Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Kriminal / “Gecə ikinin yarısı həbs elədilər, Eskobar idim?”- Baş direktorun ifadəsi

“Gecə ikinin yarısı həbs elədilər, Eskobar idim?”- Baş direktorun ifadəsi

“Yeni Klinika” işi üzrə məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Pərviz Abbasovun vəkilləri müdafiə etdikləri şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Vəkillər bildiriblər ki, cinayət işi başlanandan bu günədək davam etdirilməsi üçün heç bir əsaslı maddi sübut olmayıb.

“Həmin cinayətin predmeti olan nömrələnmiş pulun və ya pulun ötürülməsinə dair heç bir video-görüntü mövcud deyil. İlk gün efirə verilən həkim siyahısı və bloknotun iddia edilən cinayət əməli ilə heç bir bağlılığı yoxdur. Bloknotdakı qeydlərin hamısı Pərviz Abbasov tərəfindən əsaslı şəkildə cavablandırılıb.

Pərviz Abbasov yalnız təsir altına salınmış Samir Mirzəyevin ifadəsi əsasında, heç bir sübut olmadan həbs olunub. Samir Mirzəyev də məhkəmə gedişatında ətraflı olaraq ifadəsini təsir altında verdiyini bildirdi. Qeyd etdi ki, ayrı-ayrı şəxslərdən pul alaraq onları klinikaya yerləşdirəcəyi vədini özü verib. Bu əməllərindən Pərviz Abbasovun xəbəri olmayıb. O, Pərviz Abbasovun ona etibarından sui-istifadə etməsinin peşmançılığını çəkir”,- deyə vəkillər müdafiə çıxışında bildirib.

Musavat.com Pərviz Abbasovun məhkəmə araşdırması zamanı çıxışını əldə edib.

P. Abbasov həmin çıxışında əvvəlcə saxlanıldığı gün baş verənlərdən danışıb:

“Saat 6-da əməliyyatçılar iş otağıma daxil oldu. Mənim komputerimdə, telefonumda kod olmayıb, otağımda seyf yox idi. Yoxlamağa, axtarmağa başladılar.

Çantamda olan qeyd dəftərimi götürdülər. Həmin dəftərdə vaxtı ilə tibb universitetində çalışdığım müddətdə apardığım qeydlər var idi.

Əməliyyat zamanı maaş kartım, evimin açarları olan pul qabım açılıb, çəkiliş edilib. Çəkilişdə göstərilən həmin məbləğ mənim aylıq maaşımdan da az olub. Mən aylıq 7500 manat əmək haqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əmək haqqımdır”.

Pərviz Abbasov həbsinin dördüncü ayında həmin əməliyyat görüntülərinin yayılmasından xəbərdar olduğunu söyləyib:

“4 ay sonra bilmişəm ki, bu video hazırlanıb və televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar.

Videoçəkilişdə mən deyirəm ki, bunları niyə çəkirsiniz, nə axtarırsınız? İzah edirəm ki, bunlar mənim evimin açarı, öz pulumdur. Amma bütün bunlar nəzərə alınmadı, dinlənmədi. Xahiş edirəm ki, həmin görüntülər araşdırılsın”.

O əlavə edib ki, hazırda təqsirləndirilən şəxslərdən yalnız Samir Mirzəyevi tanıyır:

“Digərlərini tanımıram. Hamısını burada, istintaqda tanımışam, görmüşəm. Samir Mirzəyevlə yaxın tanışlıq, dostluq münasibətlərimiz olub. Mənə avtomobilimi alıb-satmaqda kömək edib. Onun özü və yaxınları da koronavirusa yoluxanda klinikada müalicə alıb”.

