Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Elman Rüstəmovdan 29 faiz təklifi

Elman Rüstəmovdan 29 faiz təklifi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovla bank rəhbərlərinin görüşündə kredit faizlərinin azaldılması ilə bağlı məsələ müzakirə olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, baş bankirin bank rəhbərlərinə verdiyi tövsiyələrdən biri də istehlak kreditlərinin faizinin aşağı salınması ilə bağlı olub. E. Rüstəmov təklif edib ki, istehlak kreditləri üçün maksimum 29 faiz təyin edilsin.

Qeyd edək ki, artıq bir neçə ildir ölkədə kredit faizlərinin yüksək olması barədə kütləvi narazılıq var. Ölkə başçısı, parlament rəhbərliyi, millət vəkilləri səviyyəsində məsələyə ciddi etirazlar edilib. Manatın devalvasiyasından sonra isə kredit faizləri əhaliyə fantastik həddə təklif edilir. Eyni zamanda kreditlərin ödənilməsi ilə bağlı ciddi problemləri yaranıb.

Onu da xatırladaq ki, Mərkəzi Bank 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. Bu, sayı təxminən 9 milyon 500 min olan əhalinin 26 faizdən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var.

Belə olan halda istehlak krediti faizlərinin maksimum 29 faiz olmasının əhaliyə və bank sektoruna hansı təsirlərinin olacağı ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, ölkədə kredit faizlərinin yüksək olması hər kəsə bəllidir: “Xüsusilə də, manatın devalvasiyasından sonra manatla verilən kreditlərin faizində yüksək artım müşahidə olundu. Banklar manat qıtlığı ilə üzləşdi və buna görə də kreditləri dollarla təklif etdilər. Manat kreditinə tələbatın artması, dollara isə azalması faiz dərəcələri arasında kəskin fərq yaratdı. Manat kreditinin faizi 30-u da keçdi və bəzi bank olmayan kredit təşkilatlarında bu rəqəm 35-40 faiz arasında dəyişdi. Dollar kreditləri isə 22-24 faizlə təklif edildi. Bunun ardaınca Mərkəzi Bankın komisyon haqlarının 1 faizə endirməsi ilə bağlı verdiyi qərardan sonra manat kreditlərinin faizi daha da bahalaşdı. Nəzərə alsaq ki, istehlak kreditləri ilə ixtisaslaşmış banklarda komisyon haqları 7-8 faizdən çox olub, komissiya haqlarının bir faizə salınması ona gətirib çıxardı ki, banklar komisyon haqlarında itirdiklərii pulu faizlərlə kompensasiya etdilər. Bu da kredit faizlərini daha da bahalaşdırdı. Ona görə də Mərkəzi Bank inzibati yolla bankları məcbur etdi ki, kredit faizlərini aşağı salsın və bu rəqəm maksimum 29 faiz olsun”.

Ekspert hesab edir ki, inzibati metod hardasa effekt verə bilər, amma bu effekt, çox təəssüf ki, qısamüddətli olacaq: “Bu faiz dərəcəsinin aşağı salınması banklara problem yaradacaq. Kredit faizlərinin yüksək olması ilə yanaşı onun xərcləri də yüksəkdir. Bu yolla kredit faizlərini aşağı salmaq olmaz. Bu gün kredit faizlərinin yüksək olmasının banklardan kənar olan səbəbləri də var. Kənar səbəblər faizlərə daha çox təsir edir, nəinki bankın daxili səbəbləri. Ona görə də bu qərar bank sektoruna mənfi təsir göstərəcək. Onsuz da 29 faiz də əhali üçün məqbul sayılmır. Bankları isə qarşıda ciddi sınaqlar gözləyir. Çox güman ki bu proses bəzi bankların, bank filiallarının bağlanması və ya başqasına birləşdirilməsi, ixtisarların aparılması ilə müşahidə olunacaq”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın