Şənbə , Dekabr 10 2022
Ana səhifə / Kriminal / General oğlunun və infeksionistin evindən oğurluq edənlərin cəzası azaldıldı

General oğlunun və infeksionistin evindən oğurluq edənlərin cəzası azaldıldı

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə qüvvədə olan hökm qismən dəyişdirilib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə təqsirləndirilən Cavid Süleymanovun cəzası 1 il azaldılaraq 8 ilə, Əhməd Əhmədovun cəzası isə 3 il azaldılaraq 5 ilə endirilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Cavid Süleymanovun vəkili Elmar Süleymanov açıqlamasında apellyasiya məhkəməsinin qərarından narazı qaldıqları deyib: “Müdafiə etdiyim şəxsin psixoloji problemləri olması ilə bağlı ekspertiza təyin olunmasını istəsək də, məhkəmə vəsatəti təmin etmədi. Tezliklə qərardan kassasiya şikayəti veriləcək”.

İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V. Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

Alimpaşa Məmmədovun məhkəməsindən oğlu çıxarıldı – “qara pulların” leqallaşdırmasında iştirak edib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir.Dekabrın 8-də kerçirilən …