Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Elman Rüstəmovun səlahiyyətləri azaldıldı

Elman Rüstəmovun səlahiyyətləri azaldıldı

Mərkəzi Bank artıq dövlət qurumu deyil; ekspertlər qurumun publik hüquqi şəxs olmasının səbəblərini izah ediblər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli Qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir. 
Ekspertlər Mərkəzi Bankın publik hüquqi şəxs olmasının səbəblərini izah ediblər. Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın statusu dəyişdirilib və o, publik hüquqi şəxsə çevrilib: “Artıq bundan sonra Mərkəzi Bank dövlət orqanı deyil. Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır. Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə aldıqda bank sektorunun qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac vardı. Manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir.
Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur. ABŞ-ın Federal Rezerv Sistemi də müstəqil qurumdur. O baxımdan, belə praktika var. Mərkəzi Bankın publik elan edilməsi əslində səlahiyyətlərinin əksər hissəsinin alınıb Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsindən sonra baş verib. Burada nəzərə alsaq ki, Mərkəzi Bankın səlahiyyətləri kiçilib, artıq bank sektorunda əvvəlki səlahiyyətlərə malik deyil. Banklara nəzarəti həyata keçirəcək qurum deyil artıq. Həmin nəzarət palataya həvalə edilir. Publik hüquqi şəxs məsələsi əslində Mərkəzi Bankın səlahiyyətlərinin kiçildilməsindən sonra baş verdi. Bununla da Mərkəzi Bank dövlət qurumu kimi fəaliyyət göstərmir”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, Mərkəzi Bankın dövlət qurumu olmaması ilə bağlı bir çox ölkələrin təcrübəsi var: “Bir çox ölkələrdə belə təcrübə var. Mərkəzi banklar bəzi ölkələrdə hətta özəl qurum kimi fəaliyyət göstərirlər. Məsələn, Amerikada Federal Rezerv Sistemi tamamilə özəl qurumdur. Amma Konqres qarşısında hesabatlılığı var. Yəni belə təcrübə var. Azərbaycan da bu təcrübədən istifadə etmək istəyir. Amma bunun səbəbləri fərqlidir. Azərbaycanda belə mexanizmlərin yaradılması və belə keçidin olmasının bir neçə səbəbi var. Birinci ondan ibarətdir ki, Mərkəzi Bank son dövrdə kifayət qədər nüfuzunu itirmiş bir quruma çevrilib. Devalvasiyaların həyata keçirilməsində öndə olduğu üçün həm də ölkədə fəaliyyət göstərən banklarla ciddi problemləri yaşandı. Çünki devalvasiyalardan sonra əziyyət çəkən qurumlardan biri əhali ilə paralel olaraq həm də banklar oldu. Çünki bankların da kifayət qədər xarici öhdəlikləri və borcları var idi. Banklarla Mərkəzi Bank arasında, obrazlı desək, soyuq müharibə yaşanırdı. Bankların idarə olunmasında Mərkəzi Bankın rolu qıcıq yaradırdı artıq. Ona görə də Mərkəzi Bankın banklara nəzarət etmə funksiyası demək olar ki, tamamilə Mərkəzi Bankın əlindən alındı. Artıq banklara digər bir qurum, yeni yaradılmış qurum tərəfindən nəzarət olunması, fəaliyyətinin yoxlanılması və fəaliyyətində olan bəzi çətinliklərin aradan qaldırılması üçün qanunvericlik bazasını və qərarvermə səlahiyyətlərini Mərkəzi Bank icra etməyəcək. Bu, birinci səbəbdir. Çünki Mərkəzi Bankla banklar arasında yaranmış qeyri-sağlam mühit ümumi bank sektoruna təsir göstərirdi”.
Ekspertin sözlərinə görə, ikinci səbəb ondan ibarətdir ki,  Mərkəzi Bankın devalvasiyada öncüllük etməsi bir yandan hökumətin də sığortalanmasına səbəb olmalı idi: “Yəni bundan sonra düşünürəm ki, hətta hökumət nümayəndələri belə Mərkəzi Bankın işini ciddi tənqid etməyə başlayacaqlar. Çünki əvvəllər dövlət qurumu olduğu üçün Mərkəzi Bankın fəaliyyətini tənqid edə bilmirdilər. İndi isə düşünürəm ki, devalvasiyalarla bağlı bütün məsuliyyəti Mərkəzi Bankın üzərinə atacaqlar. Mərkəzi Bank artıq ”islanmışın yağışdan nə qorxusu” prinsipi ilə devalvasiyaları və manatın məzənnəsinin zəifləməsini sona çatdırmağa çalışacaq. Üçüncü səbəb isə odur ki, bəzi beynəlxalq auditlər Azərbaycanda belə bir keçidin ümumi iqtisadi mühit üçün zəruri addım olma ehtimalından çox danışırdılar və hökumətə tövsiyələr verirdilər. İllərdir bu, davam edirdi. Hökumət də sanki indiki situasiyada bir şəraitin yarandığını düşünərək bu addımı atıb həm də beynəlxalq qurumlara bir mesaj verir ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və yaxud keçirilməyə başlandı. Bu mesaj çox vacibdir. Azərbaycanın reytinqi aşağı düşdükcə, beynəlxalq maliyyə bazarlarına çıxışı da çətinləşəcək. Ona görə belə bir mesajın verilməsi, beynəlxalq imicin bu sahədə bir az reabilitasiya olunması vacibdir. Bəzi məsələlər də var. Bizim əlimizdə faktlar yoxdur. Bəzi məsələlər bundan ibarət idi ki, Mərkəzi Bankla Maliyyə Nazirliyinin arasında da fikir ayrılıqları və toqquşmalar olub. Bu döyüşdən Maliyyə Nazirliyi qalib çıxdı. Maliyyə Nazirliyi artıq Mərkəzi Bankın bəzi funksiyalarının ondan alınmasına nail oldu. Bu barədə danışıqlar var, amma faktla təsdiq etmək, sübut etmək imkanımız olmadığı üçün öncə sadaladığım üç faktoru əsas sayıram ki, bu məsələnin, qərarın verilməsində bu üç faktor önəmli rol oynadı”.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …

Bir cavab yazın