Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Göygöldə tutulan həmin oğru Yevlaxda yanmış meyiti tapılan sahibkar qadının qohumudur

Göygöldə tutulan həmin oğru Yevlaxda yanmış meyiti tapılan sahibkar qadının qohumudur

Göygöl rayonunda silsilə oğurluqlar etdiyinə görə bir neçə gün əvvəl həbs olunmuş Çaykənd sakini Elnur Hüseynov bu il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində özünə məxsus cücə sexində yanmış meyiti tapılan sahibkar qadın Səidə Hüseynovanın qohumudur.

Elnur Hüseynov Səidə Hüseynovanın bacısı Rahilə Əhmədovanın kürəkənidir. R.Əhmədova özü virtualaz.org-a açıqlamasında faktı təsdiqləyib. Bu fakt Yevlaxda sahibkar qadının E.Hüseynov və əlbir olduğu şəxslər tərəfindən törədilmiş ola biləcəyinə dair fərziyyələrin yaranmasına səbəb olub, bir çox xəbər saytları artıq bu haqda yazıblar. İddialara görə, E.Hüseynov qətl planı hazırlayıb, günlərcə mərhumu izləyib, onun sexdə tək olduğunu bildikdən sonra hadisəni törədib.

Mərhum Səidə Əhmədova

Zərərçəkmiş R.Əhmədova virtualaz.org-a açıqlamasında hazırda istintaq aparıldığını deyib: “Bəli, biz də bu haqda eşitmişik.  Hazırda xəstəyəm, xəbəri eşidəndən bəri özümdə deyiləm. Hadisəni apaşdırırlar, bizə hələlik dəqiq heç nə demirlər. Elnur mənim kürəkənimdir, dörd uşağı var. Mənim qızıma da gün-güzərən verməyib”.

R.Əhmədova deyir ki, E.Hüseynovla aralarında üzləşdirmə keçirilməyib: “Bu hadisəni doğma oğlum belə törətmiş olsaydı yenə də onu bağışlamazdım. Səidə ata-anamın yadigarı idi”.

Daxili İşlər Nazirliyinin dekabrın 1-də yaydığı məlumatda deyilirdi ki,  Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədib, vətəndaşlara külli miqdarda ziyan vurub. Belə ki, o tanışı Səyyaf Məmmədovla əlbir olaraq 7 baş keçini (dəyəri 900 manat), digər tanışı Qalib Məmmədovla əlbir olaraq 3 baş mal-qaranı (ümumi dəyəri 3 min manat) oğurlayıb. 

Elnur Hüseynov

Habelə Hüseynov və dəstəsi Yeni Zod kəndində də 3 baş iri buynuzlu mal-qaranı oğurlayıb. İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7 900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurlaması da məlum olub. Bu ilin avqust ayında 6 500 manatlıq iri buyunuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9 500 manat olan 5 baş iri buynuzlu heyvanları da gizli yolla talayıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun bu ilin aprelində rayonun Toğanalı kəndində yerləşən “Göyəzən”kafesindən də oğurluğa cəhd ediblər, amma oğurlamağa dəyərli heç nə tapmayanda obyektə od vurublar. Nəticədə kafe sahibi 45 min manat zərərə düşüb. Sentyabr ayında isə Hüseynov və əlbir olduğu şəxslər Toğanalı kəndində mağazanı yarıblar, sonra mağazaya  və ona bitişik evə od vurublar. Nəticədə mülkiyyətçiyə cəmi 95 min manata yaxın ziyan dəyib.

Saxlanılanlardan Q. Məmmədovun evindən 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 2 ədəd daraq və 58 ədəd avtomat gülləsi tapılıb. Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E.Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Kiçik sahibkarlıqla məşğul olan 53 yaşlı Səidə Hüseynova bu il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndindəki cücə sexində baş verən dəhşətli yanğında özünəməxsus tikilidə yanaraq ölüb. Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib. Lakin mərhumun bacısı  Rahilə Əhmədova yanğının qəsdən törədildiyini, bacısının qarət məqsədi ilə öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını bildirirdi. Qadın  bacısının xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı aidiyyatı orqanlara çoxsaylı müraciətlər ünvanlayıb. Bu günlərdə R.Əhmədova redaksiyamıza da müraciət etmişdi və bacısının qətlə yetirildiyinə dəlalət edən məqamları çatdırmışdı. Bildirmişdi ki, bacısı qızıl-zinət əşyaları alıb yığmağa və gəzdirməyə meylli olub, onları  işlətdiyi cücə sexində saxlayıb və hadisədən sonra qızılların da yoxa çıxdığı məlum olub.

Yevlaxda yanan cücə sexi

Baş Prokurorluğun mətbuat xidməti isə bəyan edir ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilən Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsində (işin istintaqı Yevlax rayon prokurorluğunda aparılır)  iştirakının olub-olmamasını üzə çıxarmaq üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Və təhqiqatın nəticələrinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək. virtualaz.org

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …