Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / Həbsdəki sabiqlər milyonlarla ziyanı ödədi – bəs dövlətin imici?

Həbsdəki sabiqlər milyonlarla ziyanı ödədi – bəs dövlətin imici?

Azərbaycanda son illər nazirlər, nazir müavinləri, icra başçıları və digər yüksək vəzifəli şəxslər milyonlarla manatın mənimsənilməsində suçlanaraq həbs olunublar. Sonradan məhkəmənin gedişatında onlardan bəziləri dövlətə vurulmuş ziyana görə ödənişlər ediblər.  Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə və işlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə də belə olub. İş üzrə məhkəmənin son iclasında XİN-in nümayəndəsinə söz verilib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın böyük hissəsi ödənib: “Dəymiş ziyanın ümumi məbləği 2 milyon 543 min 173 manatdır. Bu məbləğin 2 milyon 300 min manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 min 173 manat ödənilməmiş olaraq qalır”.

Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov tərəfindən də dövlətə vurulan  zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur. Zakir Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Üzərinə həbs qoyulan digər əmlaklarının zərərin əvəzi kimi hesablanmasına da razılıq verib. Dövlət hər iki halda, zərərini geri götürüb, amma geri qaytarılmayan, zərər dəyən həm də bu nazirliklərin, nəhayətdə elə dövlətin özünün də imici var. Bunu kim ödəyəcək?

Nazir müavini və xidmət rəisinin ələ keçirdiyi pulların GÖRÜNTÜLƏRİ

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, dəymiş zərər məhkəmə prosesi gedərkən ödənilsə, bu, iş üzrə təqsirləndirilən şəxsin  cəzasını yüngülləşdirir: “Cəzanın nə qədər yüngülləşməsi işin mahiyyətinə görə hakimin qərarı ilə olur. Ödəmə mexanizmi isə belədir: Hesablanmış zərərin miqdarı müvəqqəti olaraq Baş Prokurorluğun hesabına köçürülür və bunun təsdiq qəbzi məhkəmə işinə əlavə olunur. Məhkəmə həmin ittiham olunan şəxsi təqsirkar bilərsə, prokurorluğun hesabında müvəqqəti saxlanan həmin vəsait dövlət hesabına köçürülür. Yox, əgər şəxs bəraət alarsa, vəsait onun özünə geri qaytarılır. Çox təəssüf ki, bu gün Azərbaycanda məmurların böyük əksəriyyəti dövlətin imici haqda demək olar ki, heç düşünmürlər də. Çünki ölkədə bir məmur arxayınlığı, məmurun rüşvət və korrupsiyadan doğan rifahı var. Bilirlər ki, 10 milyon mənimsəyib 5 milyonunu ödəməklə azadlığa çıxıb rahat həyatlarını sürəcəklər. Prokurorluq orqanı həbs etdisə, əllərində qalan, Azərbaycandakı əmlakları tez-tələsik təhvil verirlər. Məhkəmə hökmü ilə cəzalarını alıb rahat şəkildə ölkədən gedirlər. Bu halda hansı məmur dövlətin imicini düşünər?”

XİN-in İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə ziyanın 2.3 milyon  manatını ödəyib

Hüquqşünas deyir ki, Azərbaycanda məmurların əmək haqları ilə yaşayış tərzləri arasında böyük bir fərq var: “Baxırsan ki, maksimum 1000 manat maaş alan məmurun oğlu yarım milyonluq maşında gəzir. Qızı 3 aydan bir ən son model maşın dəyişməyi özünə borc bilir. Mülklər, imarətlər, bahalı geyimlər, əyləncələr də öz yerində. Xalqın dərd-səri, xalqın qulluqçusu olmaq haqda heç düşünmürlər də. Əksəriyyətindən Azərbaycan bayrağının rənglərinin mənasını, himnin bir bəndini soruşsan çiyinlərini çəkər. Yəni dövlətin imicini düşünmək bizim məmurlara yad  bir anlayışdır. Belə olmasaydı, ölkədə bunca korrupsioner məmur olmazdı”.

Hüquqşünas deyir ki, əslində bu gün baş verənlərdə elə məhkəmə-hüquq sisteminin payı olduqca böyükdür: “Prezident 2 il əvvəl məhkəmə-hüquq islahatları ilə bağlı fərman verib. Bu gün Azərbaycan məhkəməsində bu fərmanın icrası ilə bağlı olduqca az iş görülüb. Halbuki həmin fərmanda əksini tapanlar praktikada tətbiq edilsəydi, məmurlar biləcəkdilər ki, törətdikləri cinayətə görə cəzasız qalamayacaqlar. Uzun illər cəzasızlıq mühitində məmurlar büdcə pullarını imkanları daxilində çox ələ keçirib xaricə daşıyıblar. Azərbaycanda məhkəmə-hüquq islahatlarının  gerçəkləşməsi ”ASAN xidmət”ə, o xidmət tipində bir quruma tapşırılmasa, Azərbaycanın nicatı yoxdur”.

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …