Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dövlət qurumlarının vergi borcu silinməlidirmi? 

Dövlət qurumlarının vergi borcu silinməlidirmi? 

Dövlət qurumlarının vergi borcu silinməlidirmi? İqtisadi təhlilçilərin fikrincə, yox. Elə Vergilər Nazirliyi də belə düşünür.

Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanununa görə, vergi ödəyicilərinin vergilərin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borcları silinir.

Vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının bir qismi tamamilə silinir, digər qismi üçün isə güzəştlər tətbiq edilir.

Vergilər Nazirliyi bildirir ki, yeni qanunla silinən məbləğlər vergi borcu yox, həmin borcun ödənilməməsinə görə yığılmış faizlər və bəzi maliyyə sanksiyalarıdır.

Qanun ötən həftə imzalanıb və ondan faydalanacaq hüquqi və fiziki şəxslərin siyahısı bu həftə Vergilər Nazirliyinin rəsmi saytında yayımlanıb.

Siyahıya görə, vergi borcu olan dövlət qurumları Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsinin təxminən, 22 milyon 676 min, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin 14 milyon 145 min, “Azərsu” Açiq Səhmdar Cəmiyyətinin 13 milyon 692 min, Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin isə 4 milyon 175 min dəyərində faiz və maliyyə sanksiyaları silinib.

“Borc silinməyib”

Vergilər Nazirliyinin sözçüsü Şahin Məmmədov bildirir ki, yeni qüvvəyə minmiş qanun heç bir qurumun və ya şəxsin vergi borcunu silməyib. Onun sözlərinə görə, silinən məbləğlər faiz və maliyyə sanksiyalarıdır.

Qurum sözçüsü deyir ki, ödənilməyən vergi borcları üçün hər gün faiz hesablanır. Əgər borc böyük məbləğdirsə, faizlər aylarla, illərlə yığıldığı zaman ortaya iri məbləğlər çıxır.

“Söhbət vergi borcundan getmir, vergi borcu qalır, o, icra edilməlidir”, deyən Şahin Məmmədov yığılmış faiz və maliyyə sanksiyalarınnı bir gün ümidsiz borclara çevrilə biləcəyi ehtimalını da vurğulayır.

Nazirlik sözçüsü deyir ki, bu qanunla kiçik sahibkarların izafi maliyyə yükü silinib.

İqtisadi təhlilçilər isə ölkə prezidentinin imzaladığı və bu ilin yanvar ayının 1-dən qüvvəyə minən “vergi amnistiyası”nın bir neçə dövlət büdcəsindən maliyyələşən qurumlara aid edilməsini doğru saymır.

Onlar dövlət büdcəsindən maliyyələşən qurumların necə vergi borcu yarana biləcəyini sorğulayır.

Cənab Məmmədov isə deyir ki, bu, qurumların dövlət sifarişləri yerinə yetirilərkən görülən işlər çərçivəsində yaranmış borclarıdır.

Böyük məbləğlər

İqtisadçı Qubad İbadoğlu amnistisiya siyahısına düşmüş Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsindən (AİHOƏK) danışaraq bildirir ki, bu qurum yeni işə başlayıb və fəaliyyəti əsasən bu il nəzərdə tutulur.

İqtisadçının sözlərinə görə, faizlər əsas borcun 1 faizi miqdarında birinci il ərzində hesablanır.

“Belə olan halda AİHOƏK-in əsas borcunun hansı məbləğdə olmasını təssəvvür etmək o qədər də asan deyil, çox güman ki, burda yüz milyolardan söhbət gedir”, iqtisadçı qeyd edir.

Bu vəziyyəti Vergilər Nazirliyinin sözçüsü də qəbul edir və bildirir ki, əsas borcların məbləği böyükdür.

Qaytarılmayacaq borclar

İqtisadçı Azər Mehtiyev bu qanundan danışarkən, belə bir qanunun ortaya çıxarılmasının səbəblərini və bu borcların necə yarandığını sorğulayır.

İqitsadçı dövlət qurumlarının vergi amnistiyasından yararlanması ilə razı deyil və hesab edir ki, qanunda bu nəzərə alınmalı və qadağan olunmalı idi.

“Dövlət qurumlarına büdcədən vəsait ayrılır və bu zaman vergilər nəzərə alınır. Həmin vəsaitlərin niyə ödənilməməsi ortaya çıxmalıdır. Dövlət qurumlarının bu cür vergi borclarından azad olunması yolverilməzdir”, o deyir.

Cənab Mehtiyevin sözlərinə görə, vergi borclarının silinməsi ilə bağlı məsələ özəl strukturlarda gündəmə gələ bilər ki, bu hal sahibkarlığın inkişafına dəstək olsun.

İqtisadçı Natiq Cəfərli düşünür ki, qanunda nəzərdə tutulmuş sanksiya da vergidir və o, dövlət büdcəsinə verilməsi olan məbləğin silinməsini qəbul etmir.

Cənab Cəfərlinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən təşkilatların vergi ödənişinin gecikdirilməsi hesabatlılığın şəffaf olmaması, idarəetmədə olan problemlər, işin düzgün təşkili olunmamasından qaynaqlanır.

“Dövlət büdcəsindən maliyyələşən qurumların dövlət büdcəsinə də borcu yaranıbsa, onun silinməsi məlumun elanıdır. O borclar qaytarılmayacaq deyə, defakto yaranmış bir vəziyyəti qanuniləşdirdilər”, o bildirir.

İqtisadçı hesab edir ki, hazırda borcun nədən yaranmasına diqqət yönəltmək lazımdır ki, gələcəkdə bu hal təkrarlanmasın.

Bununla yanaşı o qeyd edir ki, borcların silinməsi müəssisə rəhbərlərində məsuliyyətsizlik hissi də yarada bilər.

“Bu amnistiya deyil”

İqtisadçı Zöhrab İsmayıl isə bu qanunun vergi amnistiyası adı verilməsi ilə razı deyil. O hesab edir ki, qanuna o zaman vergi amnistiyası demək olar ki, bütün borclar ləğv olunar və hanısa bir tarixdən yeni qaydalar başlayardı.

“Vergi amnistiyası adlanır, amma heç kimin təminatı yoxdur ki, 3 ay bitəndən sonra yenidən o borclar yaranmayacaq”, o deyir.

İqtisadçı bu qanunun iqtisadi əhəmiyyətinin yüksək olacağını sanmadığını qeyd edir.

“Bu indiki dövrdə ola bilsin, dövlət büdcəsi üçün müəyyən əhmiyyət daşıya bilər, amma bunu vergi amnistiyası adlandırmaq və böyük bir dəyişikliklərə səbəb olacağını düşünmək məncə yalnış olar”, iqtisadçı bildirir.

Hüquqşünas Əkrəm Həsənov isə qanunun sahibkarlar üçün faydalı ola biləcəyini vurğulayır.

“[Qanun] sahibkarlar üçün yüngüllük yaradacaq ki, fəaliyyətini davam etdirsin”, o deyir. (BBC)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın