Şənbə , Dekabr 15 2018
Ana səhifə / Kriminal / Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb

Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb

Gəncə şəhərində 15 yaşlı yeniyetmə bir qrup şəxsin təzyiqi altında evdəki seyfdən 40 min ABŞ dolları, 18 min manat və 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Sonra uşaq özü də oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a oğurlanmış yeniyetmənin atası, Ermənistanda doğulmuş Yasin Qarayev bildirib.

Qarayevin sözlərinə görə, bütün bunlar 2018-ci ilin may-iyun aylarında baş verib. Amma problem ondadır ki, cinayətdə iştirak edənlərin hamısı azadlıqda gəzirlər. Bu səbəbdən də Qarayev ailə üzvlərinin təhlükəsizliyinə görə narahatdır.

“Mən ailəmlə birlikdə 2005-ci ildən Gəncədə yaşayıram. Qəssab işləyirəm. Mənim üç uşağım var. Onların ikisi tələbədir. Bu xoşagəlməz hadisə kiçik oğlumun başına gəlib. Bu günlərdə onun 16 yaşı tamam olacaq (istintaq maraqlarına görə ad çəkilmir-red.). Kiçik oğlum mayın 5-də itkin düşüb. Mən işdə olmuşam, yoldaşım zəng edib xəbər verəndə artıq gec idi, oğlum evdə yox idi. Yoldaşım seyfin açarının yerini soruşdu. Sonra məlum oldu ki, oğlumla birlikdə seyfdəki pullar və qızıllar da yoxa çıxıb” – Qarayev deyib.

Oğurluq faktı barədə Gəncə şəhər Polis İdarəsinin Kəpəz rayon şöbəsinə məlumat verilib. İstintaq-əməliyyat qrupu hadisə yerində olub. Günlər keçib, oğul evə qayıtmayıb. Qarayevlərin oğulları ilə əlaqəsi tamamilə kəsilib, yeniyetmənin telefonu söndürülüb. O vaxtdan etibarən Yasin Qarayev dəfələrlə Gəncə ŞPİ-nin rəisi Faiq Şabanov və şəhər prokuroru Fazil Həsənəliyevin qəbulunda olub. Lakin aparılan axtarışlar heç bir müsbət nəticə verməyib. Axırda ata özü oğlunun axtarışına çıxıb. O, Bakıya gələrək müşahidə kamerası vasitəsilə çəkilmiş videokadrları yoxladıb.

“Məlum olub ki, oğlu pullarla birlikdə Bakıya gəlib. Burada onu 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Ramal adlı oğlan qarşılayıb. Mən sonra bilmişəm ki, oğlanı Gəncəyə gətiriblər, orada banda üzvləri onu gizlətməyə və oğurlamağa nail olublar. Sonda onları Valeh adlı şəxs öz “Mercedes” markalı avtomobili ilə qarşılayıb. Onlar oğlanı Göygölə kiməsə məxsus özəl əraziyə gətiriblər. Bir sutka ərzində oğlanın əllərini və ağzını skotç vasitəsilə bağlı saxlayıblar” – deyə Qarayev bildirib.

Bu müddət ərzində oğlana psixoloji və fiziki təzyiq göstəriblər. Qarayev qeyd edib ki, yeniyetməni təzyiq altında, hədə-qorxu gələrək seyfi soymağa məcbur ediblər. Bundan sonra pullar banda üzvləri arasında bölüşdürülüb. Bakıda ev kirayə edərək yeniyetməni orada gizlədiblər. Cinayətkarlar oğlanı qorxudublar ki, atası onu axtarır və çox qəzəblidir. Yeniyetməni inandırıblar ki, əgər atası onu tapsa, güllələyəcək.

Eyni zamanda, Qarayev Bakıya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirovun qəbuluna gəlib. Daşdəmirovun rəhbərliyi altında Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə itkin düşdüyü 10 iyun tarixindən 25 gün sonra Əhmədli qəsəbəsində kirayə edilmiş mənzildə tapılıb.

“Oğlum başına gələnlərin hamısını danışdı və etiraf etdi ki, bütün bu müddət ərzində psixoloji təzyiq altında olub. O, oğurluq etməsini bununla izah edib ki, banda üzvləri hər gün ona zəng edərək hədələyiblər. Cinayətdə şübhəli bilinən şəxslərin adları isə belədir – Turac, Valeh, Röyal, Ramal, Kamil, Ovçu, Nicat və Xaliq. Cinayət işinin açılmasına baxmayaraq, adıçəkilən şəxslərdən heç kəs saxlanılmayıb” – deyə ata qeyd edib.

Zərərçəkmişin atasının sözlərinə görə, avqustun 11-nə qədər şübhəlilərdən yalnız Röyal cinayət işi ilə əlaqədar olaraq istintaqa ifadə verib. O, cinayəti törətdiyini etiraf edib və bildirib ki, pulları oğlanın oğurlanmasında iştirak edən Turacla bölüb.

“Çoxsaylı müraciətlərdən sonra istintaq oğlumla Turacı, Kamili, Röyalı və Valehi üzləşdirib. Şəhriyar Abuzərli müstəntiq olaraq məni qane etmədi və onun işdən uzaqlaşdırılmasına nail oldum. Çünki o, işi qərəzli aparırdı. Hazırda işin istintaqını Fərid İsgəndərov aparır. Baş vermiş cinayətlə əlaqədar olaraq Cinayət Məcəlləsinin 145.2.1 (bir qrup şəxs tərəfindən törədilmiş qanunsuz azadlıqdan məhrumetmə), 182.2.1 (bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.3-cü (eyni hallar zorakılıq yolu ilə baş verdikdə) maddələri ilə cinayət işi açılıb” – deyə zərərçəkmişin atası bildirib.

Qarayevin sözlərinə görə, bu işdə çox sayda qaranlıq məqamlar var. Bu adamlar hələ də azadlıqda gəzirlər. Onların arasında əvvəllər məhkumluq həyatı yaşamış şəxslər də var. Kamil artıq oğurluq, hədə-qorxu yolu ilə pul tələb etmə və adam bıçaqlama üstündə tutulub. Turac əvvəllər qanunsuz silah gəzdirmə və odlu silahdan istifadəyə görə məsuliyyətə cəlb edilib. Röyal qız qaçırıb.

“Kamilin sinəsində kriminal xarakterli döymə var – şlyapalı pişik. Polis rəisi Faiq Şabanov ondan bu döymənin nə anlama gəldiyini soruşanda, o yalan danışaraq dedi: “Allah qorusun!” – Qarayev bildirib.

Qeyd edək ki, şlyapalı pişik cinayət aləmində “oğurluğu” simvolizə edir. Ümumiyyətlə, pişik cinayət aləmində alqışlanır. Rus dilində pişik anlamına gələn KOT sözü cinayətkar aləmdə “korennoy obitatel tyurmı” (həbsxananın yerli sakini) ifadəsinin abbreviaturasını təşkil edir.

Sputnik Azərbaycan-ın əməkdaşı bu cinayət hadisəsi ilə əlaqədar olaraq Gəncə şəhər prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan bildiriblər ki, Yasin Qarayevin dedikləri həqiqətdir. O, dəfələrlə şəhər prokuroru Fazil Həsənəliyevin qəbulunda olub. Hazırda cinayət işi ilə əlaqədar istintaq davam edir.

Bununla yanaşı, o da məlum olub ki, yeniyetmə şübhəli şəxslərlə tanış olub. Hər şey oradan başlayıb ki, o, ətrafındakılara onların evinə gələn pullardan danışıb. Yeniyetmə Qarayev Instagram sosial şəbəkəsində dollar və manatın şəkillərinin əks olunduğu postlar paylaşıb. Qonşusu Kamil yeniyetməyə atasından xəlvət köhnə “Zaporojets” satın almağı məsləhət görüb. Sonra onlar yeniyetməni avtomobilləri üçün təkər almağa təhrik ediblər. Daha sonra müxtəlif yollarla oğlanı pulları evdən götürməyə məcbur ediblər. Beləliklə, onlar yeniyetməni öz çirkli işlərinə alət ediblər. Daha sonra cinayətkarlar oğlanı hər şeyi atasına deyəcəkləri ilə hədələyiblər…

Qarayev bildirib ki, indi ailəsini necə mühafizə edəcəyini bilmir. O, uşaqlarının təhlükəsizliyi üçün çox narahatdır. Onun ünvanına cinayəti törətməkdə ittiham edilən şəxslərin qohumları tərəfindən də təhdidlər yağdırılır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar

Bakıda bir kişi yaşadığı “sevgi romanı” haqqında başqalarına danışıb və buna görə onu peşman ediblər. …