Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Gədəbəydə birgə yaşadığı qadını öldürüb Ermənistana qaçdı – TƏFƏRRÜATLAR

Gədəbəydə birgə yaşadığı qadını öldürüb Ermənistana qaçdı – TƏFƏRRÜATLAR

2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Həsənova Qəşəng Ramazan qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Anar Qiyas oğlu tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ermənistan Respublikasının Geqarkunik vilayətinin Artanis kəndi istiqamətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya Sülhməramlıları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.

Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.

Qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova boşandıqdan sonra yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən 1 gün əvvəl isə Anar Qəşənglə qadının anasının Daryurddakı evində olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxsə yaşlı qadının evinə ayaqqabı ilə daxil olduğuna görə irad bildirib. Onların arasında mübahisə yaranıb.

 Bundan bir gün sonra isə Novosaratovkadakı evdə olanda Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq onu söyüb. Qəşəngin onu söyüb təpiklə vurmasından sonra Anar da onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.

Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib./Publika.az

Həmçinin oxuyun

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var…”

Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon …