Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Emin 444”ün qətlini dünya çempionu sifariş verib – iddia

“Emin 444”ün qətlini dünya çempionu sifariş verib – iddia

Qətldə iştirak edənlərin adları bilindi; qəddar cinayətdə 2-3 müxtəlif bıçaqdan istifadə olunub

“Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində bir neçə nəfərin iştirak etməsi haqda məlumat vermişdik. Mərhumun xalası oğlu Royal Əkbərov bildirmişdi ki, qətldə azı 6 nəfər iştirak edib. Qətllə bağlı redaksiyamıza daxil olan son məlumatlara görə, Emin Səfərovun qətlini kikboksinq üzrə dünya çempionu Zaur Yusifov sifariş edib. Onun adı qətldə həm də iştirakçı kimi keçir.

İddialara görə, qətldə Zaur Yusifov, qardaşı Zamiq Yusifov, atası Əli Yusifov, Vüqar adlı bacısı oğlu, qanlı olaydan sonra həbsə alınan Həsən Tağıyev və digər şəxslər iştirak ediblər. Qətlin dünya çempionu Zaur Yusifovla Emin Səfərovun aralarında baş vermiş mübahisə zəminində törədildiyi bildirilir. Qeyd olunur ki, Emin Səfərov Zaur Yusifova sələmə pul verməsini dəfələrlə irad tutub. Bu da Zaur Yusifova xoş olmayıb. Dünya çempionunun qardaşı ilə də Emin Səfərov arasında  mübahisə olub.

Qətldən sonra həbs edilən 1995-ci il təvəllüdlü Həsən  Tağıyev Yusifovların ətrafında gəzən, onların tapşırıqlarını yerinə yetirən şəxsdir. Onun qətli boynuna götürməklə Yusifovları istintaqdan kənar saxlamağa cəhd olunduğu bildirilir.

Mərhumun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda  Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kiliniki Tibb Mərkəzə  müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, qətl əvvəldən planlaşdırılıb. Emin Səfərov hadisə günü 6-cı mikrorayondakı parkın qarşısında dostları ilə dayanıblar. Həmin vaxt Əli Yusifov onlara yaxınlaşıb, Emin Səfərovdan onunla getməsini istəyib. Deyib ki, onu oğlu Zaur Yusifovla barışdırmaq istəyir. Emin Səfərovun maşını ilə Əli Yusifov ərazidən uzaqlaşıb. Emin Səfərovun yaxınları deyir ki, dostları Əli Yusifovun onu ərazidən aldadıb aparmasının şahidi olduğundan belə bir ssenari qurulub – Əli Yusifovun qoluna yüngül bıçaq xəsarəti yetirilib. Sonradan deyə bilsinlər ki, Əli Yusifov guya Həsən Tağıyevlə Emin Səfərovu aralamaq istəyərkən ona da bıçaqla xəsarət yetirilib.

Royal Əkbərov ile ilgili görsel sonucu

Zaur Yusifov 

“Eminin Həsən Tağıyevlə heç bir mübahisəsi olmayıb. Onun mübahisəsi Əli Yusifovun oğlu Zaurla olub. Əli Yusifov Emini parkın qarşısından aldadıb aparanda da ”gedək oğlumla barışdırım sizi” deyib. Yəni Əli Yusifov deyə bilərdi ki, “gedək oğlumun işlərinin dalınca ora-bura qaçan Həsən Tağıyevlə barışdırım sizi”. Belə desəydi, əlbəttə ki, Emin onunla getməzdi. Çünki Eminin Həsənlə problemi olmayıb. Zaur Yusifovun sələmçilik etməsi, camaatı zəhərləməsi zəminində olub bu söhbətlər. Bunu 6-cı mikrorayonda bilməyən yoxdur” deyə,  Emin Səfərovun yaxınları bildirirlər.

Qeyd edirlər ki, Emin Səfərovun qətlində 6 nəfərin iştirak etməsinin şahidləri var. Bundan başqa, hadisə   yaxınlıqdakı villalardan birinin nəzarət kameralarının əhatə dairəsində baş verib: “İstintaq həmin videogörüntüləri villa sahibindən almaqla qətlin tam təfərrüatını, kimlərin orada iştirakını təsbit edə bilər. Eminə 2-3 müxtəlif bıçaqla xəsarətlər yetirilib. Bunu məhkəmə tibb ekspertləri də müəyyən edib. Emin Səfərovun bədəni üzərində 78 bıçaq xəsarətinin izini müəyyən ediblər. Həmin xəsarətlər müxtəlif bıçaqlarla yetirilib. Yəni bıçaq izləri belə qətlin bir neçə nəfər tərəfindən törədilməsinə dəlalət edir. Tələb edirik ki, məsələ araşdırılsın”.

Royal Əkbərov ile ilgili görsel sonucu

Emin Səfərov

Qeyd edək ki, mərhumun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə növbəti mübahisə olub.

Sitat: “Emin cinayət aləminin üzvü deyildi, sadəcə, kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu. Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqların telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə ”Vinçestr” silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub. Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm”.

Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir.

Emin Səfərov mayın 10-da Bakının Binəqədi rayonunda xüsusi qəddarlıqla qətlə yetirilib. O, İsrafil Həşimov küçəsində öldürülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …