Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Həbsdən çıxan sabiq nazir Penitensiar Xidmətin rəisini tutdurdu…

Həbsdən çıxan sabiq nazir Penitensiar Xidmətin rəisini tutdurdu…

Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Həsənovu saxlayıb.

AzPolitika.info-ya Naxçıvandakı mənbələrdən daxil olan məlumata görə, general-mayor Tofiq Həsənov təxminən 20 gün əvvəl Naxçıvandan Bakıya çağırılaraq istintaqa cəlb olunub. İlkin ifadəsindən sonra general Bakını tərk etməmək şərtilə sərbəst buraxılıb. Ötən həftənin ortalarında yenidən istintaqa çağırılan T.Həsənov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbənin bildirdiyinə görə, general-mayor Tofiq Həsənov işgəncə və rüşvət ittihamları ilə həbs olunub.

Penitensiar Xidmətin rəisindən şikayət edənlərdən biri Naxçıvan MR-in sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovdur. T.Həsənov Vasif Talıbov və onun oğlu Seymur Talıbovun göstərişləri əsasında illərlə sabiq nazirə şəxsən işgəncə verib, onu dözülməz şəraitdə saxlayıb, həmçinin ləyaqətini alçaldan işlərə məcbur edib. Bundan başqa, T.Həsənov digər şəxslərin Böyükdüz həbsxanasına daxil olaraq Vəli Ələsgərova işgəncə verməsinə də şərait yaradıb. “Tofiq Həsənov Vəli Ələsgərova şəxsən işgəncə verirdi. Onu yüzlərlə dustağın gözü önündə ağır söyüşlərlə təhqir edir, yerə yıxıraraq ayağını boğazına sıxırdı. Həbsxanadakı ən ağır işləri V.Ələsgərova gördürür, yayın qızmar günlərində saatlarla günün altında saxlayırdı. İstintaqa ilk ifadəsindən sonra Tofiq Həsənov Vəli Ələsgərovun yanına minnətçilər göndərmiş, bağışlanmasını xahiş etmişdi. Lakin sabiq nazir onu bağışlamadı”, – məlumatlı mənbə deyir.

Tofiq Həsənov 19 sentyabr 2016-cı ildə – Vəli Ələsgərovun həmin ilin may ayındakı həbsindən az sonra Vasif Talıbovun sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Bir il sonra – 2017-ci ilin noyabrında ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Bu illər ərzində T.Həsənov Vasif Talıbovun “işgəncə maşını”na sədaqətlə rəhbərlik edib. Penitensiar Xidmətin rəisinin dustaqlara və hətta öz əməkdaşlarına qarşı ifrat qəddarlığı haqda çoxsaylı ittihamlar var. Bundan başqa, Naxçıvandakı həbsxanada rüşvətə də geniş meydan verilib.

Vəli Ələsgərov isə 6 illik həbs və işgəncədən sonra ötən ilin sentyabr ayında Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıb. Sabiq nazirin gözlənilmədən azadlığa buraxılması Vasif Talıbovun “qələminin qırılmasının” ilk xəbərçisi idi. Belə görünür ki, V.Ələsgərov artıq düşmənlərindən qisas almağa da başlayıb.

Yeri gəlmişkən, Naxçıvan MR-in sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun gözlənilənlərin əksinə olaraq azadlığa buraxılmamasında da Vəli Ələsgərovun rolunun olduğu bildirilir. Ə.Əhmədov da V.Ələsgərovun düşmənlərindən biridir və deyilənə görə o da öz həmkarına şəxsən işgəncə verirmiş.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …