Ana səhifə / Kriminal / Fədayə Laçın mahnı oxudu, şahid dustaq ifadəsini dandı: “Qara dustağam mən”

Fədayə Laçın mahnı oxudu, şahid dustaq ifadəsini dandı: “Qara dustağam mən”

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Proses başlamadan əvvəl Fədayə Laçın mahnı oxumağa başlayıb. O, qısa olaraq “Kimlər gəldi, kimlər getdi” mahnısını səsləndirib.
Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə şahid qismində Əli Dadaşov ifadə verib.
Şahid bildirib ki, Bakıdan-Lənkərana etap olunan dustaqlardan biri olub və indi də həbsdədir.
“Mən burdakıların heç birini tanımıram. Həmin günü etap olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb”- deyən şahid qeyd edib ki, istintaq təcridxanasında müstəntiq tərəfindən dindirib.
Şahidin ifadələrində ziddiyyət olduğundan istintaqa verdiyi ifadə elan edilib.
Şahid həmin ifadəsində deyib: “”Qoca” ilə Tahir Məlikov mənimlə bir neçə dəfə etap olunub. Həmin vaxtı onlar qatarda sərbəst hərəkət edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə “Qoca” həmin pullu yerlərdə gedib-gəlirdilər”.
Suallara cavab verən şahid istintaqda belə bir ifadə vermədiyini deyib: “Mən qara dustağam. Bilmədiyimi, görmədiyimi yalandan danışa bilmərəm”.
Vəkillər şahidi dindirən müstəntiqin əlavə şahid kimi dindirilməsi ilə bağlı vəsatət verib. Hakim əsas şahidlərin dindirilməsindən sonra bu məsələyə baxılacağını deyib.
Məhkəmə prosesi sentyabrın 26-da davam etdiriləcək.
Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …