Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Kriminal / Gömrük Komitəsinin rüşvətə görə həbs edilən sabiq əməkdaşı ilə bağlı qərar çıxarıldı

Gömrük Komitəsinin rüşvətə görə həbs edilən sabiq əməkdaşı ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” postunun baş inspektoru işləmiş Pərviz Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.


İttihama görə, Türkiyədən Azərbaycana sərnişin daşıyan “Lüks İstanbul” firmasına məxsus “Mersedes Benz Travego” markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusunun “Qırmızı Körpü” gömrük postunda yoxlama zamanı yük yerində “metal borular” aşkar olunub.


Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu bildirib ki, o, həmin “metal borular” adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün “Qırmızı Körpü” gömrük postunun inspektoru Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib.


Pərviz Hüseynov məhkəmədə ifadə verərək rüşvət almadığını deyib. O bildirib ki, xəstə olduğu üçün özünü itirib: “2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunuram. Həmin gün də bir neçə saat əvvəl tutmalarım olmuşdu, dərman qəbul etmişdim.


Dərmanın təsirindən fikrim dağınıq idi. Gömrük Komitəsinin digər əməkdaşları Elçin və Pərviz Türkiyə vətəndaşının mənə verdiyi pulları istəyəndə fikrim dağınıq olduğundan özümə məxsus olan 400 ABŞ dollarını cibindən çıxardıb onlara verdim və həmin pulun Türkiyə vətəndaşının verdiyini dedim”.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Həmçinin oxuyun

Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb. Cəzaçəkmə müəssisəsində ürəyində problem …