Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Həbsdə olan general oğlunun sonuncu şansı -Azadlığa çıxacaqmı?

Həbsdə olan general oğlunun sonuncu şansı -Azadlığa çıxacaqmı?

Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılır.
Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazıdır və azadlığa çıxmaq istəyir.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti təmin edilmədikdən sonra Ali Məhkəməyə müraciət edib.
Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olublar. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Əvvəlcə onların hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatlığına səbəb olub. O, insanlarda vahimə yaradıb, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
General oğlu daha sonra döydüyü sürücü ilə barışıq əldə edib.(Musavat.com)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …