Şıxəliyevi bağlayan təkcə “müəllim” xitabıdır?

Zərərçəkənlər “Yeni Müsavat” əməkdaşına bildiriblər ki, Elbəy Allahverdiyev Mövlam Şıxəliyevə xüsusilə nəzakətlə müraciət edir, onu “müəllim” deyə çağırır. Halbuki, Cinayət Prosessual Məcəllə ilə proses iştirakçılarının hər bir şəxsin statusu müəyyən olunub. Hakim, təqsirləndirilən şəxs, zərərçəkən şəxs, şahid və digər statuslar var. Məcəllədə “müəllim” statusu yoxdur.

Elbəy Allahverdiyevin dilindən “müəllim” sözü düşmür və bu yanşması bəri başdan onun iş üzrə mövqeyini müəyyən edir: “Mövlam Şıxəliyevin vəkili vəsatət verdi, onun dəmir qəfəsdən çıxarılıb zalda əyləşməsinə şərait yaradılmasını istədi. Vəkil vəsatəti tam yekunlaşdırmamış Elbəy Allahverdiyev tez-tələsik müzakirəyə çıxardı. “General adamdır, xidmətləri olub” sözlərini pıçıldayırmış kimi Mövlam Şıxəliyevə eşitdirməklə sağına-soluna əyildı. Həmkarlarına nəsə pıçıldadı və qərarını elan etmək istədiyi görüntüsü yaratdı.

Guya yadına nəsə düşməsi görkəmi alıb konvoylara müraciətlə dedi: “Biz qərar verib Mövlam müəllimi dəmir qəfəsdən çıxarsaq, siz onun zərərcəkmişlərdən təhlükəsizliyinə təminat verərsiz?”

Konvoylar hakimin qəfil sualından özlərini itirdilər. Çünki heç bir məhkəmədə hakim məsuliyyəti konvoyun üzərinə bu şəkildə atmağa cəhd etmir. Hakimlə konvoyların sorğu-sualı bir neçə saniyə davam etdi. Konvoylar başlarına gətirilən müsibətlərdən hələ də özlərinə gəlməyən, ovucla dərman içən, həyatları alt-üst olan, şiddət-nifrətlə Şıxəliyev və onun mütəşəkkil cinayətkar quldur dəstəsinin üzvlərini təpədən dırnağa qədər qəzəblə sezən bizlərə baxıb “bizlik deyil” cavabını verdilər. Hakim bu cavabı gözləyirmiş kimi vəsatəti təmin edə bilmədiyini acizənə səslə elan etdi. Belə anladıq ki, Elbəy Allahverdiyev kecmiş generala “mən əlimdən gələni etdim, amma alınmadı” jestini edir.

Arada fasilə yarandı, Elbəy Allahverdiyev dəmir qəfəsdə əyləşən Mövlam Şıxəliyevə yaxınlaşdı, onu qulaqlarımız eşidə-eşidə narahat olmamasını, səbr edib məhkəmənin sonunu gözləməyi məsləhət bildi”.

Zərərçəkənlər deyir ki, onlara qarşı cinayət vəzifədən sui-istifadə edilməklə törədilib. Elbəy Allahverdiyevin belə bir şəxslərə qarşı isti münasibətinin əsas səbəbi də elə məhz bu məqamdır: “Bu adamlar сılız və heç biri canlı-cüssəli deyil. Yəni nə Mövlam Şıxəliyev, nə də onun dəstə üzvləri fiziki cəhətdən yüksək bədən quruluşuna malik deyillər. Klassik quldur qiyafəsindən uzaqdırlar. Onları güclü edən sırf vəzifələri, dövlətin gücündən biz vətəndaşlara qarşı istifadə etmələri olub. Mövlam Şıxəliyev və bandası arıq, cılız və balaca boyları ilə seçilirlər. Küçədə kimsənin qarşısına çıxıb “pul ver” desəydilər, təbii ki, bir manatın da belə sahibi olmazdılar. Bu adamlar dövlətin inamını özlərinin cinayətkar fəaliyyətlərinin gerçəkləşməsinə sərf
ediblər. Dövlətin içində oturub dövlətin fəlsəfəsinə zidd olan, biz vətəndaşların həyat və sağlamlıqlarına qəsd etməklə mal mülklərimizi şər-böhtanla ələ keçiriblər. Bizlərin günahı olmaya-olmaya məhkum belə ediblər. İttiham aktından da bu açıq-aşkar görünür. Elbəy Allahverdiyevin əlinin altında həmin o ittiham aktı var. Hansında ki, bizlərə qarşı törədilən cinayətlər bir-bir
əksini tapıb.

Mövlam Şıxəliyev vəzifədən çıxarılandan dərhal sonra bank hesabından 1 milyon 116 min 963 dollar çıxarıb!

Eldar Mahmudovun başçılığı ilə qurulan, Mövlam Şəxəliyevin rəhbərliyində olduğu mütəşəkkil cinayəkar quldur dəstə 2015-ci ilin oktyabrında ifşa olunub. İşdə çoxsaylı sənədlərdən görünür ki, bundan sonra Mövlam Şıxəliyev əl-ayağa düşüb. Təsəvvür eləyin, 24 noyabr 2015-ci ildə özünün adına olan “Beynəlxalq Bank”dakı hesabından 1 milyon 116 min 963 dollar, “Kapital bank”dakı özünün və ailə üzvlərinin adına olan heablardan 1 milyon avrodan çox pul çıxarıb xarici ölkələrə aparıb. Mövlam Şıxəliyevin bunca sərvətinin mənbəyi bizlərin – zərərçəkənlərin pulu-malıdır. Bundan başqa, işdə 32 zərərçəkən varsa, bu o demək deyil
ki, Mövlam Şıxəliyev və mütəşəkkil cinayətkar quldur dəstə elə bu cinayətlərlə məhdudlaşıb. Bir qədər ətraflı və
zamanında araşdırma aparılsaydı, bu gün zərərçəkənlərin sayı qat-qat artıq olardı.

Elbəy Allahverdiyev mülki iddiaları qəbul etməkdən niyə yayınır?

Bizim məhkəmənin, bundan əvvəl istintaqın aparılması qaydası xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq Mövlam Şıxəliyev və mütəşəkkil cinayətkar quldur dəstəsi bu gün Azərbaycan məhkəməsinin qarşısına çıxarılıb. Bizlər də mülki iddialarımızı qanunun tələb etdiyi qaydada məhkəməyə veririksə, hakim qeyd-şərtsiz mülki iddialarımızı qəbul etməlidir. İstəyir ki, mülki iddianı qəbul etməyib baxılmamış saxlasın, sonda da baxmasın. Bu, bizə qarşı Mövlam Şıxəliyevin etdiyi cinayətə bərabər əməl olacaq.

Sual olunur: bu adamları məhkəmə qarşısına niyə çıxarıblar?

Cinayət işində olan sübut, sənədlər arasında keçmiş baş prokuror Zakir Qaralovun 17.06.2016-cı il tarixli, sənədlərin götürülməsinə dair qərarı var. Həmin qərarda da yazılır: – Cinayət işi üzrə vurulmuş ziyanın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsinin tələblərinə müvafiq qaydada ödətdirilməsi, mümkün mülki iddiaların təmin olunması və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün Mövlam Şıxəliyevin və ailə üzvlərin bank hesablarına dair sənədlər
götürülür. Yəni qanunun tələbinə uyğun olaraq bizə vurulmuş ziyanın qarşılığı gələcəkdə dövlətin ödətdirməsi üçün Mövlam Şıxliyevin, ailə üzvlərin bank hesabları, çoxsaylı əmlaklarının üzərinə həbs qoyulub. Belə bir halda Elbəy Allahverdiyevin “müəllim” deyib tərəfini tutduğu Mövlam Şıxəliyevə qarşı bizim mülki iddialarımızı qəbul etməkdən yayınması, yumşaq desək qanundan çox uzaqdır. Mövlam Şıxəliyevin bizlərə vurduğu zərbə maddiyyatla bağlı olub. Amma bu gün zərərçəkənlərin hər birinin həyatında, sağlamlığında həmin mütəşəkkil quldurluq cinayəti dərin iz buraxıb. Ürəyindən əməliyyat olunan, iflic keçirən, xərçəng xəstəliyi tapan və vəfat edənlər var aramızda.

Sual olunur: bu adamları məhkəmə qarşısına niyə çıxarıblar? Bizlərdən can qurtarmaları üçün? Bizlərin şikayətlərinin ala-yarımçıq araşdırılması görüntüsü yaratmaq üçün?

Daha bu məzhəkəyə nə ehtiyac vardı?

Əgər Elbəy Allahverdiyev bizə qarşı dəhşətli cinayətlər törədən Mövlam Şıxəliyevə ilk hazırlıq iclasında simpatiya göstərib bizlərə aqressiv tövr nümayiş etdirəcəkdisə, daha bu məzhəkəyə nə ehtiyac vardı? Bizlərə elan edilsin ki, Mövlam Şıxəliyev qanundan
üstündür, ona cinayət törədib ədalətli cəzadan yayınmaq izni tanınıb. Başımıza gətirilən müsibətləri məhkəmədə bir daha vərəqləyib, bizləri o dəhşətli günlərə qaytarmaqla həyatımızı ikinci dəfə qaralayırlar. Həm də bununla Mövlam Şıxəliyevin bizdən can qurtarmasına şərait yaratmaq üçün dəridən qabıqdan çıxmaqla edirlər. Elbəy Allahverdiyev əlinin altında olan cinayət işini oxusun. Əminik ki, işin içində yatan dəhşətlərdən bixəbər deyil, eşidib, bilir. Sadəcə oxuyub özü üçün də bir nəticə çıxarsın. Bizlər nə etmişik? İş qurub pul qazanmışıq. Bizə qarşı nə ediblər? Dövlətin gücündən istifadə edib həyatımızı məhv eləyiblər. Bu adamlar ölkədə iş adamlarına qarşı əməlli-başlı müharibə aparıblar. Onları müharibə qanunlarına uyğun mühakimə etmək bir tərəfə, üstəlik gözümüzün qarşısında vəzifəsi hakimlik olan Elbəy Allahverdiyev tərcümeyi- hallarındakı qanlı, qəddar cinayətləri təmizləmək cəhdinə baş vurur, oyunbazlıq edir.

Yeni mövlamşıxəliyevlər ortaya çıxacaqlar Məhkəmə zalına Mövlam Şəxəliyevin qohum-qardaşını rahat buraxdıqları halda, jurnalistləri zala buraxmırlar.

Bunun özü də qanunsuzluqdur. Mövlam Şıxəliyev və onun mütəşəkkil cinayətkar quldur dəstəsi üzərində qanuni, ədalətli məhkəmə qurulmalıdır və bu məhkəmədə baş verənlərin Azərbaycanda geniş ictimaiyyətə çatdırılması təmin edilməlidir. Əks halda bu məhkəmənin heç bir əhəmiyyəti yoxdur. Yeni mövlamşıxəliyevlər ortaya çıxacaqlar. Deyəcəklər ki, onlara nə etdilər ki, bizə də nə etsinlər? Azərbaycan dövlətindən ədalətli, tərəfsiz məhkəmə qurub keçirməsini tələb edirik”.

Həmçinin oxuyun

Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanıldı – VİDEO

Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edən şəxslər saxlanılıblar.