Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Gəldi, 200 min götürdü. Dedi deputatların köhnə rəisi ilə bina tikirəm…”

“Gəldi, 200 min götürdü. Dedi deputatların köhnə rəisi ilə bina tikirəm…”

Keçmiş deputat, mandatını girov qoyaraq sələmçidən borc alması qalmaqalı ilə məşhurlaşan Rafael Cəbrayılovun işi üzrə zərərçəkənlərdən biri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov necə aldadıldığını danışıb.  Bildirib ki, Rafael Cəbrayılov Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərik bina tikdiklərini deyərək ondan borc adı ilə pul alıb və qaytarmayıb.

 “Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiyadan əvvəl – red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı”,-İ.Axundov deyib.

O bildirib ki, R.Cəbrayılova inandığı üçün ona borc verib.

“Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı… Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq”,-qalmaqallı tikinti baronu “Report”a açıqlamasında deyib.

Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev isə   bildirib ki, O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddialar yanlışdır: “Deyilənlər cəfəngiyyatdır”.

Qeyd edək ki, sabiq deputat Rafael Cəbrayılov hazırda həbsdədir. 2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq  bu günlərdə yekunlaşdırılıb.

İstintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …