Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Hələlik Azərbaycanın xarici dövlət borcunun məbləğini riskli hesab etmək olmaz” – DEPUTAT

“Hələlik Azərbaycanın xarici dövlət borcunun məbləğini riskli hesab etmək olmaz” – DEPUTAT

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli gündəmin bir sıra aktual iqtisadi mövzuları ətrafında müsahibə verib.
       
– 7 milyard xarici borcumuz varmış. Azərbaycan üçün bu rəqəm riskli hesab oluna bilərmi?
– Dövlət borcları ölkənin maliyyə-kredit sisteminin sabitliyini və möhkəmliyini xarakterizə edən əsas göstəricilərdən biridir. Rəsmi məlumata görə, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,913 milyon ABŞ dolları (12,241 milyon manat) səviyyəsində olub. Müqyisə üçün qeyd edək ki,  1 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,478 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil edib. 1 yanvar 2015-ci il tarixi ilə müqayisəd  1 yanvar 2017-ci il tarixinə xarici borcumuz 435 milyon dollar və ya 6,3 faiz,manat ifadəsində isə 7359 milyon manat və ya  2,4 dəfə artıb. Xarici borcun  dollar və manat ifadələrində, eləcə də ÜDM-ə nisbətdə  artımındakı  belə  kəskin fərq daha çox  2015-ci ildə iki sərt devalvasiya nəticəsində manatın məzənnəsinin 1 dollar=0,78 manatdan – 1,70 manata enməklə 2,2 dəfə ucuzlaşması ilə əlaqədardır. Bununla belə bunun necə baş verməsində asılı olmayaraq 2014-cü illə müqayisədə 2016-cı ildə xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinin  8.6 faizdən  20 faizin üstünə qalxması faktdır.
2017-ci ilin əvvəlinə Azərbaycanda adambaşına 700 dollar (1248 manat ) xarici borc düşür. Müqayisə üçün qeyd edək ki, bu, postsovet məkanına aid ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Belə ki, ötən ilin sonlarına olan məlumata görə, adambaşına xarici borc keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada 3649 dollar (Azərbaycankından 5  dəfə çox), Qazaxıstanda 3144 dollar (Azərbaycankından 4,5 dəfə çox) olub. Postsovet məkanına aid ölkələr arasında adambaşına xarici borcun  ən yüksək göstəricilər isə Baltikyanı ölkələrindədir: Latviyada – 19763 dollar, Estoniyada- 15947 dollar, Litvada -12323 dollardır. Qonşu ölkələrlə müqayisə aparsaq, adambaşına xarici borc Gürcüstanda 3144 dollar, Ermənistanda 4385 dollardır.
Artıq qeyd etdiyimiz kimi, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 20 faizi ötüb. Bu rəqəm Azərbaycan kimi ölkələr üçün təhlükəli hesab oluna biləcək həddən 2 dəfə aşağıdır. Müqayisə üçün qeyd edək ki, keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 41 faiz, Qazaxıstanda 124 faiz təşkil edir. Yenə qonşu ölkələrlə müqayisə aparsaq, Gürcüstanda xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 109 faiz, Ermənistanda  95 faiz təşkil edir.
Dövlətin Beynəlxalq Bankla əlaqəli öz üzərinə götürdüyü xarici borc öhdəliklərini də bura əlavə etdikdə Azərbaycanın xarici borcu ÜDM-un 20 faizindən yuxarı qalxacaq. Bununla belə gətirdiyimiz müqayisələr göstərir ki, hələlik  Azərbaycanın xarici dövlət borcunun məbləğini riskli hesab etmək olmaz. Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən  demək olar  ki, bu ilin  6 ayımın sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 milyard ABŞ dolları təşkil edib. Strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət xarici dövlət borcunu 3,6 dəfə üstələyib.
Riskli xarici dövlət borcunun səviyyəsi yox, ondan nə dərəcədə səmərəli istifadə barədə yetərli məlumatın və bu sahədə tam şəffafalığın olmaması, borclanma sahəsində zəruri tədbirlrin  konkret proqram çərçivəsində elmi cəhətdən optimal əsaslandırılması və sistemli şəkildə həyat keçirilməməsindədir ki, bunlar da  gələcəkdə xarici borclar sahəsində problemlərin əsasını qoya bilər.
– Bu borcu verənlərin bundan Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək niyyətləri olsa, rəsmi Bakı hansı addımları atmalıdır?
– Azərbaycanın xarici dövlət borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə öhdəliklər daxildir. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib. Ölkəmizə borc verənlərin siyahısı göstərir ki, bundan Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək ehtimalı aşağıdır.
Bir necə il bundan əvvəl dövlət büdcəsində xarici borclara xidmətlə bağlı xərcləri simvolik rəqəmlərlə ifadə olunurdusa, indi 1,6 milyard manatdan artıq olmaqla cəmi büdcə xərclərini 9 faizini ötür.
Borc vəsaitlərinin 58.6 faizi 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 10 ilə qədər olan müddətdə ödənilməsi vacib olan borcları həcmi artıb və onları  vaxtında ödəməkdən ötrü büdcədən xarici borclara xidmət üçün ayrılan vəsait artacaq.
– Borclanma sahəsində hansı tədbirlərin həyat keçirilməsini daha vacib hesab edirsiniz? 
– 2017-ci ilin büdcəsinə yenidən baxılanda bu il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 9 dəfə artırılaraq 500 milyon manatdan 4,5 milyard manata çatdırıldı. Həmin limitin belə kəskin surətdə artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması məqsədi ilə 2383 milyon dollar həcmində avrobondların (4099 milyon manat) emissiyası və digər layihələrin reallaşdırılması üçün alınan kreditlərlə bağlıdır. Azərbaycanın postneft dövrünün tələblərinə uyğun olaraq yeni iqtisadi modelə keçməyə başlaması, ölkənin xarici iqtisadi strategiyasında  iqtisadi inkişafının maliyyələşdirilməsi üçün əsas mənbələrdən biri kimi  xarici borc məsələsinə  yenidən baxmasını, yeni borclamaya gedilməsini, lakin xarici  borcların  idarəolunmaz həddə çatmasına imkan verməməkdən ötrü, xarici borc riskini qiymətləndirən və ondan istifadənin səmərəliliyinin artırılması tələblərə əməl edilməsini zəruri edir:
– Azərbaycanın valyuta ehtiyatlarında qənaətlə istifadə edilməsi. İqtisadi təhlükəsizlik meyarlarına əməl etməklə əlverişli şərtlərlə xarici borclamaya gedilməsi və bu əsasda islahatların maliyyə təminatının gücləndirilməsi və ölkə üçün mühüm əhəmiyyət kəsb edən perspektivli layihələrin həyata keçirilməsinin sürətləndirilməsi;
– Xarici borcların alınması və idarə edilməsi üzrə dövlər strategiyanın hazırlanması və tətbiq edilməsi, bu əsasda xarici borclardan dövlət tənzimləməsinin əsas alətlərindən biri kimi istifadə edilməsi;
– Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətini 20 faiz səviyyəsi iqtisadi təhlükəsizlik meyarları ilə kritik həddən 2 dəfə aşağı səviyyədə olmasına baxmayaraq, beynəlxalq təcrübədən çıxış edərək ölkənin idarə edə biləcək borc yükünün müəyyən edilməsi və  imkan olan istiqamətlərdə və sahələrdə olkəyə kredit cəlb etməkədənsə, qabaqcıl texnika, texnologiya, yeni menecment və istehsal mədəniyyəti də gətirən birbaşa investisiya cəlb edilməsi üsuluna üstünlük verilməsi. Xarici  kreditlərdən istifadənin səmərəliliyinin əhəmiyyətli dərəcədə aratılmasına nail olunana qədər, xarici borc yükünün  iqtisadi təklükəsizlik baxımından Azərbaycan üçün  kritik hədd kimi ÜDM-in 35 faizi səviyyəsində götürüb, fövqəladə bir səbəb olmasa, borcun həmin həddən  aşağı səviyyədə saxlanılmasının təmin edilməsi;
– Ciddi tədqiqatlar və hesablamalar aparılmaqla, neft hasilatının və neftin qiymtinin kəskin surətdə aşağı düşdüyü şəraitdə xarici borclanmaya yalnız vaxtında qaytarılması mümkün olan məbləğlərdə gedilməsi;
– Hazırkı qlobal qeyri-müəyyənliklər və risklərin artdığı bir dövrdə Azərbaycanın kredit reytinqi üçün təhlükə yaratmadan,  əlverişli şərtlərlə ölkəyə  yetərincə  xarici kredit cəlb etməkədən ötrü beynəlxalq maliyyə qurumlarından və digər təşkilatlardan, eləcə də müxtəlif ölkələrdən cəlb edilən xarici borcların həm alınması, həm də  qaytarılmasının dəqiq planlaşdırılması;
– Ölkəmizə cəlb edilən xarici borclardan səmərəli istifadə edilməsi və ondan  əldə edilən gəlirin xarici borclara görə ödənəcək məbləğlərdən çox olmasının təmin etməsi;
– Xarici borcların mal və xidmətlərin illik ixracının həcminə nisbətinin optimal səviyyədə saxlanılması;
– İndiyədək götülülmüş xarici kreditlərdən  istifadənin vəziyyətini  obyektiv dəyərləndirilməsi və  xüsusi məqsədli tədbirlər paketi hazırlayıb həyat keçirməklə götürülmüş kreditlərdən öz  təyinatı üzrə və  daha səmərəli  istifadə olunmasının təmin edilməsi;
– Azərbaycanda xarici borcların idarə edilməsi prinsiplərinin hazırkı mərhələnin məntiqinə və tələblərinə uyğun surətdə təkmilləşdirilməsi, korporativ idarəetməyə  keçilməsi;
– Dövlət zəmanəti ilə alınan borcların mümkün qədər azaldılması, onlardan istifadənin səmərəliliyinin artırılması yönəlik təsirli tədbirlər paketi hazırlayıb həyat keçirilməsi. Rusiyanın birbaşa xarici dövlər borcu az-178 milyard dollar  olsa da, zəmanət verdiyi və s. borcları daxil  xarici borc 530 milyard dollara çatıb ki, bu da Rusiyanın 420 milyard dollarlıq valyuta ehtiyatından  1,3 dəfə böyük rəqəmdir. Biz bundan nəticə çıxarmalıyıq.
– Azərbaycanın neft sənayesinin  uğurlu inkişafı ilə yanaşı, bu sahədəki təcrübə həm də göstərir ki, iqtisadi artımın maliyyələşdirilməsi birtərəfli şəkildə xarici sərmayə və kreditlər hesabına həyat keçirələndə, məlum müsbət nəticələrlə yanaşı, həm də gələcəkdə ölkənin maliyyə resursları dünya konyunkturundan asılı vəziyyətə düşə bilir. Bu halın Azərbaycanda  yenidən təkrar olunmaması üşün strateji baxımdan maliyyələşdiriləcək sahələrdə milli iqtisadi subyektlərin  müəyyənedici  mövqe tutması üçün xüsusi mühit və şərait yaradılması istiqamətində  zəruri tədbirlr paketinin hazırlanması və həyat keçirilməsi;
– Aidiyyatı dövlət orqanlarının birgə səmərəli fəaliyyəti əsasında xarici kreditləri və borcları izləməyə, borc vəziyyətinin təhlilini həyata keçirməyə imkan  verən  xarici borcun idarə edilməsinin kompleks sisteminin formalaşdırılması;
– Xarici borcların idarə edilməsinin Azərbaycanın  ümumi maliyyə siyasətinin real tərkib hissəsinə çevrilməsi, onun makro və mikro səviyyədə iqtisadiyyata təsir imkanlarının öyrənilməsi, tədiyyə balansı, pul-kredit sistemi və valyuta ehtiyatları ilə uyğunluğunun  daim nəzarətdə saxlanılması;
– İnnovasiyalı inkişaf proqramında nəzərdə tutulan uzun və  orta müddətli konktret vaxt kəsikləri üzrə  iqtisadi artım ssenariləri ilə xarici borc sahəsində dəyişmələrin davamlı olaraq proqnozlaşdırılması və bu sahədəki riskləri dəqiq qiymətləndirilməsi;
– Ölkədə xarici borcların idarə edilməsi ilə birbaşa məşğul olan Maliyyə Nazirliyi, pul-kredit siyasəti həyata keçirən Mərkəzi Bank və  aidiyyatı üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bu sferada səlahiyyətlərin dəqiq müəyyən edilməsi və həmin qurumlar arasında səmərəli koordinasiyanın təmin edilməsi;
– Xarici borc statistikasının təkmilləşdirilməsi, dövlət zəmanəti ilə alınan xarici borcların  şəffaflığının və ictimaiyyət üçün açıqlığının təmin edilməsi. Mövcud xarici borc yükü və gələcəkdə xarici borcların cəlb edilməsinin mümkün ehtimallarının müəyyən edilməsi və proqnozlaşdırılması;
– İllik büdcə paketlərində nəzərdə tutulan həcmdə daxili borclamaya gedilməsi və həmin vəsaitdən büdcə problemlərini həlli ilə yanaşı prioritet sahələrin inkişafında da səmərəli istifadə edilməsi. (Moderator.az)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın