Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Generalın evindən oğurluqda suçlanan qaynı hakim qarşısında – keçmiş həyat yoldaşı isə axtarışdadır

Generalın evindən oğurluqda suçlanan qaynı hakim qarşısında – keçmiş həyat yoldaşı isə axtarışdadır

Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı da ittiham edilir və hazırda axtarışdadır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.

Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.

Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.

Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə Fərid Yusubun conayət işi üzrə məhkəmə iclasında onun anket məlumatları dəqiqləşdirilib.

1978-ci ildə Bakıda anadan olan Fərid Yusub fərdi əməklə məşğul olub. O, bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Ona ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və hazırda şəxsiyyət vəsiqəsi almaq üçün “Asan Xidmət”ə müraciət edib.

Fərid Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

Prosesdə dövlət ittihamçısı vəsatət verərək Fərid Yusubun məhkəmə zalında həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib və Fərid Yusub barəsində başqa yerə getməmək qərarı verilib.

Növbəti məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …