Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Eldar Mahmudov həbs oluna bilərmi? – GƏLİŞMƏ

Eldar Mahmudov həbs oluna bilərmi? – GƏLİŞMƏ

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq. Cinayət işinin materialları artıq Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə zərərçəkənlərin sayı da bəllidir.

7 nəfər sırasında YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədov da var. O, “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsində çalışarkən yolu MTN-dən düşən vəzifə sahiblərindəndir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə ifadə verərkən Tağı Əhmədov bildirmişdi ki, ona 3 milyon manat ziyan dəyib. Sabiq rəis ondan 3 milyon manatın alınmasında Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun da adını çəkmişdi. Geniş ifadəsində Tağı Əhmədov “Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi” deyə bildirmişdi. V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. 2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov 2005-ci ildə “Hərbi xidmətlər gorə” medalı, 2006-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə “İgidliyə görə” medalı, 2012-ci ildə isə “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi ilə təltif edilib, qısa müddət ərzində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəlib. V.Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşiy kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur. Akif Çovdarov və digər MTN-çilərin məhkəməsində V.Mahmudov Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən V.Mahmudov qısa cavab vermişdi: “Eldar Mahmudov nazirim və əzizim olub”.

V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi. V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı “heç nədən xəbəri” olmadığını, “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890 min manat, 405 min dollar və 790 min avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”, demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov MTN-in Bakı rayon rəhbərlərinin əli ilə sahibkarları talan edirmiş ki, bu da məhkəmədə ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, 2017-ci ilin noyabrında isə sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Vüqar Mahmudovun cinayət işi üzrə məhkəməsi ərəfəsində Eldar Mahmudovun həbsi məsələsi müzakirə mövzusuna çevrilib. Sabiq nazirin əmisi oğlunun məhkəməsində həbs edilə biləcəyi ehtimalları səsləndirilir.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyir ki, Vüqar Mahmudovun məhkəməsində Eldar Mahmudovun həbsə alınacağı ehtimalına inanmır. İlham İsmayıl fikrini belə əsaslandırır: “Eldar Mahmudovun həbsini gözləmirəm. Onun adı əmisi oğlu Vüqar Mahmudovun adı hallanan cinayətlərdən daha böyük cinayətlərdə hallanır. Həmin cinayətlərə görə Eldar Mahmudovu saxlamayıblarsa, kimisə qanunsuz saxlamaq, kimlərdənsə pul almaq, xərac toplamaq kimi ittihamlarla da onu tutmayacaqlar. İndiki halda hazırkı idarəetmə sistemi ilə onu belə bir perspektiv gözləmir”.

İlham İsmayıl indiki vəziyyətin dəyişə biləcəyini də istisna etmir: “Onun himayədarları qalınca ona dəyməyəcəklər. İstintaqa çağırıb dindirib buraxa bilərlər, amma indiki halda həbsdən söhbət getmir. Mümkündür ki, əmisi oğlunun işi üzrə məhkəməyə də dəvət edib sorğu-sual edərlər, amma konkret addım atılmayacaq. 2015-ci ilin oktyabrında vəziyyət daha kəskin idi. Eldar Mahmudovun işçilərindən həbs edilənlər vardı, hətta intihar edənlər də oldu. Bunlar sadə məsələlər deyildi. Hamı bilir ki, MTN-də heç kəs Eldar Mahmudovsuz bir addım belə ata bilməzdi. MTN-də nə baş veribsə, Eldar Mahmudovun göstərişi ilə həyata keçib. Eldar Mahmudovu əmisi oğlunun məhkəməsinə 1-2 dəfə çağırıb söhbət edə bilərlər. Bunu görüntü xatirinə, ”Eldar Mahmudovun heç bir səlahiyyəti yoxdur” düşüncəsini formalaşdırmaq üçün edə bilərlər”.

İlham İsmayıl “MTN işi” üzrə Eldar Mahmudovun statusunun ictimaiyyətə açıqlanmamasından da danışıb: “Belə nəticə çıxarmaq olur ki, Eldar Mahmudovun əlində kompromatlar var. Eldar Mahmudovun 4 ildir ki, azadlıqda qalmasının başqa məntiqi izahı yoxdur. Bu işdə hüquqdan söhbət getmir. Çünki Eldar Mahmudovun həbsi üçün hüquqi əsaslar o qədər uzaqdan görünür ki…”

İlham İsmayıl deyir ki, onun həbs edilməməsinin kökündə Eldar Mahmudovun hərəkətləri, perspektiv addımlarından çəkingənliyin dayandığını da istisna etmir: “Eldar Mahmudov 4 il əvvəl vəzifədən çıxarılıb. Ona tabe olan şəxslər həbsə alınıb. Ona isə dəyməyiblər. Onun vəzifəyə təyinat alma ehtimalı qalır”.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunub. Həmin dövrdə Eldar Mahmudov barəsində hər hansı bir məlumat verilməyib. 2017-ci ilin noyabrında V.Mahmudov tutulandan sonra 4 dəfə istintaqa dəvət olunub, sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. 2018-ci ilin iyununda isə sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər çıxmayıb…
“Yeni Müsavat”

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …