Bazar ertəsi , May 10 2021
Ana səhifə / Kriminal / Gəlini intihar etdi, oğlunu həbsdən qurtarmaq üçün pul verdi

Gəlini intihar etdi, oğlunu həbsdən qurtarmaq üçün pul verdi

Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləmiş Nərmin Ağalarovanın intiharından sonra başlayan məhkəmə çəkişmələrindən daha biri yekunlaşıb. 

İki uşaq anası olan Nərmin Ağalarovanın intihar etməsinə görə əri, 1982-ci il təvəllüdlü Ağalarov Rüfət Məsud oğlu həbs edilib.

O, 2019-cu ildə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Rüfət Ağalarov rəsmi nikahda olduğu, ondan maddi cəhətdən asılı olan arvadı Nərmin Ağalarovaya qarşı mütəmadi olaraq amansız rəftar edib, onu döyüb, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırıb.

İttihama görə, 2008-ci ildən etibarən nikahda olduğu arvadını qeyri-rəsmi yaşadığı və sevgili münasibətində olduğu Lətifə Sultanova ilə bir evdə yaşamağa məcbur edib.

6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Rüfət Ağalarov cəzadan narazı qalaraq əvvəlcə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Ona təyin edilmiş cəza ilə bağlı hökm qüvvədə saxlanıldıqdan sonra R.Ağalarov Ali Məhkəməyə üz tutub. Ali Məhkəmədə hökmü qüvvədə saxlayıb.

Həmçinin Rüfət Ağalarovun atası dələduzluqla üzləşib. Belə ki, Rüfət Ağalarovun atası Məsud Ağalarov 21 min manat pul verdiyi Elsevər Mirzəyev tərəfindən aldadılıb.

Məlum olub ki, Məsud Ağalarov oğlunun həbsdən çıxarılması, mülki işlərə görə davam edən məhkəmə işlərinin həlli üçün Elsevər Mirzəyevə pul verib. Amma Elsevər Mirzəyev vədinə əməl etməyib.

Elsevər Mirzəyev Məsud Ağalarovun şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Məlum olub ki, Elsevər Mirzəyev barəsində daha 3 nəfər də şikayətçidir. Elsevər Mirzəyevin kimliyinə gəlincə isə onun hüquqşünas kimi fəaliyyət göstərdiyi bildirilir.

Dələduzluqda ittiham edilən Elsevər Mirzəyev Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Musavat.com

Həmçinin oxuyun

Fransada azərbaycanlı mühacirləri qanunsuz işlərə cəlb edən qruplaşma aşkarlandı

Fransanın şimal-qərbindəki Rannes şəhərində Azərbaycandan gedən mühacirləri qeyri-leqal çalışdıran və onların hesabına milyonlarla avro qazanan …