Cümə , Fevral 3 2023
Ana səhifə / Kriminal / Eldar Mahmudovun baş istintaqçısının məhkəməsində Vasif Talıbov söhbəti

Eldar Mahmudovun baş istintaqçısının məhkəməsində Vasif Talıbov söhbəti

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M ) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və digərilərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

Sabiq rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə salonunda şüşə qəfəsə salınmaqla prosesdə iştirak edirlər.

Sahib Ələkbərovun vəsatəti, zərərçəkənin etirazı

Ötən prosesdə hakim tərəflərə hüquqlarını izah edib. Mövlam Şıxəliyev istintaq təcridxanasından məhkəməyə 6 vəsatət yolladığını bildirib, həmin vəsatətlərin alınıb-alınmaması ilə maraqlanıb. Məhkəmə katibi vəsatətlərin məhkəməyə daxil olmadığını bildirib.

Bundan sonra müttəhim Sahib Ələkbərov vəsatətlə çıxış edib. 10 yaxın xəstəliyini sadalamaqla təcridxana şəraitində müalicə ala bilmədiyini diqqətə çatdırıb, barəsidəki hökmün ehtimallara, istintaq orqannın illüziyalarına əsaslandığını vurğulayıb:

“Hökm isə məhkəmə istintaqı zamanı araşdırılmış obyektiv sübutlara əsaslanmadığından ləğv edilərək dəyişdirilməlidir. Xahiş edirəm ki, bərəmdə seçilmiş həbs qəti-imkan tədbiri həbslə əlaqəli olmayan qəti-imkan tədbiri ilə əvəzlənsin. Məhkəmə yekunlaşandan sonra sübut olunsa ki, ittihamda sadalanan cinayətləri törətmişəm, onda yenidən məni həbs edib azadlıqdan məhrumetmə cəzasına məhkum edə bilərsiniz”.

Sahib Ələkbərovun digər vəsatəti apelyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması ilə əlaqədar oldu:

“Mənə ittiham verirlər ki, hər hansı bir istintaq aparmadan adamı çağırıb cinayət məsuliyyətinə cəlb etmişəm. Mən də deyirəm ki, istintaq aparmışam, cinayət işinin materiallarında həmin iş var. Həmin cinayət işi bura gəlmədən, obyektiv araşdırılmadan, məhkəmə hökmü ilə tanış olmadan işə baxıla bilməz. Həmin adamın barəsində MTN-in Hərbi Tibb İdarəsi həkimlərinin arayışı var. 2 həftə ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alıb. Arayışlar var ki, ağır xəstəlikdən əziyyət çəkir, təcridxana şəraitində saxlana bilməz. Ekspert rəy verir ki, epleptik tutmaları olur. Bu günə qədər də ekspert rəyi qüvvədədir. Həmin şəxsin başında şiş vardı və bayılmalarına səbəb olurdu.

Zərərçəkən Qulam Bağırov uca səslə Sahib Ələkbərovu yalan danışmaqda ittiham etdi.
Hakim isə zərərçəkəndən müdaxilə etməməyi xahiş etdi. Sahib Ələkbərova üzünü tutataq çıxışnı dayandırmasını, vəsatətlərini konkretləşdirməsini istədi.

Müttəhim: “Xahiş edirəm jurnalisti məhkəmə zalından çıxarın”

Hakim dedi ki, müttəhimin 2 vəsatəti var – barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbirinin seçilməsi və məhkəmənin qismən istintaqla aparılması.

Sahib Ələkbərov ağır xəstəlikdən əziyyət çəkib-çəkməməsinin aydınlaşdırmaq üçün Bakı İsitntaq Təcridxanasına sorğu göndərilməsi, bütüm mətbuatın prosesdə iştirakının təmin edilməsini də istədi:
“Məhkəmə zalında “Yeni Müsavat” və Musavat.com saytının əməkdaşı iştirak edir. Xahiş edirəm ki, Azərbaycanda fəaliyyətdə olan bütün mətbuat orqanlarının nümayəndələrinin iştirakı təmin olunsun. Birinci məhkəmə instansiyasında biz mətbuatla əlaqə saxlamadıq. Mətbuatdan yayındıq ki, məhkəmə istintaqı tam və hərtərəfli araşdırılsın. Bu şəxs mənə qarşı qərəzli mövqe tutan zərərçəkənin yanında oturub. Xahiş edirəm, jurnalisti məhkəmə zalından çıxarın.

Sahib Ələkbərovun qanunsuz tələbini hakim yerinə yetirmədi. Açıq məhkəmə prosesinin keçirildiyini, mətbuatın da iştirak etdiyini bildirdi.

Zərərçəkənlərdən Hüseyn Səfərov hakimin diqqətinə çatdırdı ki, proseslə bağlı obyektiv yazılar dərc olunur.

Zərərçəkən: “Sahib Ələkbərov jurnalistin qabağından qaçırdı”

Zərərçəkən Qulam Bağırov isə hakimin diqqətinə çatdırdı ki, “Yeni Müsavat” əməkdaşı Bakı Hərbi Məhkəməsi önündə Sahib Ələkbərova və digərilərinə dəfələrlə müraciət etməklə ittihamla bağlı fikirlərini öyrənməyə çalışıb. Sahib Ələkbərov isə jurnalistin qabağından qaçmaqla açıqlama verməkdən yayınıb: “İndi də deyir ki, jurnalist birtərəfli yazıb. Bu necə ola bilər? Qaçmayıb açıqlama verərdi”.

Bundan sonra müttəhimlər Vüsal Ələkbərovla Yasin Məmmədov da barələrindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış etdilər.

Yasin Məmmədov da “Yeni Müsavat” əməkdaşının məhkəmə zalından uzaqlaşdıırlmasını istədi: “Burada “Yeni Müsavat”ın əməkdaşı var. Bakı Hərbi Məhkəməsində 1 il müdətində barəmdə qərəzli məqalələr dərc etdi. Dəfələrlə dalımızca qaçıb açıqlama istədi. Burada olanları qərəzli yazmaqla bizim nüfuzumuza xələl gətirdilər”.

Məcbur qalıb ittihamlara münasibət bildirdik. Sahib Ələkbərovla Yasin Məmmədovun böhtan atdığını məhkəmənin diqqətinə çatdırdıq.

Barəmizdə belə ədalətsiz hökm çıxarmasının səbəbi mətbuatda gedən yazılardır!

Müttəhim fikrinin davamında dedi ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev güclü istintaqçıdır və obyektiv məhkəmə istintaqı aparıb:
“Elbəy Allahverdiyevin barəmizdə belə ədalətsiz hökm çıxarmasının səbəbi kütləvi informasiya vasitələrində barəmizdə qərəzli, yalan, zərərçəkənlərin mətbuatda çıxışlarına imkan yaradılması oldu. Məhkəməyə bu şəkildə təsir etməklə istədikləri hökmü çıxarmağa nail oldular. Sizin kimi təcribəli, professional hakimlərin bu kimi təsirlərə məruz qalmanızı istəmirəm”.

Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona nifrət edirəm!

Bir məsələni də diqqətinizə çatdırım ki, Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona nifrət edirəm. Onun mənə hörməti olmayıb, mənim ona vəzifəsinə görə hörmətim olub. Təhsin Ağayev alçaq idarə rəisi olub, baş idarənin rəis müavini olub. O, mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam, dövlətin mənafeyinə xidmət etmişəm.

Bu gün bu adamla məni necə birləşdirib birgə pul alıb-verilməsində ittiham etmək olar? Bu harada yazılıb, hansı qanunda var? Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bütün respublika bilir ki, bununla mənim münasibətlərim gərgin olub. Həyatımı məhv edib. Rütbə almağa qoymayıb, ev almağa qoymayıb. Belə ittiham verərlər? İki düşmən adam pul alıb-verər? Bu adamla münasbətlərim bəllidir. Eldar Mahmudovu tanımıram, ümumiyyətlə 1 dəfə olsun belə ünsiyyətdə də olmamışam. Mən 2016-2021-ci illərdə DTX-da işləmişəm. İdarə rəisinin müavini olmuşam. Ustalıq dərəcələrim var. 5-6 medal almışam. Korrupsiyaya qarşı mübarizə aparmışam, bu işdə canımı qurban vermişəm. 2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, o ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm? Dövlət əhəmiyyətli işləri aparmışam. Böyük xidmətlərim olub. Mən işdən vaxtsız çıxmışam. Çünki vaxtında Mövlam Şıxəliyev məni yüksəlməyə qoymayıb. Sonra da sənədlərimi vəkilliyə verdim.1 il keçəndən sonra isə məni istintaqa çağırdılar ki, guya kimdənsə pul almışam. Araşdırıb xitam vermək əvəzinə mənə qanunsuz olaraq ittiham verilib. 1 il məhkəmə getdi, nə boyda təzyiq göstərdilər. Birinin əlinə çəlik verib məhkəmədə şou göstərdlər, mətbuat da çəkib göstərdi. Elbəyi müəllim də (Bakı Hərbi Məhkəməsinin hakimi – E.M) təsir altına düşüb barəmizdə hökm çıxardı. Mənim əsəblərim pozulub. Həyatım boyu ağır dərmanlar qəbul edib yatmalıyam. Mən təcridxanada 18 saat yatmıram. Əgər mənim günahım var idisə, məni 2015-də tutardız də. Sizdən xahiş edərəm ki, vəsatətimi təmin edəsiniz, ev distaqlığına buraxasınız.

“Onlar bir-birini vurub öldürə bilərlər”

Zərərçəkən Hüseyn Səfərovun Yasin Məmmədovun vəsatəti ilə bağlı münaisbəti belə oldu:
“Deyir ki, Mövlam Şıxəliyevlə düşmən mövqeyindəyik. Bu gün ikisini bir yerə salmısız. Onlar bir-birini vurub öldürə bilərlər. Xahiş edirəm ki, Yasin Məmmədovun qəfəsdən çıxarılıb zalda oturmasını təmin edin. Qoy gəlib otursun yanımızda, sözünü desin.

“Mən bununla necə işbirliyində olub rüşvət almışam?”

Mövlam Şıxəliyev də keçmiş işçisinin vəsatətinə münasibət bildirdi:

-Mən bununla necə işbirliyində olub rüşvət almışam? 16 min səhifə, 54 tom (cild) cinayət işidir, prokuror 1 səhifəsini də oxumamış deyir ki, mötəbər sübutlarla təsdiqini tapıb.

Hakim: -Neçə tom?

-54 tom!

-Bu cinayət işi?

-Bəli. 1 səhifəsini oxumayıb prokuror. Amma biz nöqtəsinə, vergülünə qədər oxumuşuq.

Bundan sonra hakim müttəhimlərin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatəti müzakirəyə çıxardı.

Zərərçəkənlərin vəsatətlərə münasibətdə mövqeyi fərqli oldu.

“Bunların barəsində ev dustaqlığı verilə bilməz, içəridə yatmalıdırlar!”

Zərərçəkən Hüseyn Səfərov bildirdi ki, müttəhimlər hazırda zərərçəkən statusunda olan şəxslərə qarşı eyni ssenari üzrə cinayət törədiblər:

-Qanunsuz olaraq həbs edirdilər, yalançı ittiham verirdilər, hədə-qorxu ilə tələb etdikləri pulu alandan sonra saxta həkim arayışları alıb tutduqları şəxsi buraxırdılar. Şəxsən məni 67 gün saxladılar, ailəmdən pulu alandan sonra məni buraxdılar. Vüsal Ələkbərova həbs qəti-imkan tədbirini dəyişmək düşür? Mənim qanunsuz həbsimdən sonra həyat yoldaşım yataq xəstəliyinə düşüb. Nə toya, nə yasa gedə bilir. Bunların barəsində ev dustaqlığı verilə bilməz, içəridə yatmalıdırlar!

Qulam Bağırov isə Sahib Ələkbərovun verdiyi vəsatətlərin təmin olunmamasını istədi. Zaur Əliyev Sahib Ələkbərovun ev dustaqlığı ilə bağlı vəsatətinin təmin olunmamasını, məhkəmənin qismən istintaqla keçirilməsinə dair vəsatətin isə təmin edilməsini xahiş etdi.

“Burada elə danışırlar ki, guya bunlar cinayət törətməyiblər”

Əfsəl Həsənəliyev müttəhimlərin vəkillərinin vəsatətlərlə bağlı uydurma fikirlər səsləndirdiklərini dedi:

-Burada elə danışırlar ki, guya bunlar cinayət törətməyiblər. Lazımdırsa, işi qaytarın istintaqa, təkcə mənim epizodumu təkrar araşdırsınlar, görün bunların belini yerə vururam, yoxsa yox. Bizə qarşı cinayət törədiblər, həbsdə qalmalıdırlar.

İttihamı “Yeni Müsavat” yox, Baş Prokurorluq verib!

Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov müttəhimərin diqqətinə çatdırdı ki, onların cinayət işi üzrə istintaqı “Yeni Müsavat” qəzeti deyil, Baş Prokurorluğun Ağır Cinayətlərin İsintaq İdarəsi aparıb. Sonrakı araşdırma isə 1 il ərzində Bakı Hərbi Məhkəməsi tərəfindən aparılıb:

-Bu adamlar həmin 1 il ərzində azadlıqda idilər, məhkəmədə və məhkəmə binası önündə zərərçəkənlərə dəfələrlə təzyiq göstərirdilər, təhqir edirdilər. Belə bir halda həbs qəti-imkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Ağır cinayət törətməkdə ittiham olunaraq məhkum olunublar. Hesab edirlərsə ki, ağır xəstəlikləri var, Penitensiar Xidmətin müalicə müəssisəsi var, orada müalicə ala bilərlər. Ziyan da ödənməyib, ödənilməsinə cəhd belə etməyiblər.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istədi.

Sahib Ələkbərovun saxlanıldığı təcridxanaya sağlıq durumu ilə bağlı sorğu göndərilməsinə dair vəsatətinə münasibət bildirərkən dedi ki, Penitensiar Xidmətin müalicə müəssisəsi var və hər hansı bir problemi varsa, ora köçürülməklə müalicə ala bilər. O da bu vəsatətin təmin olunmaması istədi.
Sahib Ələkbərovun məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsinə dair vəsatəti təmin olunmadı.

“2004-cü ildən 2015-ci ilə qədər Mövlam Şıxəliyev millətə qan uddurub”

Bundan sonra zərərçəkən Zaur Əliyev vəsatətlə çıxış etdi.

O bildirdi ki, məhkəmənin hazırlıq iclasında eyni məzmunlu vəsatətlə çıxış edib, lakin həmin vəsatətə məhkəmə münasibət bildirməyib:

-Bu gün məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar dəstə cinayətlərini bir günün içində törətməyib. 2004-cü ildən 2015-ci ilə qədər Mövlam Şıxəliyev millətə qan uddurub.

Mövlam Şıxəliyev və vəkilləri etiraz edirlər.

Mövlam Şıxəliyev “Əlibaba və 40 quldur”da olduğu kimi quldurluq edib!

Zaur Əliyev:

-Xahiş edirəm, müdaxilə etməyin, imkan verin vəsatətimi çatdırım. Mövlam Şıxəliyev “Əlibaba və 40 quldur”da olduğu kimi quldurluq edib. Bu adamlar gündüzlər dövlət vəzifəsini yerinə yetiriblər, axşamlar quldurluq ediblər. Bu mütəşəkkil cinayətkar quldur dəstə təkcə bunlardan ibarət deyil. Mövlam Şıxəliyev və başının dəstəsinin cinayətlərində baş prokuror Zakir Qaralov da, onun müavini Rüstəm Usubov da, məhkəmə hakimi…

Mövlam Şıxəliyev müdaxilə etdi:

-Quldur özüdür, bizi təhqir edir.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov vəsatəti dinləmədən məhkəmə zalından çıxdı. Mövlam Şıxəliyev digər vəkili Arzu Cavadovdan da məhkəmə zalından çıxmasını tələb etdi.

Hakim Arzu Cavadovun və Ceyhun Yusifovun məhkəmə zalına qayıtmalarını tələb etdi.

Mövlam Şıxəliyev isə təhqir edildiklərnii deməklə Zaur Əliyevə vəsatətini səsləndirməyə mane oldu.

Hakim isə zərərçəkənə vəsatəti səsləndirməsinə şərait yaratdı.

Zaur Əliyev:

-Bu gün…

Mövlam Şıxəliyev yenidən müdaxilə etdi, zalı icazəsiz tərk edən onun vəkili Arzu Cavadov da geri qayıdıb ona qoşulmaqla Zaur Əliyevə vəsatəti səsləndirməyə imkan vermədilər.

Hakim yaranmış gərginlikdən çıxış yolu kimi yazılı şəkildə olan vəsatəti zərərçəkəndən alıb səsləndirməkdə gördü:

-Zərərçəkən xahiş edir ki, sabiq baş prokuror Zakir Qaralov, baş prokurorun sabiq müavini Rüstəm Usubov, sabiq hakim Əfqan Hacıyev, DTX işçiləri Mamay Qulubəyov, Rafiq Abdullayev, vətəndaş Arif Allahverdiyev, MTN-in İstintaq Baş İdarəsində rəis müavini işləmiş Təhsin Ağayev məhkəməyə dəvət olunaraq dindirilsinlər.

Hakim bildirdi ki, məhkəmənin hazırlıq iclasında prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsi qərara alınıb:

-Məhkəmə istintaqı aparılmırsa, əlavə sübutlar tələb olunmursa və bu elan edilirsə, vəsatətdə göstərilən şəxslərin dindirilməsi zərurəti də qalmır.

Zaur Əliyev:

-Mən də vəsatət verirəm ki, müansibət açıqlansın.

-Münasibət açıqlanıb. Siz yenidən niyə bu vəsatəti qaldırısız?

-Hörmətli hakim, Mövlam Şıxəliyevin ittihamında oturub ki…

-Hörmətli sabiq müstəntiq, sübutlar onların bunu etiraf edib-etməmələri ilə toplanılmır. Sübutlar başqa şəxslərin ifadələri ilə ümumi halda bir yerə toplanmaqla qiymət verib nəticəyə gəlinir. Siz də deyirsiniz ki, onlar etiraf etmirlər. Bu özünümüdafiə taktikasıdır.

-İttihamda aktında yazılır ki, Mövlam Şıxəliyev qanunsuz, saxta məhkəmə tibbi-ekspertizasının rəyinin çıxarılmasına nail olub, amma bu gün həmin rəy qüvvədədir.

-Siz vəsatətinizlə xahiş edirsiniz ki, məhkəmə qismən istintaqla keçirilsin, burada adları göstərilən şəxslər məhkəmədə dindirlsinlər. Əyləşin, münasibət bildiriləcək.

Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilmələri üçün əsaslar var

Zaur Əliyevin vəkili Osman Kazımov vəsatəti müdafiə etdi, məhkəmənin qismən istintaqla aparılmasını və vəsatətdə göstərilən şəxslərin məhkəmədə dindirilmələrinin təmin olunmasını xahiş elədi.
Zərərçəkən Hüseyn Səfərov da vəsatətin təmin olunmasını xahiş etdi.

Osman Kazımov əlavə etdi ki, Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilmələri üçün əsaslar var:

-Vasif Talıbovun oğlu öz atasının əleyhinə əl qaldırırsa, bunlar da gəlib məhkəmədə ifadə verə bilərlər.

Zərərçəkən Əfsəl Həsənəliyev də Zakir Qaralovla rüstəm Usubovun məhkəmədə dindirilmələrini israrla tələb etdi:

-Bunların cinayətlərinə onlar şərik olublar, gəlsinlər bura, suallarımız var.

Qulam Bağırov da hər iki şəxsin, xüsusilə Rüstəm Usubovun dindirlməsini istədi.

-Rüstəm Usubovun 36 zərərçəkənə qarşı törədilən qanunsuz əməllərdə biləvasitə iştirakı var. Çünki həbslərlə əlaqədar təqdimatlara birbaşa Rüstəm Usubov şəxsən imza atıb.  

Mən də bunlar haqda “Çaqqallar vadisi” filmi çəkdirirəm”

Hüseyn Səfərov hakimin diqqətinə çatdırdı ki, həmin şəxslər dindirilməlidir:

-Möhtərəm hakim, Türkiyədə “Qurdlar vadisi” serialı çəkilib, bunlar da Azərbaycanda həmin serialda olduğu kimi “Çaqqallar vadisi” qurublar. Mən də bunlar haqda “Çaqqallar vadisi” filmi çəkdirirəm. Bu gün, sabah həmin filmi də yayacağam.

Hakim:

-Hüseyn Səfərov, əyləşin.

Mövlam Şıxəliyev Zakir Qaralovla Rüstəm Usubovun məhkəməsində dindirilmələrinə etiraz etmir
Mövlam Şıxəliyevin vəkili vəsatətin təmin olunmamasını xahiş etdi.

Mövlam Şıxəliyevin mövqeyi isə vəkilinkindən fərqli oldu. O və digər müttəhimlər vəsatətdə adı çəkilən Zakir Qaralov, Rüstəm Usubov və digərilərinin məhkəmədə dindirilib-dindirilməmələrinə qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdılar.

Müşavirə otağına yollanan hakimlər oradan qayıtdıqdan sonra müttəhimlərin və zərərçəkən Zaur Əliyevin vəsatətlərinin təmin olunmadığını elan etdi. Bundan sonra hakim Mövlam Şıxəliyevə çıxış etməsini təklif etdi. Vəkili ilə məsləhətləşəndən sonra Mövlam Şıxəliyev çıxışa hazır olmadığını açıqladı.
Digər mütəhimlər isə Mövlam Şıxəliyevin çıxışından sonra çıxış edəcəklərini açıqladılar.

Bundan sonra məhkəmə prosesi yanvarın 9-na kimi təxirə salındı.

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …