Ana səhifə / Kriminal / Fədayə Laçın: “Şəkillərimizi “Malış”çəkdi”

Fədayə Laçın: “Şəkillərimizi “Malış”çəkdi”

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Open.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakiminin köməkçisi Tofiq Canıyev ifadə verib.
Şahid bildirib ki, hadisədən əvvəl Etibar Məmmədov və digər dustaqların geri qaytarılması ilə bağlı məhkəmənin qərarı olmayıb: “Məlumatı sonradan bildim. Hakimin isə xəbəri əvvəldən olub”
Prosesdə şahid qismində Lənkəran Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyev ifadə verib.
Sabiq rəis müavini qeyd edib ki, məhkəmənin təxirə salınacağı barədə ona deyilib: “Fədayə Laçın şöbəyə gəldi. İcazə yox idi. Xahiş elədi, müğənni olduğu üçün rəisin yanına apardım. Amma qadın olduğu üçün üstündə axtarış aparmadıq”.
O da məlum ki, dustaqların qaçması səbəbindən Səadət Tağıyev polis orqanlarından xaric edilib.
Fədayə Laçın isə bildirib ki, təcridxanada Etibarla Ə.Fərəcovun yanında görüşüb: “Etibarla şəkillərimizi “Malış” ləqəbi ilə tanıdığımız oğlan çəkdi”.
Vəkil Gülşən Salmanova Lənkəran, Masallı və Astara rayonlarının polis rəislərinin məhkəmədə əlavə şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib. Vəsatət baxılmamış saxlanılıb. Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Həmçinin oxuyun

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində …