Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Kriminal / Elmar Məmmədyarovun dönəmində XİN-də “pul silmə” mexanizmi necə işləyirdi?

Elmar Məmmədyarovun dönəmində XİN-də “pul silmə” mexanizmi necə işləyirdi?

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu günki məhkəmə prosesində şahid qismində Çingiz Abışov dindirilib. Məlum olub ki, onun da adına şirkətlər açılıb.

Şahidin sözlərinə görə, “Əmrahbank”da çalışan Rövşən Məmmədov ona təklif edib ki, adına şirkətlər yaradılsın və pul qazansın:

“Mən də razılaşdım. Çünki həmin vaxt işləmirdim. Aylıq 300 manat əməkhaqqı alırdım. İşim ondan ibarət idi ki, hər pul əməliyyatında banka gəlib sənədlərə qol çəkirdim. Həmin vaxt orada Asif adlı şəxsi görürdüm. 2 ilə yaxın əməkdaşlıq etmişəm. Asifin harada işləməsindən xəbərim yox idi”.

Amma şahidin məhkəmədə dedikləri ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olub.

O, istintaqda Asifin Xarici İşlər Nazirliyinin əməkdaşı olduğunu, pulların Səlim Əlizadəyə çatdığın deyib. Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib, amma Səlim Əlizadəni tanımadığını bildirib.

Şahid qismində dindirilən Tural Niftəliyev də eyni prosesin iştirakçısı olub. Onun da adına şirkət açılıb, hesabına pul köçürülüb: “Köçürülən pulu çıxarıb Rövşən Məmmədova vermişəm. Qarşılığında mənə 5 manat pul verirdi. Ümumilikdə adıma 19 min manat pul gəlib”.

Prosesdə şahid qismində dindirilən Günel İsayeva deyib ki, bankda çalışan Rövşən Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: “Mən mühasibəm. Bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətim yaranmışdı. O təklif etdi ki, Səlim Əlizadə ilə işləyim. Səlim Əlizadə mənə adıma şirkət yaratmağımı təklif etdi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Şirkətə mallar gəlirdi. Mən də bir neçə dəfə bankın qarşısında malları görmüşəm. Ümumilikdə şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə pul verilib. Vergilər də onlar tərəfdən ödənilib”.

Məhkəmədə dindirilən digər şəxslərin də adına şirkətlər açılıb, hesablarına pul köçürülüb. Pullar nağdalaşdırılaraq Səlim Əlizadəyə verilib.

Rəsmi ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib. F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb./Virtualaz.org

Həmçinin oxuyun

İlahiyyatçı baş redaktor həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.Bu barədə vəkil Cavad Cavadov məlumat verib.O bildirib …