Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / “Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? – QƏTLİN TƏFƏRRÜATI

“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? – QƏTLİN TƏFƏRRÜATI

Tanınmış hüquqşünas, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub.

Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hüquqşünas stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub.

Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.

Əli Şəmiyev eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.

“Göl Əli”nin qardaşı Eyvaz Şəmiyev isə Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində biznes fəaliyyəti ilə məşğul olur. İri biznesmendir və çoxsaylı kommersiya müəssisələrinin sahibidir, eyni zamanda muxtar vilayətin Radujnı şəhər Dumasının deputatıdır.

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …