Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Həbsdə olan general oğlu və dostları son söz demədilər – hakim son xəbərdarlığı etdi

Həbsdə olan general oğlu və dostları son söz demədilər – hakim son xəbərdarlığı etdi

Avtobus sürücüsünü döyən general oğlunun məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Məhkəmədə general oğlunun vəkili Kamandar Nəsibov və digər təqsirləndiriləm Kənan Vəliyevin vəkili iştirak etməyib.

Hakim təqsirləndirilən şəxslərə ifadə verməyi təklif etsə də onlar vəkillər olmadan çıxış etmək istəməyiblər. Hakim bildirib ki, məhkəmə sonuncu dəfə onlara xəbərdarlıq edir və prosesi dekabrın 29-na təyin edib.

Sonuncu prosesdə dövlət ittihamçısı çıxış etmişdi. Prokuror general oğlunun 6 il, digər iki nəfərin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olub. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına səbəb olub.

O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

 

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …