Ana səhifə / Kriminal / DSMF-nin rüşvətə görə tutulan sabiq əməkdaşına 8 il həbs cəzası verildi

DSMF-nin rüşvətə görə tutulan sabiq əməkdaşına 8 il həbs cəzası verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq əməkdaşı Bayramov Fariz Nəriman oğlunun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş F.Bayramov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.


Aparılan istintaq zamanı F.Bayramov xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunmasına kömək edəcəyi müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülən ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməsinə və sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


F.Bayramovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Pravda.az

Həmçinin oxuyun

Alimpaşa Məmmədovdan XƏBƏR VAR

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə …