Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Fındıq işində yaxşı pul var, ancaq… – ARAŞDIRMA

Fındıq işində yaxşı pul var, ancaq… – ARAŞDIRMA

Məlum olduğu kimi prezident İlham Əliyev ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görülməsi üçün hökümətə konkret tapşırıqlar verib. Ölkə başçısının tapşırıqlarından sonra regionlarda xüsusi qərargahlar yaradılıb, yeni fındıq bağlarının salınmasına başlanılıb. Yaxın günlərdə fındiq istehsalçılarından ibarət nümayəndə heyətinin xaricə səfərləri təşkil olunacaq.

Ötən il fındıq ixracı ölkəyə 90 milyon dollar gəlir gətirib. Yaxın illərdə istehsalın 2-3 dəfə artırılması nəzərdə tutulub və təbii ki, istehsalla yanaşı ixracın da artması ölkəyə daha çox gəlir gətirəcək.

Bəs ölkəyə daha çox valyuta gətirməsi üçün imkanlar olan fındıqçılığın inkişafı ilə bağlı hansı tədbirlər görüləcək? Hazırda ölkədə nə qədər fındıq istehsal olunur? İstehsalın artması üçün fermerlərə güzəştlər nəzərdə tutulubmu? 

Virtualaz.org saytı bu və digər suallara cavab axtarıb.

Daha 40 min sahədə bağlar salınacaq

 

“Hazırda 32 min hektar sahədə fındıq bağları var. Prezident İlham Əliyev 40 min hektar yeni fındıq bağı salınmasını tapşırıb. Bu tapşırıqdan sonra 1500 hektardan çox sahədə yeni əkin aparılıb. Demək olar ki, hər gün əkin gedir”,-Kənd Təsərrüfatı Nazirliyinin  bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov virtualaz.org saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, rayonlarda qərargahlar yaradılıb. “Mütəxəssislərin iştirakı ilə müzakirələr aparıldı. Yeni fındıq bağlarının salınması üçün 12 rayon müəyyənləşdirildi. Hansı ki, həmin rayonlarda tarixən fındıq bağları olub”, – şöbə müdiri deyib.

 

Rəsmi statistika

 

Statistikaya əsasən ötən il 32,6 min ton fındıq istehsal edilib. İ.Cümşüdov deyir ki, məhsuldarlıq 11-12 senyner olub. “Biz məhsuldarlığın artırılmasına çalışarıq. Ötən il hər hektardan 1 ton məhsul alınıb. Buna görə də yeni əkin sxem üzrə aparılır. Çalışırıq ki,  hər hektardan 2 ton yarım məhsul götürək”,-Cümşüdov deyir.

Kənd Təsərrüfatı Nazirliyindən onu da deyirlər ki, fermerlər fındığın alış qiymətindən narazı deyillər. 1 kiloqram yaş fındıq təxminən 4-5 manata alınır. Bu isə fermerə sərf edir. Üstəlik fermerlərə güzəştlər də verilir.

 Dünya bazarında isə fındığın 1 kiloqramı 14 dollaradır. 

“Hazırda dünya bazarında fındığın 1 kiloqramı təxminən 14 dollardır. Digər məhsullardan fərqli olaraq fındığın alış qiyməti tez-tez dəyişir. Təbii ki, söhbət keyfiyyətli məhsuldan gedir”.

Bunu isə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir.

V.Məhərrəmov söyləyir ki, fındıq istehsalı ilə məşğul olan ölkələrin sayı azdır. Buna görə də Azərbaycanın ixrac imkanlarının artırılmasına şərait var: “Fındıq satışından ən çox Türkiyə gəlir götürür.  Son illər isə Gürcüstan bu işlə ciddi məşğul olmağa başlayıb”. 

Azərbaycan Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə fındıq ixrac edir. Azərbaycan fındığının əsas alıcısı Avropa ölkələridir, ötən il məhsulun 66 faizi bu ölkələrə satılıb. Yerli fındığının tonu orta hesabla 7 min 384 dollara olub.

Yerli məhsullar ölkə bazarında da satışa çıxarılır. Amma İran, Türkiyə və digər ölkələrdən də qabıqlı və təmizlənmiş fındıq gətirilir. Hazırda qabıqlı yerli fındığın  1 kiloqramı 7-10 manat arasında dəyişir. Təmizlənmiş ləpənin 1 kiloqramı isə 24-32 manat arasında satılır.

 

İxrac artacaq

 

Yaxın günlərə fındıq istehsalçılarından ibarət nümayəndə heyətinin xarici ölkələrə səfəri təşkil olunacaq.

Bunu isə İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyir. A.Əliyevin sözlərinə görə, onlar Azərbaycan brendi ilə məhsulları tanıdacaqlar: “İlk ixrac missiyası Çinə yola salınıb. Fındıq istehsalçılarının da dövlətin maliyyəsi ilə xaricə səfərləri təşkil olunacaq. Onlar məhsulları tanıdacaqlar, yeni alıcılar müəyyənləşdirəcəklər”.

V.Məhərrəmov deyir ki, bu sahənin inkişafı mümkündür, yetər ki, problemlər həll edilsin. “Fındıq, şabalıd bağlarının saxlanılmasında müəyyən çətinliklər yaranıb. Çünki iqlim dəyişiklikləri özünü göstərir. Fermerlər suvarma problem ilə üzləşirlər. Oğuz-Qəbələ-Bakı su kəməri yerlərdə problemlər yaradıb. Torpağın münbitləşdirilməsi, suvarma sisteminin qurulması çox vacibdir. Əvvəlcə torpaq münbit hala gətirilməlidir. Bundan əlavə, iqlim dəyişiklikləri mütləq nəzərə alınmalıdır”,-ekspert deyir.

Bəllidir ki, qiymət birbaşa keyfiyyətdən asılıdır. Ekspert deyir ki, məhsulun keyfiyyətinin artırılması üçün xəstəliklərin qarşısını almaq lazımdır. “Fındığın əsas problemlərindən biri bu məhsulda tez-tez müşahidə olunan atlatoksin xəstəliyi ilə bağlıdır. İxraca yönəldilən fındıq tam keyfiyyət göstəricilərinə uyğun olmalıdır. Fermerlərin maarifləndirilməsinə ehtiyac var. Azərbaycan Türkiyənin təcrübəsindən istifadə etməlidir”,-eskpert deyib.

Hazırda dünya üzrə fındıq istehsalına görə 72 faizlə Türkiyə liderdir. İkinci yerdə 9 faizlə İtaliya dayanır. Azərbaycan 3 faizlə üçüncü yerdədir. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın