Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Eldar Mahmudovun müstəntiqi hakim mantiyasında narazılıq yaradır

Eldar Mahmudovun müstəntiqi hakim mantiyasında narazılıq yaradır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi olmuş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Novruz Kərimov barəsində ölkə rəhbərliyinə, Məhkəmə Hüquq Şurasına şikayət göndərilib.

Şikayətə imza atan Elmar  Əfrad oğlu Səmədov, Cəmil Cavanşir oğlu İsmayılov, Gülşən İgid qızı Zeynalova, Ehram Atamalı oğlu Abbasov, Zaman Afrad oğlu Səmədov, Nadir Mirzəcan oğlu Mirzəyev və Səfər Yusifov  hakim Növruz Kərimovun qanunsuz əməllərinin araşdırılmasını istəyirlər. Gununsesi.org vətəndaşların şikayətini yayıb. Həmin şikayətdə yazılır:

Hörmətli Cənab Prezident və səlahiyyət sahibləri!

Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov)1(101)-100.18 saylı 14.05.2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Firdovsi Səfər oğlu Səfərov haqqında CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirlmədiyi əsası ilə barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılıb.

Hörmətli səlahiyyət sahibləri!

Hakim Novruz Kərimov qanunsuz, şəxsi maraqlarını rəhbər tutaraq ədalətsiz, şəxsi ambisiyalarına uyğun olaraq 9 epizod üzrə təqsirləndirilən şəxsə bəraət verdi. Halbuki təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsindəki icraat zamanı dindirilimiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilib.

Lakin birinci instansiya məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov tam, hərtərəfli və obyektiv araşdırılma aparmayıb, məhkəmə Firdovsi Səfər oğlu Səfərovun müdafiəçisi rolunda çıxış etdi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri təhrif edildi, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə qanunsuz, əsassız olaraq bəraət verib.

Xüsusilə qeyd etmək lazımdır ki, hakim Novruz Kərimov  həm zərərçəkmiş, həm də mülki iddiaçı kimi məhkəmə baxışı zamanı verdiyimiz ifadələri təhrif etmişdir. Hətta təqsirləndirilən şəxs həyasızcasına artıq bəraət hökmünün cibində olduğunu bildirib. Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin qəbulunda olduq, şikayət ərizəmizi qeydiyyatdan keçirmişik, yəni Firdovsi Səfərov artıq bəraət hökmünün hazır olduğunu bilirdi.

Qeyd edək ki, hakim tərəfindən ifadələrimiz saxtalaşdırılıb. Belə ki, ümumiyyətlə, məhkəmədə zərərçəkmiş şəxslər bir-birini tanımadğı halda hakim hökmdə göstərmişdir ki, guya biz əvvəldən bir-birimizi tanımışıq. Məhkəmə hökmünə hüquqi don geyindirmək üçün Novruz Kərimov belə addım atıb, yəni ifadələrimiz saxtalaşdırılıb.

Hökmlə tanış olduqda adama elə gəlir ki, biz yalnız borca pul vermişik. Əslində məhkəmə məhz həmin məqsədlə də protokolu saxtalaşdırıb. İbtidai istintaq zamanı verdiyimiz ifadələrdə bütün məsələləri geniş şəkildə açıqlamışıq.

Bundan başqa bildiririk ki, Novruz Kərimovun çıxardığı hökmə əsasən guya Firdovsi Səfərov antifriz, maşın yağlarının topdan və pərakəndə ticarəti ilə məşğul olmayıb, bu ticarətdən gəlir əldə edəcəkləri adı altında zərərçəkmiş şəxsləri aldatmayıb”.

İş üzrə zərərçəkmiş şəxslər yazır ki, hakim təqsirləndirilənin vəkilindən də artıq canfəşanlıq edib: “Əslində hökmlə tanış olduqda bizdə elə təəssürat yaranır ki, məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin mövqeyindən də fərqli mövqe nümayiş etdirib. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Səfərov Firdovsi 2016-cı ilin 4 iyun tarixindən hamıya pulunun ödəməsini göstərdiyi halda, məhkəmə isə onun ümumiyyətlə belə fəaliyyətlə məşğul olmadığını göstərib.

Məhkəmə daha irəli gedərək Səfərov Firdovsini özü tərəfindən yazılan pulunun alınıb-verilməsini təsdiq edən qeydləri belə uydurma və həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirir. Lakin onu əsaslandıra bilmir.

İş üzrə Əbülfəz Vəliyevin ifadəsi faktiki olaraq Firdovsi Səfərovun dələduzluq əməlini sübut edir. O, istintaqda və məhkəmədə göstərib ki, Firdovsi ümumilikdə 175 min dolları mənə yağ və antifriz alverindən qaytarıb. Məhkəmə Firdovsinin hansı pullar vasitəsilə Əbülfəzin pulunun qaytarılmasını araşdırmayıb, həmin məsələyə ümumiyyətlə baxmayıb. Firdovsi Səfərov özü ibtidai istintaq zamanı həm şikayətçi, həm şahid, həm də təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələrdə zərərçəkmiş şəxslər ilə yağ alveri ilə məşğul olması və bundan gəlir əldə edəcəkləri ilə əlaqədar zərərçəkmiş şəxsləri aldadaraq pulları götürdüyünü. sonda isə zərərçəkmiş şəxslərə həmin işdən borclu qaldığını, bu səbəbdən də ona qarşı təhdidlər olduğunu bildirir.

Bu faktı eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş qardaşı Rəfasil də göstərib, Firdovsi qardaşının həmin ifadəsinə heç bir etirazını bildirməyib. Bu faktı eyni zamanda ibtidai istintaq zamanı Abşeron Rayon prokuroruna yazdığı 05.07.2016-cı il tarixli ərizəsində həm də Abşeron Rayon Polis İdarəsində verdiyi  05.07.2016-cı il tarixli izahatında, həm də müdafiəçisinin yanında 08.11.2016-cı il tarixdə Abşeron Polisində dindirilən zaman Firdovsi özü dəfələrlə təsdiq və etiraf etmişdir.Firdovsi Səfərov tərəfindən Abşeron Polis İdarəsinə verdiyi və Səmədov Elmardan pul alınmasını təsdiq edən özü tərəfindən əlyazma şəklində verdiyi iltizam belə hakim Novruz Kərimov tərəfindən nəzərə alınmayıb.

Ümumiyyətlə, birinci instansiya məhkəməsinin Firdovsi Səfərovun ibtidai istintaq zamanı özünün öz xətti ilə yazdığı ərizəyə verdiyi izahat və ifadəyə tənqidi yanaşması, məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs kimi verdiyi ifadəni əsas kimi qəbul etməsi, bununla da həm həmin hissədə ittihamı, həm də mülki iddianı rədd etməsi tamamilə qanunsuz və əsassızdır.

Novruz Kərimovun çıxardığı hökmdən belə nəticəyə gəlmək olur ki, istənilən təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özü ittihamı qəbul etdiyi halda məhkəmə baxışı zamanı isə özünü təqsirli bilmədiyi halda ona bəraət verilməlidir. Təbii ki, bu yanaşma qəbul edilə bilməz.

Hörmətli səlahiyyət sahibləri!

Sizdən xahiş edirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Novruz Kərimov haqqında tədbir görəsiniz. Onun çıxardığı ədalətsiz qərarlardan bizim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin”. Musavat.com

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …