Cümə , Fevral 23 2024
Ana səhifə / Kriminal / Əjdər Ol Ali Məhkəmədə işinə baxılmasını istəmir

Əjdər Ol Ali Məhkəmədə işinə baxılmasını istəmir

2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyevin vəkili onun haqqında çıxarılmış hökmlə əlaqədar Ali Məhkəməyə şikayət vermişdi. Vəkil Teymur Baloğlanovun verdiyi kassasiya şikayəti üzrə dekabrın 6-da Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyilə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Əjdər Cəbiyevə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Apelyasiya məhkəməsi bu cəzanı 3 ay azaltsa da, özü və vəkili bu nəticə ilə razılaşmırdı. Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət verilmişdi.

Dekabrın 5-də məhkəmədə məlum olub ki, Əjdər Cəbiyev Ali Məhkəmədə işinə baxılmasını istəmir. O, vəkilinin verdiyi şikayəti geri götürüb. Bu barədə məhkəməyə ərizə göndərib.

Ərizəyə münasibət bildirən prokuror deyib ki, şikayətini geri götürmək şəxsin prosessual hüququdur və təmin olunmalıdır.

Hakimlər də onun ərizəsini təmin edərək, şikayətə baxılmamasına qərar verib.

Əjdər Cəbiyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilir.

Əjdər Cəbiyev 2004-2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri işləyib. Bu illərdə Səlim Müslümov da adıçəkilən qurumlara rəhbərlik edib.

İttihama əsasən, Əjdər Cəbiyev Fondda işlədiyi dövrdə bu qurumun müxtəlif rayonlar üzrə şöbələrində işə götürmək üçün ayrı-ayrı adamlardan rüşvət alıb, müxtəlif yollarla yeyintilərə yol verib. Əjdər Cəbiyev həmçinin nazirliyin tabeliyindəki obyektlərin, şəhid ailələri, müharibə əlilləri üçün binaların tikintisi, avadandanlıqların alınması zamanı qiymətlərin şişirdilməsi, artıq köçürülən vəsaitlərin geri qaytarılması yoluyla külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirləndirilir. İddia olunur ki, sabiq Aparat rəhbəri bütün bunları nazir Səlim Müslümovla əlbir olaraq həyata keçirib.

Əjdər Ol haqqında cinayət işində korrupsiya nəticəsində dəymiş ziyanın ümumi məbləğinin 500 min manatdan artıq olduğu bildirilir. Məhkəmədə məlum olub ki, yeyinti nəticəsində dəymiş ziyan ödənilib.

Sabiq Aparat rəhbəri məhkəmədə özünü təqsirli bilib: “Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam…”

O, əlavə edib ki, əldə olunan vəsaitləri özünə yox, nazirlikdə başqa xərclərə sərf edib.

Əjdər Cəbiyev 2021-ci ilin fevralında – Səlim Müslümovun həbsindən az sonra tutulub. Onların hər ikisinin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Sabiq Aparat rəhbəri haqqında cinayət işi dekabrda keçmiş nazirin işindən ayrılaraq, məhkəməyə göndərilib.

Səlim Müslümov il yarıma yaxın DTX-nın istintaq təcridxanasında həbsdə saxlandıqdan sonra 2022-ci il mayın 26-da ev dustaqlığına buraxılıb. İl yarımdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazirin məhkəməsi gedir. O, 27 milyonluq yeyinti və rüşvətalmada təqsirləndirilir. Sabiq nazir məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Həmçinin oxuyun

Sahə rəisinə rüşvət ittihamı ilə cinayət işi açılıb

Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasov haqqında cinayət …