Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Generalın oğlu qəflətən məni yumruqla vurdu” – Zərərçəkmiş

“Generalın oğlu qəflətən məni yumruqla vurdu” – Zərərçəkmiş

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədov ifadə verib.

O, hadisə haqqında danışarkən bildirib ki, “Əcəmi dairəsi”ndə təqsirləndirilən R.Orucovla mübahisəsi siqnal vermək üstündə olub: “O, normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə qarşı nalayiq söz işlətdi. Dedim ki, maşında ana-bacı var. Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispetçer Əsgər Qasımova bu barədə bildirdim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllim ondan soruşanda “ağsaqqal bir kəlmə söz deyirəm” deyib məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümdən getdim”.

Hakim qeyd edib ki, S.Səmədovun ifadələri arasında ziddiyyət var. Daha sonra, S.Səmədovun əvvəl verdikləri ifadələri elan olunub. O, ilkin ifadələrində hadisə zamanı R.Orucov onu vuranda digər təqsirləndirilən şəxslərin də olduğunu deyib.

S.Səmədov həmin ifadəsini bu cür izah edib: “Hadisədən sonra xəstəxanadan çıxmışdım, nə dediyimi bilmirdim. Çünkü halım çox pis idi. Hadisə zamanı Kənanla Pərviz orada olmayıb. Sonra dostlarım dedilər ki, hələ onlar ürəyim gedən zaman üzümə su vurublar”.

R.Orucov qeyd edib ki, sürücü hadisə baş verən zaman avtobusda ona söyüş söyüb.

Hakim deyib ki, S.Səmədov istintaqda “Rüstəmə dedim ki, niyə üç nəfərlə üstümə gəlmisən?” qeyd edib.

S.Səmədov isə bu sözü təkzib edib, belə şey demədiyini söyləyib.

Prosesdə avtobus dispetçeri Əsgər Qasımov şahid qismində dindirilib. O deyib ki, hadisə baş verən zaman R.Orucov tək olub: “Sənan sonuncu dayanacağa çatanda bu barədə dedi. Rüstəm bizə tərəf gələndə qabağına çıxdım. Dedi ki, ağsaqqal bir kəlmə söz deyib gedirəm. Sonra Sənanı kənara çəkdi və bu zaman səs gəldi. O, Sənanı vurmuşdu. Sənan da yerə yıxılıb ürəyi getmişdi. Başım ona qarışmışdı”.

Hakim bildirib ki, Ə.Qasımovun da ifadələri arasında ziddiyyət var. Onun ilkin ifadəsi elan olunub.

O, müstəntiq tərəfindən təzyiq olunduğunu, onun dediklərini yazdığını söyləyib.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …