Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən “Kritı Araz”a hökm oxundu

Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən “Kritı Araz”a hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olarkən cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə “Kritı Araz” kimi tanınan Araz Fərəcov və dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası  yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müdətinə azadlıqdan məhrum edilib.

Namiq Babayevə 1 il 2 ay cəza verilib. O, həmin müddəti istintaq dövründə çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər.

A.Fərəcov 2016-cı ilin noyabr ayında qarşılıqlı razılaşma əsasında tanışı Cəlal Muradova bir aydan sonra qaytarmaq şərtilə azadlıqda olan əlaqələri vasitəsilə 1000 manat borc pul verib. C.Muradov razılaşdırılan müddətdə pulu ödəyə bilməyib, borcu qaytarmaq imkanı olmayıb, əlavə vaxt istəyib. A.Fərəcov isə mütəşəkkil dəstənin üzvləri Vüqar Musayev və Eltən Əliyevə Cəlaldan pulu zorla almalarını tapşırıb. 14 dekabr 2016-cı ildə V.Musayev və E.Əliyev Cəlal Muradovun kirayə yaşadığı mənzilə gələrək onu söyüb-döyməklə pulu tələb ediblər.

Dəstə üzvləri ötən il mart ayının 29-dan aprelin 3-dək olan müddət ərzində Xəyyam Qurbanlının məlumatı əsasında onun qohumu Zemfira Qədirovanın evinə girməyi planlaşdırsalar da bu cəhdləri uğursuzluqla nəticələnib. Onlar mənzil sahibinin evdə olmadığı vaxtları müəyyənləşdirməyə çalışıblar. Lakin ev sahibəsi hər gün səhər işə getsə də onun oğlu Azər Rəcəbli mənzildə qaldığından oğurluq planı baş tutmayıb.

Dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nın əməliyyatı zamanı saxlanılıblar.

Məlum olub ki, dəstə üzvləri Elməddin Şahbazov, Renad Zahirov, Vüqar Musayev, Eltən Əliyev və digərləri Arazın tapşırığına əsasən Vasif Abdulovdan 16 kalibrli ov tüfəngi alaraq qanunsuz olaraq özlərində saxlayıblar.

Həmçinin, A.Fərəcovun tapşırığı əsasında dəstə üzvləri Binə qəsəbəsi, “Bolluq” adlanan ərazidə yerləşən yaşayış evini talamaqla bağlı razılığa gəliblər. Dəfələrlə həmin əraziyə baş çəkməyə gediblər. Amma ətrafda polis əməkdaşları olduğundan cinayəti başa çatdıra bilməyiblər. Lakin sonradan, 13 aprel 2017-ci ildə yenidən həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Evin birinci mərtəbəsinin pəncərəsinə dəmir ling salaraq sındırıblar. Mənzildən ümumilikdə 1000 manata yaxın qızıl-zinət əşyaları aparıblar.

Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsi əməkdaşlarının keçirdikləri axtarış-baxış zamanı A.Fərəcovun saxlanıldığı kameranın tavanında asılmış ventilyatorun mühərrik hissəsində düzəldilmiş gizli saxlanc yerindən mobil telefonlar, yaddaş kartları, qulaqcıq aşkarlanaraq götürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …