Bazar , Oktyabr 2 2022
Ana səhifə / Kriminal / Həbsdə olan Ramin Hacılı Prezidentdən kömək istədi

Həbsdə olan Ramin Hacılı Prezidentdən kömək istədi

Hazırda həbsdə olan və səhhətində ciddi problemləri yaranan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Prezident İlham Əliyevə müraciət edib.

Həmin müraciəti təqdim edirik:

“Möhtərəm Prezident!

27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyiniz altında haqq yürüşünə başladı. Bütün vətənsevərlər kimi mən də tam gücümlə bu müqəddəs işdə dövlətimizə dəstək olmağa çalışdım. Əvvəllər olduğu kimi yenə də erməni təcavüzünə, terroruna, vandalizminə qarşı savaşda əlimdən gələni etdim. Həm əvvəlki illərdə, həm də savaş zamanı etdiyim fədakarlıqları vicdanı olan hər kəs yaxşı xatırlaya bilər. Sadəcə həmin kəslər qərəzli olaraq, bunları Sizə demirlər.

2019-cu ilin mart ayında Sizin müdaxilənizdən sonra azadlığa çıxdım. Mənə göstərilən etimadı doğrultmağa çalışdım. Fəaliyyət göstərdiyim şirkətin iflası nəticəsində yaranmış 154 min manatlıq borcu öz üzərimə götürərək 2 il ərzində 114 min manat hissəsini ödəməyi bacarmışdım. 09 iyul 2021-ci il tarixli həbsim bu işi uğurla başa vurmağıma mane oldu.

Şəxsi problemlərimin olmasına baxmayaraq öz bilik və bacarıqlarımı səfərbər edərək ölkəmizə fayda verməyə də çalışırdım. 2019-cu ilin iyun ayında Bakıdan Şuşaya ayaqla təkbaşına sivil yürüş edərək dünya birliyinin diqqətini erməni işğalına çəkməyə çalışdım. Paşinyan rejiminin militarist açıqlamalarına etiraz olaraq atdığım dinc addım erməni cəmiyyətində rezonans doğurdu. Savaşdan öncə Sizin Ermənistanın silahlanması haqqında etdiyiniz çıxışınıza dəstək olmaq üçün araşdırmalara başladım. Məlum oldu ki, Gürcüstan üzərindən Ermənistana silah daşınmasını ifşa etdiyinə görə gürcü xanım öldürülüb. Bu hadisənin yaratdığı xofa görə heç kim faktları tirajlamırdı. Riskli olsa da bu missiyanı üzərimə götürərək faktları yayımladım. Dövlət tərbiyəsi alanlar bilir ki, dövlətçilik şəxsi həyatdan üstündür. Bütün fəaliyyətlərimdə bu prinsipi əsas almışam.

Hörmətli cənab Prezident!

Mən 10 yaşında olarkən ailəmlə birgə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gələrək vaqonda yaşamışıq. Uşaq olarkən atam, anam və kiçik qardaşımın səhhətində ciddi problemlər yarandığından işləməyə məcbur olmuşam. Çəkdiyim əziyyətləri kiminsə yaşamaması üçün dövlətimizin qüdrətlənməsinin vacib olduğunu bidiyimdən bu yolda əlimdən gələni etmişəm. 44 günlük vətən müharibəsindən sonra fəaliyyət göstərdiyim Beynəlxalq Avropa Hərəkatının xətti ilə xarici ölkələrdən jurnalistləri, ictimai xadimləri və Avroparlementariləri işğaldan azad olunmuş ərazilərə səfərini təşkil etməyə çalışırdım. Artıq müvafiq işlərə də başlamışıq. Bu barədə aidiyyatı dövlət qurumlarına da məlumat vermişdim. Təəssüf ki həbs olunmağım bu işi də yarımçıq qoydu.

Çox hörmətli möhtərəm Prezident!

23 oktyabr 2020-ci ildə mən əsgərlərimizə dəstək olmaq üçün Horadizə getmişdim. Həmin gün Siz Füzuli şəhərinin işğaldan azad olunması xəbərini verərək mənə böyük sevinc bəxş etdiniz. Atamın məzarına gedərək bu sevinci onunla bölüşdüm.

Hazırda mənə qarşı 5-6 il əvvələ aid ittihamlar 3-cü dəfə irəli sürülərək Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılır. Sizdən xahiş edirəm ailə vəziyyətimi, himayəmdə əlil anamın olmasını, dövlətçilik naminə xidmətlərimi, Sizin rəhbərliyiniz dövründə yetişməyimi, gözümdə yaranan problemləri və Zəfər Bayramınında azadlıqda olmaq arzumu nəzərə alaraq mənə köməklik edəsiniz.

Dərin hörmətlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının sədri
25 avqust 2022-ci il”

Həmçinin oxuyun

Suraxanıda narkotik dövriyyəsi, oğurluq və quldurluğa görə 222 nəfər saxlanılıb – VİDEO

Bakının Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz …