Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Kriminal / Eldar Mahmudovun bandasının tanınmış ismi ilə bağlı SENSASİON MƏLUMATLAR

Eldar Mahmudovun bandasının tanınmış ismi ilə bağlı SENSASİON MƏLUMATLAR

Vəkillər Kollegiyasına ən son üzv olan 113 yeni vəkildən biri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin ən fəal üzvü olub. MTN-də işlədiyi 7 il ərzində dövlətin, vətəndaşların mənafelərinə vurduğu ziyanla əlaqəli hazırda təqsirləndirilən şəxs olaraq məhkəmə qarşısına çıxarılıb. Onun epizodu üzrə zərər çəkmiş şəxslərdən biri özünü öldürüb, daha bir zərərçəkənin anası oğlunun şərlənməsinə dözməyərək ürəyi partlayıb, dünyadan köçüb.

Təzə vəkil MTN-də “mahmudovçu”ların sırasında olarkən onun əli ilə zərərçəkənlərə vurulan ziyan 10 milyon manatı aşır!

Yasin Seyfulla oğlu Məmmədov 2021-ci il dekabrın 26-da Vəkillər Kollegiyasının vəsiqəsini (https://www.e-huquq.az/az/news/vekillik/41141.html#gallery-77  ) alıb, cibinə qoyub və rəsmən vəkil kimi fəaliyyətə başlayıb.

Yasin Seyfulla oğlu Məmmədov 2008-ci ildə Milli Təhülkəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda olduğu müddətdə Yasin Məmmədovun adı ağlasığmaz vəzifə cinayətlərinə qarışıb. 2015-ci ilin oktyabrında MTN-də xüsusi əməliyyat keçiriləndən 1 ay sonra Yasin Məmmədov qurumdan xaric olunub.

Həmin dövrdən sonra zərərçəkənlər Yasin Məmmədovun cinayətləri barəsində və həbsi tələbi ilə dövlət orqanlarına şikayətlər yazıblar. Onun uzun müddət istintaq kənar qalmasını isə o zamanlarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini olan qardaşı Natiq Məmmədovun əlaqələri ilə izah edirdilər.

2018-ci ildə Natiq Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra da, Yasin Məmmədov istintaqdan kənar qalmışdı.

Nəhayətdə, Yasin Məmmədov 2021-ci ildə istintaqa cəlb edilib. Hazırda o, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov və MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovla birgə məhkəmə qarşına çıxarılıb.

Yasin Məmmədov və digərilərinin əməlləri ilə bağlı 5 ilə yaxın Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Cinayət dosyesi 2021-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsinə göndərilib və hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində…

İttiham aktının Yasin Məmmədova aid hissəsində oxuyuruq:

-MTN Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq

səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanunlarına mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə,

zərərçəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankların qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz

əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda – mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının, şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin – özgənin külli miqdarda əmlakını tələb etmiş,

vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə

əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi, nemət olan pulu hədə-qorxu tətbiqi etməklə rüşvət kimi istəyib almışdır.

Təzə vəkil Yasin Məmmədova  hansı maddələrlə ittiham verilib?

Yasin Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

182.3.1. – hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. – külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

rüşvət alma (passiv rüşvətxorluq)

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

311.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə

– vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda

maddələri ilə ittiham verilib.

Qeyd etdiyimiz kimi onun ittiham olunduğu epizodlar üzrə vurulmuş ziyan 10 milyon manatdan artıqdır.

MTN-ə aparıldı, Yasin Məmmədov istintaq etdi, özünü öldürdü!

Ən dəhşətlisi isə odur ki, Yasin Məmmədovun istintaqa cəlb etdiyi şəxslərdən Cahangir Məmmədov MTN-də qarşılaşdığı qanunsuzluqlara dözməyərək özünü öldürüb.

Zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda o zaman mətbuatda məlumat verilmişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, 100 min ABŞ dollar verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını demişdi. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən Cahangir Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü xəstəxananın 5-ci mərtəbədən atıb intihar etmişdi.

Cahangir Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan 3 ay əvvəl intihar edib. Ailənin tələbi odur ki, Cahangir Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın.

“Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən”

Cahangir Məmmədovun anası 85 yaşlı Nərgiz Məmmədova 2017-ci ilin martında ölkə rəhbərliyinə müraciət ünvanlamışdı.

Həmin müraciətdən sitat:

“Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi. MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 100 min dollar alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar”.

Borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub!

Bu günə qədər də Cahangir Məmmədovun ailəsi, 2 övladı evsiz-eşiksiz ağır maddi vəziyyətdə yaşayırlar.

İttihama görə Yasin Məmmədov Cahangir Məmmədovun həbsindən sonra onun qardaşı Məzahir Məmmədovdan 100 min dollar pul alıb. 61 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan Cahangir Məmmədov həbsdən azad ediləndən sonra borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub.

Bu günə qədər mətbuatda Yasin Məmmədovun barəsində zərərçəkmiş şəxslər xeyli ittiham səsləndiriblər. 

2018-ci ildə MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması aparılarkən Yasin Məmmədovun adı zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodundada hallanırdı.

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan Rauf Həsənov o zaman demişdi ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, quldurcasına onu ogurlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da Füzuli Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.

Zərərçəkən istintaqa ifadəsində deyib ki, Yasin Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü bu dəfə 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: “Yasin Məmmədov hədə tonunda dedi ki, evimizdə axtarış aparacaqlar. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım”.

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Yasin Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Yasin Məmmədov və Füzuli Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən Yasin Məmmədova özünə verib: “Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim”.

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.

İttihamın Yasin Məmmədova aid hissəsində onun İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar, Əfsəl Həsənəliyevdən 50 min dollar, Azad Rəşidovdan 50 min dollar, Məhəmməd Hüseynovdan 20 min manat və Ağasalam Ağamalıyevdən 50 min manat aldığı, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri arasında bölüşdürüldüyü qeyd olunur.

Və sonda

Dünyaca məşhur “Xaç atası” romanının  müəllifi, tanınmış amerikalı yazar və ssenarist Mario Pyuzonun vəkillərlə bağlı məşhur deyimi var: – Vəkil çatnasındakı sənədlərin köməyi ilə min əli silahlı, üzü maskalı banditdən artıq pul qamarlaya bilər.

Mario Pyuzo Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul edilən Yasin Seyfulla oğlu Məmmədovun ittihamnaməsini nəzərdə keçirsə, fikirlərinə – üzü maskalı banditlərin qazancı ilə bağlı hissəsinə heç şübhəsiz ki, yenidən baxmalı olar. “Yeni Müsavat”

Həmçinin oxuyun

Şəmkirdə məmurun həbsinin – Təfərrüatı

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə …