Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Kriminal / “Eldar Mahmudov tapşırmışdı ki…” – MƏHKƏMƏ

“Eldar Mahmudov tapşırmışdı ki…” – MƏHKƏMƏ

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Qaralov və Usubov bu mütəşəkkil cinayətkar dəstənin ən aktiv üzvləridir”

Məhkəmə prosesində iş üzrə zərərçəkən keçmiş müstəntiq Zaur Əliyev sərbəst ifadəsini davam etdirib.  Bildirib ki, Zakir Qaralovun rəhbərliyi altında Ağır Cinayətlərə Dair İstintaq İdarəsində “MTN işi” üzrə istintaqın qəsdən, bilərəkdən, süni şəkildə 6 ilə qədər uzadılıb: “Məqsəd isə cinayət təqibi üzrə cəlb etmə müddətlərinin keçirilməsi idi. Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar dəstənin ən aktiv üzvləridir. Çünki bunların birbaşa iştirakı ilə vətəndaşlar girov götürülürdü. Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyən edib qanunsuz olaraq, əvvəlcədən uydurulmuş ittihamla həbs edir, faktiki olaraq girov götürürdülər. MTN zindanına salıb pul vermək üçün təhdid olunurduq. Məndən pulu tələb edən Şıxəliyevin müavini Təhsin Ağayev oldu.  Bu gün özünü tülkülüyə vurub, guya xəstədir. Hamı bilir ki, Təhsin Ağayev qorxaq, rəzil biridir. İstintaqa cəlb edilsə idi, qorxusundan bu mütəşəkkil cinayətkar quldur dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındırırlar. 

movlam.jpg (101 KB)

Məni MTN-də girov götürəndən sonra Təhsin Ağayev 200 min manat tələb etdi. Heç bir cinayətimin olmadığını və müvafiq olaraq pul verməyəcəyimi dedim. Barəmdə cinayət işi başlandı, qanunsuz olaraq həbs olundum. Faktiki isə məni girov götürüb MTN zindanında saxladılar.  Girovluqda qaldığım 3 ay ərzində məndən 1 tələb vardı – pul ver! Təhsin Ağayev deyirdi ki, pul verilməsə, buradan çıxmayacaqsan. Həmin günlərdə MTN-də yaxın qohumum müstəntiq idi. Onun adını çəkmirdim. Düşünürdüm ki, onun bu işlərə aidiyyəti yoxdur. Adını çəkəcəyim halda onun da problemlərinin ola biləcəyini ehtimal edirdim. O,  öz təşəbbüsü ilə Təhsin Ağayevə qohumluq əlaqələrimizi demişdi və pul söhbətini aparmağa başlamışdı. Ailəmlə də pul söhbətlərini o etmişdi. Mənim giovluqdan azad edilməyim üçün pulu da Mövlam Şıxəliyevgilə onun iştirakı ilə yoldaşım Samirə Əliyeva və qaynım Mirəli Əliyev verib. Pulu yoldaşımdan alan Təhsin Ağayev olub. Qaralovla Usubov Şıxəliyevin dəstəsinə vətəndaşların girov götürülmələrinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Qaralovla Usubov həbs-qətimkan tədbirinin dəyişdirilməsində də biləvasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla, Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Qaralovla Usubovun xüsusi payı olub”.

“Şıxəliyev prokurora dedi ki,  pulu sizinkilər – yəni prokurorluq alıb”

Əvvəldə qeyd etdim ki, Şıxəliyev başının dəstəsi ilə birgə zərərçəkəndən 1 dəfə, Qaralovla Usubov isə 2 dəfə pul alırdılar. Şıxəliyevgil vətəndaşı qatı cinayətkar kimi girov götürəndən sonra Qaralov və Usubov bunların əməllərinə “qanuni don” geyindirir, vətəndaşdan pul alınandan sonra mütəşəkkil dəstə üzvləri arasında bölünürdü və iş məhkəməyə göndərilirdi. Burada Şıxəliyevgil arxa plana keçirdi. Məhkəmədə Qaralovla Usubov yenidən işə qoşulur və bu dəfə məhkəmədən azad edilməsi üçün ikinci dəfə alınan pula tam şərik çıxırdılar. Mən də, digər zərərçəkənlər kimi şərlənərək girov götürülmüşdüm.

akif.jpg (141 KB)

Bu məsələ necə olmuşdu?

18 mart 2010-cu il tarixdə tanışlarım Arif Salahov və Hacı Tahir mənə zəng edərək bildirdilər ki, Əhməd Mirzəyevə məxsus olan mərmər baltaya baxmaq istəyirlər. Sonuncu ilə əlaqə saxladım və onların istəyi barədə məlumat verdim. Əhməd bildirdi ki, gəlmək imkanı olmayacaq, baltanı sürücüsü Ariflə göndərəcək. Axşam saat 19-da ailəmlə yaşadığım mənzilə Arif Salahovla birgə Rövşən adlı MTN əməkdaşı gəldi. Bunların dalınca Əhmədin sürücüsü Arif Allahverdiyev gəldi. Özü ilə kağıza bükülmüş baltanı gətirdi. Ardından mənzilimə MTN-in Antiterror İdarəsinin əməkdaşları basqın elədilər. Özünü Memati adlandıran polkovnik Mamay Quluzadə dəstəyə başçılıq edirdi. Ondan mənzildə axtarış keçirilməsinə dair məhkəmənin qərarını istədim. Sonuncu mənzilin pəncərəsindən çöldə park olunmuş qara rəngli mikroavtobusu göstərdi. Bildirdi ki, maskalılar həmin avtobusda əyləşib gözləyirlər. Əmr versək, evə basqın edəcəklər.

“Dedilər ki, 10 min manat hörmət et…”

Mənzilə 4-5 nəfərdən ibarət dəstə baxış keçirdi, mənə məxsus şəxsi kolleksiyamdan 3 ədəd qızıldan olan statuetkaları götürdülər. Mamay və Rövşən adlı MTN əməkdaşları evimdə icazəsiz olaraq video- çəkiliş aparırdılar. Sonradan qayınatam Mirbala Əliyevin iştirakı ilə birlikdə çay süfrəsi arxasında əyləşib söhbət etdik. Belə anladıq ki, evimə basqın pul qoparmaq üçündür. Dedilər ki, 10 min manat hörmət etməklə bu məsələni yoluna qoyacaqlar. Gedənə yaxın Rövşən mənə öz mobil nömrəsini verdi və bildirdi ki, onunla əlaqə saxlayım,  pulu ona çatdırım. MTN əməkdaşları həmin baltanı da özləri ilə götürdülər və heç bir protokol tərtib etmədən çıxıb getdilər”.

vusal.jpg (84 KB)

Zərərçəkən deyib ki, 2-3 gün sonra MTN-ə dəvət olunub və həbs edilib: “ MTN-də məni Təhsin Ağayev qarşıladı, dedi ki, Əhməd Mirzəyevlə birgə qaçaqmalçılıq etmişən və buna görə hər hansı bir izah istəmədən 200 min manat pul verməlisən. Ona dedim ki,  ünvanı səhv salıb, məndə o qədər pul yoxdur, heç vaxt olmayıb. Dedi ki, Allahına şükr elə ki, səndən 200 min istəyirik, Əhmədin pul yükü məndən fərqli olaraq böyükdür”.

 Zərərçəkən deyib ki, 3 aylıq həbsi dövründə ailəsindən azad edilməsi üçün pul tələb olunub. Son olaraq onun azadlığı üçün 100 min dollar tələb olunub: “Təhsin Agayev mənə şəxsən bildirmişdi ki, MTN-də ”cənab” tərəfindən, yəni Eldar Mahmudov tərəfindən qayda qoyulub, 100 min manatdan aşağı pul barəsində heç bir kəslə danışıqlar aparılmasın! Bu məbləğdən aşağı pul alınmasın! Təhsin Ağayev deyirdi ki, qohumunun xətrinə, hörmət naminə Mövlam Şıxəliyev 100  min dollar qarşılığında səni azad etməyə razılaşıb. Ailəm pulu verəndən sonra, 18 iyun 2010-cu ildə səhər saatlarında məni Elşən Murtuzovun xidməti otağına gətirdilər, orada məhkəmə tibbi ekspertizanın işcisi var idi. Təhsin Agayev təklikdə mənə bildirdi ki,  həbsdən çıxandan sonra ekspertizanın rəyinə görə əlavə 5 min  pul verəcəksən. Razılaşmaqdan başqa çıxış yolu qoymamışdılar. Əvəzində xahiş etdim ki, məni birinci günə kimi, yəni 21 iyuna kimi gözlətməsinlər, 19 iyun, şənbə günü olsa da, azad etsinlər. 18 iyun 2010-cu ildə vəkilim müayinə olunmağım barədə vəsatət yazdı. Həmin gün Elşən Murtuzovun xidməti otağında formal qaydada müayinə olundum.  19 iyun 2010-cu ildə barəmdəki qanunsuz həbs-qətimkan tədbiri dəyişdirildi. Azadlığa çıxmamışdan qabaq Təhsin Agayevin təşəbbüsü ilə məni Şıxəliyevin yanına apardılar. Təhsin Ağayev dedi ki, mən ona minnətdarlığımı bildirməliyəm. Halbuki mənim minnətarlığım üçün heç bir əsas yox idi. Şıxəliyev mənə qarşı dövlətin gücündən istifadə etməklə şərəfsizlik etmişdi, heç bir günahım olmaya-olmaya girov götürülmüşdüm, ailəmin,  övladlarımın gözünü yaşlı qoymuşdu”.

e13efa8c-82fe-40a9-8e9a-018d2b739129.jpg (139 KB)

Zaur Əliyev deyib ki, azad ediləndən sonra ona aydın olub ki, başlarına gələn bəlalar Əhməd Mirzəyevin imkanlı iş adamı olmasından qaynaqlanıb. Uydurulmuş ittihamla həbs etmək üçün plan qurulub, həmin zaman tam təsadüfən Mirzəyevin onunla əlaqəyə çıxması səbəbindən onları birgə həbs etmək adı ilə faktiki girov götürüblər: “Mirzəyevdən azadlığa buraxılması ücün Şıxəliyev 378 min manat pul alıb. Əhməd Mirzəyevin sürücüsünün pulu olmadığı səbəbdən onu 1 ildən cox olaraq istintaq təcridxanasında girov saxladılar. Təhsin Ağayevdən cinayət işi və özümün aqibətimlə maraqlandıqda, sonuncu bildirdi ki, cinayət işi məhkəməyə göndəriləcək və orada yüngül pul verməklə  barəmizdə şərti cəza hökmü çıxarılmaqla məsələ bitəcək. Prokurorluğun buna dair mövqeyini soruşduqda, Təhsin Ağayev gülümsəyib bildirdi ki, narahat olma, cinayət işi məhkəmədən istədikləri kimi rahat və problemsiz keçiriləcək.

Barəmizdəki cinayət işi 1 ildən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi və baxılması ücün hakim Əfqan Hacıyevə həvalə olundu. Sonda Əfqan Hacıyev məndən 20 min manat tələb etdi. 20 min manatı Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında 2 dəfəyə Əfqan Hacıyevin katibinə çatdırdım. Əhməd Mirzəyev isə şəxsən hakim Əfqan Hacıyevlə danışmışdı. Özünün və sürücüsü Arifin barəsində şərti cəza üçün 70 min manat pul almışdılar. 50 min özünə görə, 20 min isə sürücü Arifə görə. Bundan sonra Əfqan Hacıyev cinayət işi üzrə barəmizdə şərti cəza təyin etməklə saxta bir hökm çıxardı”.

“Şıxəliyev özünün cinayətlərinə ailə üzvlərini də şərik edib”

Zərərçəkən bildirib ki, hazırkı iş üzrə kifayət qədər yeni hallar açılıb. Aydın olub ki, iş üzrə 36 zərərçəkəndən alınan pullar hesabına Mövlam Şıxəliyev həyat yoldaşı Aybəniz Şıxəliyevanın, qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin adına çoxsaylı mülklər alıb. Bu əməllə faktiki olaraq Mövlam Şıxəliyev özünün cinayətlərinə ailə üzvlərini də şərik edib. Amma bu gün onun ailə üzvlərinə qarşı cinayət təqibi aparılmır. Əslində isə bu gün iş üzrə təqsirləndirilən şəxslərin sayı 4 deyil, 7 olmalıdır. Yəni Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşmasında birbaşa iştirak ediblər”. 

sahib.jpg (30 KB)

“Siz, hakim Elbəy Allahverdiyev…”

Zərərçəkən dedi ki, Vüsal Ələkbərov MTN-də  Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi olub: “Vüsal Ələkbərov nə edib? Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi ola-ola dövləti öz cinayətlərinə şərik edib. Mövlam Şıxəliyev də Vüsal Ələkbərovun rəisi, cinayət şəriki olub. 8 aydır məhkəmə gedir. Siz, hakim Elbəy Allahverdiyev bu günə qədər zərərçəkənlərin verdiyi vəsatətlərin birini belə təmin etməmisiz. Məhkəmə ilk gündən Şıxəliyevin müdafiəçisi rolunda çıxış etmək niyyətini gizlətmir. Bu məhkəmə zalında siz istəsəz də, istəməsəz də bizə qarşı törədilən ağır cinayətlər tam çılpaqlığı ilə ortalığa çıxdı. Şıxəliyev adlar çəkir, özünə şəriklər axtarır. Məhkəmədə Şıxəliyev və başının dəstəsi belə mövqe tutublar ki, guya biz zərərçəkənlər, 36 zərərçəkən rüşvət verib etmədiyimiz cinayətlərimizi ört-basdır etməyə çalışmışıq. Mən və digər zərərçəkənlər deyirik ki, biz qanunsuz həbs edilib MTN zindanına salınmışıq. Aylarla özümüzü, ailələrimizi təhdid altında saxlayıb azad edilməyimiz üçün pul tələb ediblər. Pul verməyib nə edə bilərdik? MTN İstintaq Baş İdarəsinin rəisindən kimə şikayət edə bilərdim? Və ya baş prokuror Qaralovdan, onun 1-ci müavini Usubovdan şikayətlərimizə kim idi baxan? Şıxəliyev vəzifədə ikən ondan şikayət edənlər bu gün həyatda yoxdurlar. Bunlar tam cinayətkar şəbəkə idi.

Nizami Kazımov burada Vüsal Ələkbərovun cinayət işindən danışarkən çox diqqətçəkən bir məqamı açıqladı. Məlum oldu ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyev Vüsal Ələkbərovla bağlı araşdırma aparıb sona çatdırandan sonra Ali Məhkəməyə Ramiz Rzayevin qəbuluna çağırılıb. Hakimə tapşırıq verilib ki, Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkənlərdən MTN-də alınan pullar rüşvət kimi rəsmiləşdirilsin. Zərərçəkənlər barəsində rüşvətvermə maddəsi ilə cinayət işi başlansın. Siyavuş Hacıyev isə belə yanaşmanın məntiqsiz olduğunu deməklə Ramiz Rzayevi bu qanunsuzluqdan yayındıra bilib! Vüsal Ələkbərova cəza təyin olunarkən isə Ramiz Rzayevin tapşırığı əsas götürülüb və yalnız 1 zərərçəkənə vurulan ziyanın əvəzi olaraq müsadirəyə çıxarılmış ev verilib. Vüsal Ələkbərov ilkin olaraq 12 il həbs cəzasına məhkum olunub. Evi zərərçəkən Akif Qurbanovun sərəncamına keçib. Vüsal Ələkbərovun şikayəti üzrə Ali Məhkəmədə verilən qərar eşidən hər kəsi təəccübləndirir. 12 illik cəza 5 ilə endirilib, şərti hesab edilib və Vüsal Ələkbərov azadlığa buraxılıb! Zərərçəkən Akif Qurbanova vurulmuş ziyanın əvəzi olaraq verilən evi isə geri alınaraq Vüsal Ələkbərova qaytarılıb.

“Ramiz Rzayev bu gün vəzifədədir və…”

Sizlərə də belə bir tapşırıq veriləcəyinə əminəm. Bununla belə, sizin yüksək diqqətinizə çatdırıram ki, mənə qarşı törədilən cinayətlərə bu məhkəmədə obyektiv, tam, hərtərəfli qiymət veriləcəyinə qəti inanmıram, buna baxmayaraq, bu istiqamətdə mübarizə aparacağam”.

Bundan sonra proses təxirə salınıb.

Həmçinin oxuyun

Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar – VİDEO

Sumqayıtda tanınmış aşıq və şairə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Baş prokurorluğun …