“Yeni Klinika”nın direktoru olan zaman işlə bağlı gün ərzində 60-70 nəfərlə telefonla danışdığını deyən P.Abbasov klinikaya xəstə yerləşdirmək üçün xeyli sayda vəzifəli şəxslərin müraciətlərinin olduğunu söyləyib:

“Milli məclisin üzvləri, nazirliklərdən zəng edirdilər. Qonşular, qohumlar hamı zəng edirdi, xahiş edirdi.

Xəstəxananın qarşısında “üstünə benzin töküb özümü yandıracam” deyənlərin yaxınlarını da qəbul eləmişəm.

Biz fədakarlıqla çalışmışıq. Hansı vətəndaş müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək etmişəm. Heç kimi çətin vəziyyətdə qoymamışam. Amma bircə nəfərdən belə olsun pul almamışam. Saat 6-da evdən çıxıb, gecə saat 12-də qayıdırdım”.

P.Ababsov kimdənsə pul alması, klinikaya yerləşdirilməsi ittihamlarının əsassız olduğunu deyib və böyük təəssüf hissi keçirdiyini bildirib:

“Mənim tabeçiliyimdə xaotik halda 1600 işçi olub. Ayda milyonlarla manat büdcə ayrılırdı.
Mən necə maddi nemət əldə etmişəm ki, komputerimdə, telefonumda bircə qeyd olmayıb. Direktor olaraq həbs edilmişəm, amma bircə nəfər belə öz əməkdaşım, şöbə müdirim, işçimlə əlaqəyə girib pul almamışam?

40 yaşımda elmlər doktoru olmuşam. Ömrümü səhiyyəyə həsr etmişəm. İndi 40 yaşımın tamamında 4 divar arxasında qaldım.

Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum və bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım? Sizcə bu, nə qədər inandırıcıdır?

20 ilin cərrahıyam, amma bircə dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. 20 ilin cərrahı istəsəydi Azərbaycanda nələr qazanmazdı?

Çox təəssüf edirəm ki, bir qadın gəlib üzümə durdu. Təsəvvür edin ki, minlərlə insanın müalicə aldığı, minlərlə insanın gəlib-getdiyi klinikada bircə nəfər o qadın “tapıldı”. Düşünün, mən ondan, tanımadığım bir adamdan pul ala bilərəmmi?”.

P.Abbasov vurğulayıb ki, istintaq zamanı “Yeni Klinika”da olan, daha əvvəl müalicə alan şəxslərə zəng edərək onun həbs edildiyini deyiblər:

“Mənim öz qohumlarıma da zəng edib soruşublar ki, Pərviz sizdən pul alıb? Təsəvvür edirsiniz ki, istintaq belə gedib? Ailə üzvümə də zəng ediblər.

Bu qədər haqsızlığın davam edəcəyinə inanmıram. Mən ilahi ədalətə inanıram. Burada ədalət olmasa da mən inanıram ki, ilahi ədalət bir gün qələbə çalacaq. Bütün bu yalanlar dağılacaq.

Avropa və ABŞ həkimlər konqresinin üzvüyəm. Oradan zəng ediblər, mənə dəstək olmaq istədiklərini deyiblər. Amma mən razı olmamışam. Demişəm ki, mən ədalətə, dövlətimə inanıram.

Mənim üzümə duran adamlar var. Guya ki, mən kimdənsə telefonda pul istəmişəm. Bu necə mümkündür axı. İndi kim kimdən telefonda pul istəyər?”.

İttihamların əsassız olduğunu bildirən P.Abbasov qeyd edib ki, rəhbəri olduğu klinikaya hər ay dövlət büdcəsindən milyonlarla manat pul ayrılıb, amma heç zaman dövlət əmlakına göz tikməyib:

“Koronavirus xəstələri üçün ayrılan dərmanlar var idi ki, mən o dərmanların az bir hissəsini belə satsaydım, heç kimin xəbəri olmazdı. O zaman nələr qazanardım…”.

P.Abbasov Vətən müharibəsi dövründəki fəaliyyətini də diqqətə çatdırıb: “200 yaralı, qazi qəbul etmişəm. Onlardan 60 nəfərini şəxsən özüm əməliyyat etmişəm”.

İfadəsinin sonunda P.Abbasov istintaqın düzgün aparılmadığını deyib və məhkəmədən ədalət istəyib:

“Mənim barəmdə gecə saat ikinin yarısında həbs qərarı seçiblər. Mən Eskobar idim? Məhkəməyə çatanda artıq danışa bilmirdim. Saatlarla istintaqda saxlanılmışdım.

Hörmətli məhkəmə, maneələr olacaq, təzyiqlər olacaq, amma xahiş edirəm ki, bu işi ədalətli araşdırın. Haqq-ədalətin bərqərar olacağına inanıram.

Bir də diqqətinizə çatdırım ki, 20 ilin cərrahı bu ölkədə nələrə sahibdir. Bunu bilənlər bilir. Mənim nəyim varsa, nə etmişəmsə, göz qabağındadır. Ölkədə səhiyyə sistemində rüşvətin necə alındığını hamı bilir.

Mənim cibimdən pul çıxması, çəkilişlər qeydə alınması yalandır, absurddur. Bütün bunları nəzərə almağınızı xahiş edirəm”.

Suallara cavab verən P.Abbasov kimdənsə pul alması ittihamına bir də belə izahat verib:

“Mənim o qədər işçim olub. Necə ola bilər ki, deyildiyi kimi mən maddi nemətlər əldə edim, rüşvət alım, amma 1200-1600 işçimdən biri vasitəsi ilə bunu etməyim? Onlardan heç birinin xəbəri olmasın?”.

Suallara cavab verən P.Abbasov koronavirus xəstələrinin “Yeni Klinika”ya necə yerləşdirilməsini belə izah edib:

“Mən xəstələrin qəbulu ilə bağlı təlimatı Operativ Qərargahdan alırdım. Öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdim. Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə.

İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi.

Mən səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişləri ilə də adam qəbul etmişəm.Mən özüm dəfələrlə rəhbərliyimə demişəm, məruzə etmişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir. Mən özüm bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. Belə söz-söhbətlərin gəzdiyini bilirdim. Deyirdim ki, ola bilər. İşçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim.

Klinikaya gətirilən 5500 xəstədən cəmi 1 nəfər məndən şikayətçi olub. Təsəvvür edirsiniz? Mən xətasız işləmişəm. Bu rəqəm də onu göstərir. Heç kim şikayətçi deyil. Bircə bu qadın…

Digər şəxslər vasitəsi ilə pul alınması məsələsindən xəbərim olmayıb. Xəstəxanada olanlardan isə bir nəfər şikayətçidir. O da bura gəlsin, mən onu özüm başa salacam, izah edəcəm ki, vəziyyət nə yerdədir”.

P.Abbasov əməliyyat çəkilişi zamanı ofisindən çıxan pul və qeyd dəftəri ilə bağlı sualı belə cavablandırıb:

“Məndən 6650 manat pul götürüblər. Həmin ayın maaşı idi. 7500 manat maaş almışdım.

Qeyd dəftəri götürüblər. Dəftərdə olan yazılarda başqa adlar var. Həmin xəstələri başqa klinikalara müayinəyə göndərmişəm, başqa klinikalarda əməliyyat etdiyim xəstələrin adıdır, siyahısıdır. Həmin xəstələrin adına baxın, araşdırın. Heç biri “Yeni Klinika”nın sistemində yoxdur. Amma həmin şəxslərdən pul alındığı, klinikaya yerləşdirildiyi deyilir”.

Məhkəmə araşdırması davam edir.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov “Buta” klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.

Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Xatırladaq ki, prokuror ötən prosesdə çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Musavat.com

Həmçinin oxuyun

Ramiz Mehdiyev və Hacıbala Abutalıbov da dindirilsin – MƏHKƏMƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam …