Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Kriminal / Eldar Mahmudovun adamı necə vəkil olub?

Eldar Mahmudovun adamı necə vəkil olub?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, idarənin sabiq rəis müavini Sahib Ələkbərov və şöbə rəisi olmuş Vüsal Ələkbərovla birgə məhkəmə qarşına çıxarılan Yasin Məmmədov Vəkillər Kollegiyasına üzv qəbul edilib. 
Qaynarinfo xəbər verir ki, dekabrın 28-də Yasin Məmmədova vəkil vəsiqəsi təqdim edilib. 
Yasin Seyfulla oğlu Məmmədov 2008-ci ildə Milli Təhülkəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudov Milli Təhlükəsizlik naziri postunda olduğu müddətdə Yasin Məmmədovun adı ağlasığmaz vəzifə cinayətlərinə qarışıb. 2015-ci ilin oktyabrında MTN-də xüsusi əməliyyat keçiriləndən bir ay sonra Yasin Məmmədov qurumdan xaric olunub.
“MTN işi” çərçivəsində Yasin Məmmədovun da cinayətləri barəsində yazılsa da, o, istintaqdan kənarda qala bilib. 6 il sonra, yəni 2021-ci ildə Yasin Məmmədov istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham verilib:
182.3.1.(hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə);182.3.2. ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə); – rüşvət alma (passiv rüşvətxorluq):311.3.1. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) 311.3.2. (təkrar törədildikdə);311.3.3. (külli miqdarda törədildikdə);311.3.4. (hədə-qorxu tətbiq olunmaqla törədildikdə);– vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma:341.2.1. (bir qrup şəxs tərəfindən törədildikdə;341.2.3. (ağır nəticələrə səbəb olduqda);
Yasin Məmmədovun ittiham olunduğu epizodlar üzrə vurulmuş ziyan 10 milyon manatdan artıqdır.
Bəs hazırda ağır cinayətlərdə təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsində mühakimə olunan Yasin Məmmədovun Vəkillər Kollegiyasına üzv qəbul edilməsi necə baş verib? Bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna uyğundurmu?
Vəkillər Kollegiyası aparatının hüquqşünas məsləhətçisi Səttar Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Yasin Məmmədovun kollegiyaya üzv qəbul olunması qanuna zidd deyil: 
“Vəkillər və vəkillik haqqında” Qanunun 8-ci maddəsinin ikinci bəndində qeyd edilib ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər. Yasin Məmmədov barəsində məhkəmə hökmü yoxdur. Bu o deməkdir ki, onun məhkumluğu da yoxdur. Bu baxımdan, onun kollegiyaya üzv olunması qanuna zidd deyil”.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış idmançının maşını polis idarəsində qarət olundu

Azərbaycanın tanınmış idmançı Gözəl Zutova qarət edilib. Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib. …