Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Ekspertlər: “İqtisadi islahatlarla bağlı keçirilən onlayn sorğu çox əhəmiyyətlidir”

Ekspertlər: “İqtisadi islahatlarla bağlı keçirilən onlayn sorğu çox əhəmiyyətlidir”

“Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimaiyyətin təkliflərinin öyrənilməsi təşəbbüs olaraq müsbət haldır”.
Bu barədə deputat Vahid Əhmədov Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) onlayn sorğusuna münasibət bildirərkən deyib.
“Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu işlə məşğuldursa, əhalinin maraqlarına cavab verən məsələləri öyrənmək istəyirlərsə, bu özü müsbət haldır. Prezident iqtisadi islahatlara özü rəhbərlik edir. İqtisadi silahatları həyata keçirən orqan hökumət olmalıdır. Hökumət birbaşa dövlət başçısına tabedir. Əlbəttə, hökumət burada çevik işləməlidir”, – deyə V.Əhmədov qeyd edib.

Millət vəkili bildirib ki, əsas məsələ təkliflər deyil, həmin təkliflərin həyata keçirilməsidir: “İqtisadi islahatlara start verilib. Amma iqtisadi islahatlar ləng aparılır. Birinci, bank sisteminin sağlamlaşdırılmasını həll etmək lazımdır. Vəziyyət ürəkaçan deyil. İkincisi, qeyri-neft sektorunun inkişafına əlavə vəsaitin qoyulmasına ehtiyac var. Ola bilər ki, xaricdən vəsaitin alınmasına ehtiyac var. Yəni, kompleks tədbirlər həyata keçirilməli, çevik siyasət aparılmalıdır. Əsas, təklif vermək deyil, bunları yerinə yetirmək lazımdır. Onsuz da bütün ictimai təşkilatlar, QHT-lər mütəmadi olaraq müəyyən təkliflər verirlər”.

Müstəqil iqtisadçı Samir Əliyev bildirib ki, dövləti təmsil edən qrup yaxud hansısa təşkilat ictimaiyyətə müraciət edirsə, əlaqə yaratmağa cəhd edirsə bu, alqışlanmalıdır.

“Amma yaxşı olardı ki, bu tipli addımlar daha da təkmilləşsin. Adıçəkilən qurum Yol Xəritəsi çərçivəsində rayonlarda görüşlər keçirir və bunu müzakirə edir. Amma bu müzakirənin formatını bir qədər dəyişmək daha yaxşı olardı. Əgər Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı yol xəritəsi hazırlanırsa və burada rəy lazımdırsa, bunu gedib hansısa fiziki və statik tədbir keçirmək yox, sırf beyin mərkəzləri, ekspertlərlə, müstəqil ekspertlərlə, iqtisadi sahədə savadı olan şəxslərlə, yaxud sahibkarlar birliyini təmsil edən qurumlarla keçirmək daha yaxşı olardı. Rayonlarda səslənən çıxışlar daha çox texniki xarakterli təkliflərdir”, – deyə ekspert vurğulayıb.
“Düşünürəm ki, qərarlar qəbul edilərkən mütləq bütün rəylər nəzərə alınmalıdır. Bu tipli addımlar əvvəllər də atılıb və yarımçıq saxlanılıb. Bu proses nə qədər davam edəcək, yaxud rəylər nə dərəcədə nəzərə alınacaq, bu, çox vacibdir. Ən əsası islahatlar çox vacibdir. Hesab edirəm ki, neft bahalaşsa da Azərbaycan neftdən imtina etməli və qeyri-neft sektorunun inkişafına çalışmalıdır”, – deyə S.Əliyev qeyd edib.

Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri Fikrət Yusifov da hesab edir ki, sözügedən sorğunun keçilməsi ölkədə iqtisadi islahatların düzgün istiqamətdə aparılmasını təmin edəcək: “Bu cür sorğular islahatların effektivliyi baxımından çox müsbətdir. Qəbul edilmiş qərarlarda mövcud çatışmazlıqların aradan qaldırılması üçün ictimaiyyətin rəyinin öyrənilməsi çox vacibdir. İstənilən iqtisadi islahatdan əvvəl və sonra sorğu keçirilməlidir. Yəni, öyrənilməlidir ki, ictimaiyyət nə istəyir və islahat özünü nə dərəcədə doğrulub, necə nəticə verib. Məsələn, bir qədər əvvəl gömrük-keçid məntəqələri ilə bağlı müəyyən qərarlar qəbul edilib. İctimai rəyi öyrənməklə araşdırılmalıdır ki, yeni mexanizmlər necə işləyir”.

Onun sözlərinə görə, bu məsələnin dövlət başçısının nəzarətində olması aidiyyəti vəzifəli şəxslərin məsuliyyət hissini də artıra bilər: “Azərbaycanda bütün islahatların, təşəbbüslərin müəllifi Prezidentdir. O, imzaladığı fərman və sərəncamların necə icra olunduğunu bilmək istəyir. Bu, aidiyyəti vəzifəli şəxslərin məsuliyyətini artırır. Çünki onlar bilirlər ki, ölkə başçısı vəziyyətə nəzarət edir. Son nəticədə imzalanmış sənədlər vaxtında və keyfiyyətli icra olunur”.
Xatırladaq ki, son aylarda iri ticarət şəbəkələrinin (supermarket) vergi güzəştləri xahiş etmələri ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İİTKM onlayn qaydada sorğu keçirir. Sorğunun keçirilməsində məqsəd Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı ictimai rəy və yeni islahat təklifləri ilə bağlı fikirlərin öyrənilməsidir.
İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda aşağıdakı suala dair təklifləri bildirmək xahiş olunur: “Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?”
Sorğuda mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilər. Təkliflər İİTKM-nin internet saytı (http://iqtisadiislahat.org/online-application) vasitəsilə çatdırıla bilər.(report.az)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın