Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / Goradildəki cinayətdə kriminal aləm izi: “Mənimlə söhbət edəndə papağı çıxart”

Goradildəki cinayətdə kriminal aləm izi: “Mənimlə söhbət edəndə papağı çıxart”

Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılan 28 yaşlı gənc cinayət əməlinin səbəbini danışıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib. O, Zakir Məmmədovu bıçaqlamasının səbəbini danışıb. Şəhriyar Abdulov əvvəlcə bildirib ki, bıçaqladığı şəxslə daha əvvəldən məhəllə sakini kimi münasibəti olub. Hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib.

Ş.Abdulov daha sonra hadisə günü yaşananları belə danışıb: “Axşam evdən çıxıb çayxanaya getdim. Çayxananın qarşısında 10-15 nəfər var idi. İçəri keçmək istəyəndə tanımadığım bir nəfər mənə dedi ki, “İçəri olmaz. Zakir içəridə söhbət edir”. Ona görə də içəri heç kimi buraxmırlar. Sonra da dedi ki, “Artıq adamların hamısı dağılışsın”. Mübahisə etməyə başladıq. Səs-küyə Zakir çıxdı. İçkili idi. Qışqırdı ki, nə olub? Dedim ki, Zakir, qıraqdan gələnlər bizə, öz kəndimizdə yer göstərirlər. Zakir də qayıtdı ki, “Onlar qıraq adam deyil, mənim qardaşlarımdır”. Həmin adamları tanımırdım. Mənim üstümə gəldilər. Onları qorxutmaq üçün bıçağı çıxardım ki, görsünlər”.

Şəhriyar Abdulov ifadəsinin davamında qeyd edib ki, Zakir Məmmədovu bıçaqla vurmaq niyyəti olmayıb: “Bıçaq sol əlimdə idi. Fikirləşdim ki, birdən mənə əl-qol atarlar. Zakiri vurmaq niyyətim yox idi. Sağ əlimi bir neçə il əvvəl laqonda kəsib. 3-cü qrup əliləm. Tam hərəkət etdirə bilmirəm. Bıçağı sağ əldə tutmuşdum. Əgər vurmaq niyyətim olsaydı, işləməyən əlimdə tutmazdım. Mübahisə yarananda bıçağı sol əlimdən sağ əlimə keçirmişdim. Mübahisə başlayanda, onlar üstümə gələndə necə oldusa bıçaq Zakirə dəydi”.

Ş.Abdulov ifadəsində həmçinin onu da göstərib ki, bıçaqladığı Zakir Məmmədov həmin gün kənddə ağsaqqallara hörmətsizlik edib. Onun bu hərəkətlərinə etiraz edən kənd sakini Fazil Məmmədovu isə döydürmək istəyib.

“Zakir həmin gün kənddə Rafael adlı ağsaqqalı maşının qapı arasında qoyub, sıxıb. Aralarında nəsə söhbət olub. Kənd sakini Fazil Məmmədov da bunu görüb və etiraz edib. Zakir Farizi yanına çağırıb, ona deyib ki, “Mənimlə söhbət edəndə papağı çıxarmaq lazımdır”. Bu söhbət zamanı Zakir içkili olub. Axşam da Fazili axtarmaq üçün kəndə adamlar göndərib”, – deyə təqsirləndirilən Şəhriyar söyləyib.

Dövlət ittihamçısı Şəhriyar Abdulova sual verib və çayxanaya getməsinin səbəbini soruşub. Şəhriyar deyib ki, məqsədi tanışları ilə domino, nərd oynamaq, istirahət etmək olub.

Prokuror Şəhriyara növbəti sualında qeyd edib: “Siz çayxanaya getməzdən əvvəl orada kriminal aləmə yaxınlığı ilə tanınan şəxslərin söhbət etmələri barədə məlumatlı olubsunuzmu?”

Şəhriyar cavabında belə bir məsələdən xəbərsiz olduğunu, kafeyə sadəcə çay içməyə getdiyini söyləyib.

Ş.Abdulov üzərində bıçaq gəzdirməsinin səbəbini isə belə izah edib: “Kənd yeridir. 4 ayaqlı itlərdən çölə çıxmaq olmur. Bir əlim də işləmir. Qaçmaq, harasa qalxmaq imkanım yoxdur. Ona görə də bıçaq götürürəm”.

Məhkəmədə o da məlum olub ki, bıçaqlanan Zakir Məmmədov istintaqa ilk ifadəsində yıxılaraq xəsarət aldığını bildirib.

Şəhriyar isə deyib ki, əgər özü könüllü olaraq polisə təslim olmasaydı, bıçaqladığı Zakir Məmmədov yenə də bu cür ifadə verəcəkdi: “Mən özüm təslim oldum. Polislər də bilirdi ki, mən vurmuşam. Özüm də gedib təslim oldum”.

Cinayət əməlini törətdiyini etiraf edən Şəhriyar ona qarşı irəli sürülən ittihamla razılaşmır: “Heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə adam vurmamışam. Səbəb olmasaydı, Zakir o hərəkətləri etməsəydi, onu vurmazdım. Maddə düzgün verilməyib”.

Hadisənin baş vermə səbəbi kimi təfərrüatlardan biri də belədir ki, bıçaqlanan Zakir Məmmədov kənd kafesində oturarkən ağsaqqallar gələn zaman ayağa durmayaraq onlara hörmətsizlik edib. Elə mübahisələr də bundan başlayıb. Amma Şəhriyar Abdulov bu səbəbi rədd edib.

Məhkəmədə Şəhriyar Abdulovun adını çəkdiyi Fazil Məmmədov da ifadə verib. F.Məmmədov deyib ki, Şəhriyar Abdulovun günahı yoxdur. Hadisəyə səbəb Zakir Məmmədovun hərəkətləridir: “Zakir ağsaqqallara, kənd sakinlərinə qarşı hörmətsizlik edirdi. Mən də işə gedəndə yolda mənə söz atdı. Mübahisə elədik, içkili idi deyə mən çıxıb getdim. Sonra zəng edib məsələni aydınlaşdırmaq istədim. Amma mənimlə kobud danışdı”.

Zərərçəkmiş Zakir Məmmədov məhkəmə proseslərində iştirak etməyib.

Qeyd edək ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəllər adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …