Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Dövləti milyon manatlarla ziyana salan məmur azadlığa çıxır

Dövləti milyon manatlarla ziyana salan məmur azadlığa çıxır

Rabitə Nazirliyinin sabiq aparat rəhbərinin əmlaklarını da özünə qaytarırlar

Azərbaycanda məhkəmələrin çıxardığı hökm və qərarları ötəri tutuşdurmaq yetərlidir ki, obyektiv nəticə ortaya çıxsın. Məsələn, 10 min manatlıq dələduzluq edib həbsə alınan birinə 12 il 6 ay həbs cəzası verirlər. Azərbaycanda belədir, məhkəmə kimə quyruqlu – yəni əsas cəzaya 6 ay əlavə iş veribsə-məsələn, 10 il 6 ay, 7 il 6 ay- deməli, həmin cəza verilən şəxsin azadlığa çıxması müşkül məsələdir. Vidadi Zeynalova 13 il cəza veriblər. Yəni cəzası quyruqsuzdur, 6 ay söhbəti  yoxdur.

Vidadi Zeynalov dövlətə 7 milyon 335 min manat ziyan vurub. Ümumilikdə isə başının dəstəsi ilə dövləti 73 milyon 590 min manat ziyana salıb. Buna görə 2 il əvvəl tutulmuşdu. İndi isə azadlığın astanasındadır.

Bir qədər geriyə qayıdıb qeyd edək ki, işin məhkəmədə araşdırılmasına görə uzun-uzadı proseslər keçirildı, Vidadi Zeynalova 13 illik həbs cəzası verildi. Az keçmədi ki, bu cəza 4 ilə endirildi. Nəzərə alsaq ki, o, 2015-ci ildə həbs olunub, bu yaxınlarda şərti azadlığa çıxa biləcəyini də söyləyə bilərik. Eldar Mahmudov vəzifəsindən çıxarılandan və MTN-də məlum yoxlamalar, həbslər gerçəkləşdiriləndən bir neçə gün sonra – 2015-ci ilin noyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də qəfil yoxlamalar aparıldı. RYTN Aparatının rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev, Qəmbər Bəybalayev, Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov və Bayram Vəliyev saxlanıldılar. V.Zeynalov  2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilmişdi. O,  qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Barəsindəki hökmdən V.Zeynalov apelyasiya şikayəti verdi və 13 il azadlıqdan məhrum etmə cəzası 4 ilə endirildi. Məhkəmə bununla yanaşı, Vidadi Zeynalov və digərlərinin əmlakları üzərinə qoyulan həbsi də götürüb.  Həmin siyahıda V.Zeynalovun əmlaklarının çoxluğu diqqət çəkir:

– Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan 2 mənzil, qohumu Bəxtiyar Nuriyevin adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus 1 mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan 3 mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus 1 mənzil və 1 qeyri-yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha 1 neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi;

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri-yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.

Bundan əlavə, digər təqsirləndirilən şəxslərə məxsus əmlaklar üzərindən də həbs götürülüb.

Həmin əmlaklara tətbiq edilmiş müsadirəyə aid hissə hökmdən xaric edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri 313-cü maddə üzrə cəza təyin etmə müddəti keçdiyindən həmin maddə hökmdən xaric edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa çıxıb. Bununla da 2 il əvvəl başlanan hay-küylü “Rabitə işi”nin 2-ci raundu – apelyasiya mərhələsi bitib. Qalır V.Zeynalovun Ali Məhkəmə qərarı ilə azadlığa buraxılması. Yaxın gələcəkdə bunun da şahidlərinə çevrilə bilərik.

Bu oyunlarda uduzan tərəf dövlət, udan tərəf isə korrupsiya bataqlığında firavan həyat sürən məmurlardır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …