Ana səhifə / Kriminal / Fərhad Əliyev Sumqayıta investisiya qoyur

Fərhad Əliyev Sumqayıta investisiya qoyur

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunan və 8 il sonra əfvlə azadlığa çıxan Fərhad Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibidir.

Həbsdən buraxılandan sonra Azərbaycanı tərk edən və Belarus da daxil olmaqla bir sıra xarici ölkələrdə biznes layihələri ilə məşğul olan keçmiş nazirin ölkəyə döndüyü, bəzi investisiya layihələri həyata keçirməyə başladığı haqda çoxdan söz-söhbətlər yayılmışdı. İndi qaynar.info portalı yazır ki, F.Əliyevin Azərbaycandakı biznes layihələrindən biri  Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən sürtgü yağları istehsal edən zavodun tikintisidir.

Həmin zavodu keçmiş nazirin qurduğu “Alco Lubricant Company” MMC inşa edir. Zavodun investisiya dəyəri 10 milyon manatdır və orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur. Şirkət 2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub. Zavodun  bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

Şirkətə investisiya təşviq sənədini iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təqdim edib. “Alco Lubricant Company” Sumqayıt Kimya Sənaye Parkının 9-cu rezidenti olub. Şirkətin qurduğu zavod alman texnologiyaları əsasında sürtgü yağları istehsal edəcək. “Alco Lubricant” sürtgü yağları üzrə alman brendidir.

Belə görünür ki, Fərhad Əliyev əfv olunandan sonra vaxtilə yığdığı kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb. Məlumdur ki, Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldova bizneslə məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf etdiriblər. Fərhad Əliyevin nazir təyin olunması Əliyev qardaşlarının biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb.

Lakin Fərhad Əliyev həbs olunandan sonra onların akivlərinin bir çoxu əllərindən alınmışdı. Bununla belə şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor zonalarda kapitallarının bir qismini gizlədə biliblər. Və Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa başlamışdılar. İndi isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki, kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya yatırsınlar. (Virtualaz.org)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın