Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Gürcüstan Azərbaycana gələn türk TIR-larının yolunu bağladı

Gürcüstan Azərbaycana gələn türk TIR-larının yolunu bağladı

Türkiyənin Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsi türk TIR sürücülərinin keçirdiyi etiraz aksiyası nəticəsində bağlanıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, martın 11-də keçirilən aksiyanın səbəbi Gürcüstanın Xəzər dəhlizi üzərindən Orta Asiya respublikalarına yük daşıyan Türkiyə TIR-larının sərhəddən keçməsinə əngəllər yaratmasıdır. Gürcüstan tərəfinin yaratdığı maneələrə etiraz edərək bir qrup türk TIR şoferi Sarp sərhəd-keçid məntəqəsinin hər iki tərəfini TIR-larla kəsərək gediş-gəlişi dayandırıb.

Aksiyanın təşkilatçısı olan Hopa Ticarət və Sənaye Odası başqanı Osman Akyürek, Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin nümayəndələri də Sarp sərhəd-keçid məntəqəsinə toplaşıblar. Akyürek jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan tərəfinin son vaxtlar yaratdığı əngəllər üzündən türkiyəli ixracatçılar, nəqliyyatçılar, iş adamları ciddi çətinliklərlə üzləşiblər. “TIR-larımız son aylarda Azərbaycana, Ermənistana və Orta Asiya respublikalarına yük daşıyarkən Gürcüstan gömrükçüləri bütün yükləri boşaldır, təkrar yoxlayır və yenidən maşınlara yüklənir. Bu zaman yüklər qarışıq düşür, alıcı firmalar onlara çatacaq malları ala bilmir. Böyük zərərin astanasındayıq”-Akyürek deyib.

Bu günə olan məlumata görə Sarp sərhəd-keçid məntəqəsi TIR keçidləri üçün hələ də bağlı idi. Xatırladaq ki, ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurmasından sonra Moskva ilə Ankara arasında münasibətlər gərginləşib. Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib və bu ölkə TIR-larının tranzit keçidini qadağan edib. Nəticədə Orta Asiyaya yük daşıyan Türkiyə TIR-ları Gürcüstan, Azərbaycan və Xəzər dənizi üzərindən keçən dəhlizdən istifadə etməyə başlayıblar. Azərbaycan tərəfi bu nəqliyyat dəhlizindən istifadəni asanlaşdırmaq üçün mümkün olan bütün tədbirləri görüb.

O cümlədən Qazaxıstan tərəfi Aktau limanında yaranmış problemləri Azərbaycanın təcrübəsini əsas götürərək aradan qaldırıb. Lakin indi bu nəqliyyat dəhlizindən istifadədə Gürcüstanın yaratdığı maneələr üzündən çətinləşməkdədir və istisna deyil ki, ortada Rusiya barmağı ola bilər. Çünki Türkiyədən sonra Ukrayna və Baltik ölkələrinin yükdaşıyanları da bu dəhlizə yönəlməyə başlayıb. Və bu strateji əhəmiyyətli nəqliyyat dəhlizindən istifadənin genişlənməsi Rusiyanın maraqlarına uyğun deyil.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın